Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / “Etibar Məmmədov vəzifəyə gətirilir” şayiəsi AMİP-i yenidən dirçəldir – ŞOK PROSES

“Etibar Məmmədov vəzifəyə gətirilir” şayiəsi AMİP-i yenidən dirçəldir – ŞOK PROSES

Son günlər Azərbaycanın ən klassik siyasi partiyalarından sayılan AMİP-in orbitində ciddi canlanma hiss olunur. Buna səbəb kimi uzun müddət siyasi arenadan kənarda olan partiyanın lideri Etibar Məmmədovun birdən-birə meydana ciddi tənqidi açıqlama ilə zühr etməsi göstərilir. Etibar Məmmədov bugünlərdə iştirak etdiyi toplantılardan birində Azərbaycanda hökümətin “yatdığını” və effektiv fəaliyyət göstərmədiyini bəyan edərək, yeni funksional quruma ehtiyac olduğunu bildirib. AMİP liderinin bu jesti siyasi kularlarlarda birmənalı qarşılanmayıb.

Bu, onun çevrəsinə yaxın olan dairələrin fəallaşmasına, istəməyənlərin isə ciddi narahatçılığına səbəb olub. Təsadüfi deyil ki, məhz həmin açıqlamadan sonra , Etibar Məmmədovun üzərinə mediada hücumlar təşkil edildi. AMİP liderinin təsadüfən belə danışmadığını iddia edən bəzi regional güc mərkəzləri öz tərəfdarları arasında Etibar Məmmədovun icazəli danışdığını və bu yaxınlarda hansısa yüksək posta təyin olunacağı ilə bağlı şayiə yaymağa başladılar. Hətta bəzi iddialar sırasında Etibar Məmmədovun baş nazir və ya vitse-prezidentlərdən biri olacağı da yer alır.

Əldə etdiyimiz məlumata görə, hadisələrin bu cür gedişatı uzun illərin “qış yuxusu”na gedən AMİP üçün də sərfəli görünür. Partiyaya yaxın olan mənbələrdən aldığımız məlumata görə, Etibar Məmmədovun son jesti və həmin mövzu ətrafında gəzən söz-söhbətlər AMİP-ə marağı çox artırıb. Hətta insanların kütləvi şəkildə partiyaya üz olmaq istədikləri də bildirilir. Əsasən də, partiyanın nüvəsini təşkil edən Qərbi Azərbaycandan olan şəxslərin bu istiqamətdə xüsusi fəallığı nəzərə çarpır. AMİP funksionerlərinin bu mövzu ətrafında verdikləri açıqlamaların məzmunu da prosdə əlavə katalizator rolunu oynamağa başlayıb.

“Xalq öz liderinə inanır və istənilən vaxt onun ətrafında birləşə bilər” kimi bu qəbildən olan açıqlamalar AMİP-in hansısa ciddi prosesə hazırlaşdığı təəssüratını yaradır. Qeyd edək ki, Yusif Bağırzadənin qəfil istefasından sonra, AMİP uzun müddətdir sədrsiz fəaliyyət göstərir. Etibar Məmmədovun partiya sədrliyinə kiminsə gətirilməsinə tələsməməsi çox güman ki, onun aktiv siyasətə dönmək istəməsilə bağlıdır. Yəqin ki, proseslərin gedişinə uyğun olaraq, Etibar Məmmədovun yenidən aktiv siyasətə qaydışı və partiyaya rəhbərlik edəcəyi gözlənilə bilər.

AMİP-in keçmiş baş katibi, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev hesab edir ki, Etibar Məmmədov heç vaxt siyasətdən getməyib: “Çoxları belə düşünür, amma o siyasətin içərisində indiyə qədər olub. AMİP-lə bağlı kifayət qədər informasiyalara malik olduğumdan, Azərbaycan siyasətinin daim içərisində olduğuma görə qəti şəkildə belə düşünürəm. Sadəcə bir qədər siyasətdən geri çəkilib. Partiyasının lideridir, Beynəlxalq Demokrat İttifaqının sədr müavinidir. Görünən odur ki, bu müddət ərzində Etibar Məmmədova belə siyasət aparmaq sərfəli görünüb. Zamanında o Azərbaycanın böyük siyasətçilərindən biri olub. İndi o çapda qalanlar İsa Qəmbər, Lalə Şövkət, Rəsul Quliyev və Etibar bəyin özüdür. Zaman var idi ki, həlledici söz sahibləri bu şəxslər hesab olunurdular. 1998-ci ildə Etibar Məmmədovun, 2003-də isə İsa Qəmbərin nailiyyətləri oldu. Amma indi hərənin öz taktikası var. Bir qisim aktiv siyasətdə görünmək istəyir, digər qisim bunun əksini doğru sayır.

Etibar bəy siyasi səhnəyə çıxarsa, dəstəyinin necə olub-olmaması ilə bağlı danışmaq çox çətindir. İndiki zaman əvvəlki kimi deyil. Jurnalistin bir sualına Etibar bəy qısa bir cavab vermişdi. Bu onu göstərdi ki, siyasi dairələrdə, mətbuatda və müxalifətin daxilində bu şəxslə bağlı həssaslıq var. Bir qisim qəti şəkildə kəskin reaksiya verdi. Hiss olundu ki, bu şəxslər onun siyasətə qayıdışını istəmirlər. O şəxslər əvvəlcədən Etibar Məmmədovun əleyhinə olublar. Etibar bəyin mətbuatın içərisində az dəstəyi oldu. Perspektivdə ölkədə hansı situasiyanın olacağını zaman göstərəcək. Kimsə deyə bilməz ki, gələcəkdə vəziyyət dəyişəcək, Etibar Məmmədov gizli qüvvə kimi meydana çıxacaq, kimsə dəstək verəcək, ya yox. Amma istənilən halda Etibar bəy siyasətdə yeni sima kimi qəbul oluna bilməz.

Sadəcə, son 14 ildə siyasətdə ara-sıra görünmək Etibar Məmmədov taktikasıdır. Geri çəkilsə də, partiyası fəaliyyət göstərir, özü də biznes işləri ilə məşğuldur. Bəlkə də düşünür ki, zamanı gələndə ortaya çıxsın. Gələcəkdə bu taktikaya dəstək veriləcək-verilməyəcək, zaman göstərəcək. Onu da nəzərə almaq lazımdır ki, artıq yeni qüvvələr, simalar ortaya çıxır, yeni ideyalar yaranır. Yeni nəsil də yeni simalara maraq göstərir, çünki yaşlı siyasətçiləri yaxşı tanımır, yaxud tanımaq istəmirlər. Bu baxımdan yeni nəslin hansı münasibəti göstərəcəyindən də çox şey asılıdır. Heç bir kəsə aqressiv münasibət göstərmək də lazım deyil ki, niyə ortaya çıxdı. Vaxtı ilə müxalif mövqedə olan elə jurnalistlər var ki, indi hakimiyyətin lehinə yazırlar. İndi yazanlar da kim bilir ki, gələcəkdə hara yazacaqlar. Ona görə də mətbuatın rəyi ilə siyasət müəyyən olunmur. Xalqın seçim imkanı olsa, o zaman bilinəcək ki, kimin nüfuzu var ya yox, yaxud Etibar Məmmədov düz edib ya yox”.
Rövşən ƏLİ
Azinforum.az

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın