Ana səhifə / Cəmiyyət / Eynulla Fətullayev: “Hollandlarla evlənin, almanlara ərə gedin”

Eynulla Fətullayev: “Hollandlarla evlənin, almanlara ərə gedin”

Virtualaz.org və haqqin.az informasiya-analitik portallarının baş redaktoru Eynulla Fətullayev Azərbaycan diasporunun nümayəndələrinə yaşadıqları ölkələrin cəmiyyətlərinə daha sıx inteqrasiya etmələri ilə bağlı çağırış edib.

Azərbaycanlıların Avropa Konqresinin Amsterdamda keçirilən altıncı qurultayındakı çıxışında Eynulla Fətullayev təəssüflə bildirib ki, son zamanlar azərbaycanlılar ermənilərin səhvlərini təkrarlayır.

“Biz onlara oxşamaq istəyirik. Bizdə hər şey ağlamaqla bağlıdır. Halbuki diasporun formalaşması prosesinin alternativi var. Məsələn, yunanların və ya italiyalıların ABŞ-da güclü diasporu. Mən anlayıram ki, onlarda soyqırımı yoxdur, amma biz ağrı hiss edirik. Ancaq bu bizim diaspora siyasətimizin künc daşına çevrilməməlidir. Mənim fikrimcə, bu səhvdir. Biz ağrımız haqqında danışmalıyıq, lakin bütün diaspor siyasətimizi belə ağlaşma üstündə qurmaq olmaz. Biz dünya ermənilərinin taleyüklü səhvini, hansı ki, tarixi ağlamadan başlayıb, təkrarlamamalıyıq”, – o deyib.

Eynulla Fətullayev qeyd edib ki, Azərbaycan diasporunun daha bir səhvi odur ki, o, yaşadığı ölkələrin cəmiyyətlərinə həvəssiz inteqrasiya edir.

“Mən həmişə xaricdə yaşayan azərbaycanlılara deyirəm ki, hollandlarla evlənin, almanlara ərə gedin. Bəs onlar? Azərbaycana gedir, biləsuvarlılarla, masallılarla evlənir və onları dartıb bura – Hollandiyaya gətirirlər. Sonra onlar Azərbaycan telekanallarına baxır, Azərbaycan KİV-lərini izləyirlər. Vüsalə Mahirqızını unudun, Rauf Arifoğlunu unudun! Siz hollandlara baxmalı və onlara qulaq asmalısınız. Siz yerli telekanallarda çıxış etməlisiniz. Əlbəttə, tarixi vətəninizlə və mənbələrlə əlaqələrinizi də kəsməməlisiniz. Amma yadda saxlayın ki, bununla birlikdə, siz yerli cəmiyyətin dəyərli üzvləri olmalısınız”, – Eynulla Fətullayev deyib.

Jurnalist qeyd edib ki, çoxları Avropaya köçmək istəyir və Avropa həyatı kifayət qədər cazibədardır. Amma bununla birlikdə, bu gün azərbaycanlılar prezident İlham Əliyevin sayəsində Avropa Azərbaycanını qururlar.

“Bizim hamımızın bəxti onda gətirib ki, bizim Avropa düşüncəli, müasir prezidentimiz var. Hansı ki, Azərbaycanın gələcəyini Avropa simasında təcəssüm etdirir. Buna görə biz müasir Azərbaycanı təmsil edir və sizi onu təbliğ etməyə çağırırıq”, – o deyib.

Eynulla Fətullayev həmçinin bəzi siyasi mühacirlərin Avropada Azərbaycana və prezident İlham Əliyevə qarşı kampaniyalar təşkil etmələrinə toxunub: “Siz burada bu hay-küyçüləri görürsünüz, hansı ki, xarici görünüşlərini dəyişiblər və çoxlarından fərqli olaraq, yerli cəmiyyətə yaxşı uyğunlaşırlar. Və budur, onlar hər yerdə plakatlar və vərəqələr yapışdırır və bizim prezidentimizə qarşı təbliğat aparırlar. Bu halda siz nə etməlisiniz? Onlara qarşı çıxmaq, onlarla dalaşmaq… Bu 1992-ci ilə qayıdışa açıq çağırışdır. Xatırlayın ki, onlar Azərbaycanla nələr etmişdilər? Vətəndaş müharibəsi baş vermişdi. Siz məhz onlara görə buralara köçdünüz. İndi onlar yoxdur, İlham Əliyev var. Amma biz burada nə görürük? Zibil çənləri üzərində Azərbaycana qarşı plakatlar yapışdırırlar. Siz onların özlərini zibil çənlərinə atmalısınız. Mən sizin hamınızı fəal olmağa çağırıram”, – deyə jurnalist vurğulayıb.

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …