Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / “Evdə nəvəm soruşur ki, niyə babamız haqda bu sözləri deyirlər?”

“Evdə nəvəm soruşur ki, niyə babamız haqda bu sözləri deyirlər?”

Qalib Salahzadə partiya sədrlərinə hücuma keçdi, Rəsul Quliyevin gizli maliyyələşməsindən danışdı, MMP sədrindən ağır cavab

Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyevin bütün Qafqazın şeyxi Hacı Allahşükr Paşazadəni hədəf almasına qudası Hacı Qalib Salahzadə kəskin reaksiya verib. O, şeyxin ətrafına baş verənlərə reaksiya verməməyi tapşırdığını deyib. Bildirib ki, Hafiz Hacıyevin, eks-spiker Rəsul Quliyevin şeyxə yönəlik çıxışları dözülməz hal alıb.

“Hafiz Hacıyev şeyxin dalınca ağlına-ağzına nə gəldi danışır. Rəsul Quliyev də şeyxin əleyhinə danışır. Deyir ki, şeyx getməlidir, İran belə gəldi… Ay Hafiz Hacıyev, 1990-cı ildə rus qoşunu Bakıya rayonlardan gələn yolları bağlayanda harada idin? 20 Yanvar törədiləndə sən harada idin? Niyə Rəsil Quliyev, Hafiz Hacıyev o zaman çıxıb Qorbaçova qarşı səslərini çıxarmırdılar? Bu gün bu adamlar şeyxə qarşı təxribat törədirlər. Rus agentinin ən böyüyü Hafiz Hacıyevin özüdür. İranın ən böyük agenti Hafiz Hacıyevdir. Şeyx dini rəhbərdir, bu nə sözlərdir dalınca deyirsiz? Niyə Azərbaycanda olan ağıllı-savadlı hacılar bu cür adamların cavabını vermirlər? Siz də hacısız, mən də. Çıxın sözünüzü deyin”, – deyə Hacı Qalib bildirib.

O deyib ki, Hafiz Hacıyev İran agentidir: “Evdə nəvəm soruşur ki, niyə babamız haqda bu sözləri deyirlər? Uşaqdır, ona demirəm, amma alçaqlıq, vicdansızlıq edib bu sözləri deyirlər. Sən Hafiz Hacıyev İranın agenti deyilsənsə, necə olur ki, birbaşa efirdə İranın Azərbaycandakı keçmiş səfiri Əhəd Qəzai ilə əlaqə saxlayıb danışırsan? Bu adam Azərbaycandan çoxdan gedib. Niyə Əhəd Qəzainin nömrəsi başqalarında yoxdur, səndə var? Biz zəng etsək, o, bizim zəngimizə cavab verər? Hafiz Hacıyev, sənə sübut edirəm ki, sən İran agentisən. Hafiz Hacıyev Rusiyaya da işləyir. Prezident mənim qardaşımdır deyir, adam qalmayıb ki, şantaj etməsin. Rəsul Quliyevin barəsində bu gün də erməni ilə şərik olması, 48 milyon yeyintisi haqda cinayət işi var. 48 milyon dollar dövlətin pulunu yeyib. Bu yalnız bir epizoddur”.

Hacı Qalib Salahzadə Bakıdakı İran Mədəniyyət Mərkəzinin rəhbəri, Azərbaycanda Vəliyyi Fəqihin nümayəndəsi Ocaqnicatın hədəf götürülməsinə qarşı çıxıb: “Ocaqnicat ağanı mən ağlım kəsəndən yaxşı insan kimi tanıyıram. O, Azərbaycan xalqına, İran xalqına əlindən gələn köməyi edən adamdır. Deputat olanda da, şeyxlə oturub-duranda da görmüşəm ki, Azərbaycan xalqı ilə İran xalqının arasında yaxşı münasibət qurmağa çalışır. Ocaqnicat ağa din xadimidir, İranda, Azərbaycanda hörmətli hacıdır. Ona da daş atır, agent deyir. Hamıya daş atırsız, bəs kim qaldı?”

Hacı Qalib Salahzadə deyir ki, Hafiz Hacıyev vaxtilə qara kürü, balıq alverinə görə, dövləti aldatdığına görə həbs olunub: “Mənim Bilgəhdə vətəgəm, 16 gəmim vardı. Böyük bir donanmam var idi. Qayıq deyil, məhz gəmilər idi donanmamda. Hafizi də ”AzərBalıq” Dövlət Konserninin sədri qoymuşdular. Gəlib deyirdi ki, balığı, kürünü bizə satın. 1 manata alıb aparıb Amerikada 10 manata satırdı. Mən orada vətəgəyə direktor Adil Mirseyid oğlu adlı bir adamı təyin eləmişdim. Hafizi həbs elədilər, o da Adilin üzünə dayandı. Guya vətəgələr bunların olub. O vaxt dostlarımdan xahiş elədim, baş prokuror olan Eldar Həsənovun qəbuluna getdim. Dedim ki, Eldar müəllim, bu, seyid adamdır, Hafiz də konsern sədri. Gəlib deyib ki, qara kürünü mənə sat, o da satıb. Satan üçün nə fərqi ki, ikranı kim alır. Adili Eldar Həsənov buraxdı. 1 qara qəpiksiz azad etdilər. 32 ildir Səudiyyəyə gedib-gəlirəm. Orada azərbaycanlılara o qədər böyük hörmət görmüşəm. Səudiyyə Krallığında Azərbaycana qarşı hörmətin canlı şahidiyəm. Bu gün daxildə şeyxə, onun ailəsinə qarşı ağızlarına gələni danışırlar. Mənimlə Rəsul Quliyevin arasında olan söhbət 10 il əvvəl bitib qurtarmışdı. 10 il sonra şeyxin söhbətini atırlar ortaya, Rəsul Quliyev torpağı Ağasifə bağışlayır, torpağı alırlar. Orada 60 sot torpaqdan deyil, 25 miyondan söhbət gedir. Bunlar istəyirlər ki, torpağı Qod Nisanova satsınlar, müxalifətçi Rəsul Quliyevi bu cür yollarla maliyyələşdirsinlər. Bunu edənlərdən biri Kərəm Həsənovdur. 10 il əvvəl ləğv olunan çıxarışlarla torpaq alırlar. Bunlar istəyirlər ki, şeyxin adını çəkib mənim dilimi qısa eləsinlər. Bu bir siyasətdir. Mən bu işləri kimlərin etdiyini bilirəm. Vaxtilə Hafizin bir yerlisi şeyxlə qarşı-qarşıya gəlib, indi də o düşmənçiliyi davam etdirirlər. Burada əsas məqsəd odur ki, məni susdursunlar, danışmayım. Şeyx hamıya embarqo qoyub ki, danışmayın. Qohum-qardaşdan bir adam çıxıb şeyxin qadağasına görə danışa bilmir. Bu da ağzına gələni danışır, nə istəyir deyir”.

Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyev Hacı Qalib Salahzadənin onun ünvanına söylədiyi ittihamlara cavab verib. “Yeni Müsavat”a deyib ki, İrana casusluq edənlər Azərbaycandan qovulacaq: “Bəli, mən səfir Əhəd Qəzai ilə tanışam. O, Azərbaycanda olandan münasibətlərimiz var. Bu gün Əhəd Qəzai məni deyil, Hacı Qalibin qudası Allahşükürü müdafiə edir. Onlar İrana casusluq edirlər. Biz imkan verməyəcəyik ki, Allahşükürün tör-töküntüləri, nəzir qutusundan pul yığanlar gəlib Azərbaycanda dini dövlət qursunlar. Ona görə də bu adamlar çox yaxın zamanda bir-bir həbsə gedəcəklər. Onun kimilərin bir çoxunun quyruğunu kəsib İrana göndərmişik”.

Hafiz Hacıyev deyib ki, Hacı Qalib Salahzadəni yaşadığı Bilgəh qəsəbəsində vətəndaşların torpaqlarını zəbt etməklə məşğul olan biri adlandırıb: “Bu adamlar din pərdəsi altında gizlənib ”moşenniklik”lə məşğuldular. Bunların dini-imanı, vətəni yoxdur. Ancaq pul, xalqı aldatmaq, vətəndaşların torpaqlarını zəbt etməklə məşğuldurlar. Hacı Qalibin böyüyü bizim qabağımızda duruş gətirə bilmir, belə cılız adamları qabağımıza çıxarır. Belələrinə əhəmiyyət vermirəm. İran agentləri nə istəyir danışsınlar. Çox yaxın zamanda hamısı həbsə gedəcək”.

Həmçinin oxuyun

DTX 105 yaşında – VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. Azinforum.az xəbər verir ki, qurumun sosial …