Azinforum.az Azərtac-a istinadən xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Solistlər Xalq artistləri Fərhad Bədəlbəyli, Yeganə Axundova, Murad Hüseynov, Murad Adıgözəlzadə olan gecədə Xalq Artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri çıxış edib.

Konsert proqramında Corc Qerşvin fortepiano və orkestr üçün konsert, Pablo Maskanyinin “Kənd namusu” operasından “Payız gülləri”, Fransis Pulenkin iki fortepiano və orkestr üçün konserti, Sergey Raxmaninovun iki fortepiano üçün 2 saylı süita əsərləri səsləndirilib.

Tamaşaçılar tərəfindən maraqla qarşılanan konsertdə ən yaddaqalan məqam yubilyarın həm də dirijor kimi səhnəyə çıxması olub.

Qeyd edək ki, Bakıda görkəmli rejissor, Azərbaycanın Xalq Artisti Şəmsi Bədəlbəylinin ailəsində dünyaya göz açan Fərhad Bədəlbəyli 1965-1969-cu illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (professor M.R.Brennerin sinfində), 1969-1971-ci illərdə isə P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında (dosent B.Davidoviçin sinfində) oxuyub. Hələ gənc yaşlarından böyük uğurlara imza atan pianoçu qısa bir vaxtda şöhrət qazanıb. O, dünyanın müxtəlif – Bolqarıstan, Yunanıstan, Danimarka, İsrail, İtaliya, Kuba, Norveç, Portuqaliya, Tunis, Türkiyə, Finlandiya, Fransa, Çexoslovakiya, İsveçrə, Yaponiya və başqa ölkələrində mədəniyyətimizi layiqincə təmsil edib. Hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasına rəhbərlik edən Fərhad Bədəlbəyli gənc ifaçıların yetişməsində yorulmadan fəaliyyət göstərir.