Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / ErMİNAstan… – Əkbər QOŞALI

ErMİNAstan… – Əkbər QOŞALI

Bugün (4 aprel) – Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günüdür (İnternational Day for Mine Assistance).

BMT Baş Assambleyasının 60/97 saylı Qətnaməsi (2005) ilə müəyyən­lədirilmiş Gün hər il qeyd olunur. Əlbəttə, mina və müharibə qalıqları hər hansı ölkədə inkişaf və tərəqqiyə ciddi maneələr törədir. Bu maneələr insanların sağlamlığı, ümumən yaşamı üçün təhlükədir. Kim bilməsə də, bu təhlükələri biz yaxşı bilirik. Yaxşı bilirik ki, 44 günlük Vətən Müharibəsi sonucunda azad etdiyimiz öz doğmaca torpaqlarımızda işğalçı Ermənistan silahlı qüvvələri, bəlkə dünya ermənilərinin sayı qədər mina basdırıb, o minalar neçə can alıb, neçə insanımızı yaralayıb…

Bir xalqın insanlıq və mədəniyyət ayarının nə qədər aşağı olması gərəkdir ki müharibədən sonrakı günlərdə belə tərk etdiyi torpaqları addım-addım minalayaraq geri çəkilmiş olsun.?! Minalar üstündə sülh necə olur? Bu, Ermənistan siyasi-hərbi rəhbərliyinin (və onların Xankəndindəki oyuncaqdan da oyuncaq uzantılarının, o uzantıla­rının açıq-gizli müdafiəçilərinin) Gələcək Böyük Sülhün altına mina basdır­masından başqa bir şey deyildir.

Torpaqlarımızı işğal altında saxladığı dövrdə hər yeri, hətta hərbi təyinatı olmayan əraziləri də minalayan Ermənistan həmin minalı sahələrin xəritələrini bizə təhvil vermir. Qara məqsəd: mümkün qədər çox mülki şəxsin həlak olmasıdır. Bu da o torpaqların həqiqi sakinlərinin qayıdışını çətinləşdirməyə, uzatmağa yönəlmiş insan­lıq cinayətdir. Bunun hərbi cinayət olduğuna dair beynəlxalq qanunvericilik və konvensiyalar mövcuddur. Ermənistanın bu xəritələrin mövcud olmadığını iddia etməsi onun növbəti yalanı, yayınma yöntəmidir. Yaxşı, xəritə yoxdur yoxdur, o nizamsız mina basdıranları istintaqa cəlb ediblər də xəbərimizmi yoxdur?

Bəli, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Şanlı Ordumuz, 44 günlük Vətən Müharibəsi sonucunda dövlət-xalq birliyi ilə Azərbaycan torpaqlarını azad etdi. Ermə­nistanın işğal mədəniyyətsizliyindən Azərbaycanın quruculuq mədəniyyətinə keçidi mina ləngitmələrindən keçməkdədir. Ləngimə var, ancaq geriləmək yoxdur, olmayacaq da. Heç müharibənin gedişatında, ən çətin günlərdə geri çəkilməyən dövlətimiz minalara görəmi öz planlarından geri addım atacaq? Əsla! Azadlıqdan abadlığa keçid başlamışdır və minalar bizdən can alsa da, o Ermənistanın əşhədü ehtiyacı olduğu sülhün, əmək­daş­lığın canını alır ilk növbədə.

Bununla belə, bizimçün Ermənistanın nə itirdiyindən çox, öz itkilərimiz, hərbçilərimizin, mülki şəxslərimizin həlak olmaması, yaralanmaması önəm ərz edir.

Ötən ay bir qrup media və QHT təmsilçisi ilə birgə Ağdam şəhərinə (daha doğrusu, şəhər yerinə) səfər etmək imkanım olmuşdu. Səfər zamanı bizə bir addım qırağa çıxmağa icazə verilmirdi – nə üçün? – hər addım mina, mina, minaydı da, ona görə… Bizim fədakar minatəmizləyənlərimiz bir mina partlatdı, bizdən bəlli məsafədə uzaqda partladılsa da, o partlayışın təsirindən az qala qulağımızın pərdəsi deşiləcəkdi… Bir də o minanın üstünə basmış bir adamın, hətta hərbi texnikanın içindəki adamın nə hala düşəcəyini təsəvvür edin… O Ağdam ki, ermənilər hərbi bölmələri oradan döyüşə-döyüşə yox, aram-aram çıxmışdı – sanki dar bir yoldan başqa hər yeri minalaya-minalaya çıxıb yaramazlar. Nə üçün? Mina üstündə “əmin gələcək”, “mehriban qonşuluq” qurmaqçünmü?.. Nə üçün? – minalara xərclənən pullar sadə, kasıb ermənilərin zəruri güzəran xərclərinə yönəldilə bilməzdimi, məsələn..? Demək, Ermənistan dövlətini nə özgə xalq, öz xalqı düşündürmür – onu qan tökmək, can almaq, ev yıxmaq düşündürür. Bu isə XXI yüzilə yox, hətta IX yüzilə də pək uyğun gəlməyən cəhalətdir, yaramazlıqdır, heyvərəlikdir, vəhşilkdir.

Azad olunmuş ərazilərdə geniş quruculuq işləri həyata keçirmək üçün ilk sırada ən önəmli iş, minaların (eləcə də, partlamamış hərbi sursatların) təmizlənməsidir.

Düşmənin 30 ilə yaxın işğalda tutduğu ərazilərimizdə şübhəli və təhlükəli işlər görməsi mübahisə mövzusu deyil, bilinən bir gerçəklikdir: necə deyərlər, bu, ermənidir! Dediyimiz kimi, ərazilərimizdən qovularkən yaxud rədd olub gedərkən, Ermənistan siyasi-hərbi rəhbərliyinin (o cümlədən Xankəndindəki qondarma rejimin və o rejimin qoruyucu “mə­lək”lərinin) təlimatıyla erməni hərbçiləri heç bir hərbi zərurət olmadan, sırf hikkə-acıqla, azərbaycanlı qanı axıtmaq məqsədi ilə hər yerə, hər yerə mina basdırıb. İnfrastruktur layihələrinin həyata keçirilməsinə, yaşayış məntəqə­lərinin bərpasına, məcburi köçkün­lərin öz torpaqlarına qayıdışına minalı problem yaradan Ermənistan beynəlxalq humanitar normaları məqsədli şəkildə pozub. Ermənistan, Xankəndin­dəki oyuncaq rejim və onun havadarları anlamır ki əməkdaşlığın siyasi-iqtisadi xəritəsi mina xəritəsindən keçir! Belə demək mümkünsə, ver xəritəni, al kommunikasiya imkanlarını! Bizim minatəmizləməyə gedən vaxt ərzində itirdiklərimiz, Ermə­nistanın kommunikasiyaların yuban­masına görə itirdiklə­rindən qat-qat çoxdur. Elə deyilmi?

Söhbət Ermənistandan düşübsə, bir də minadan böyük “İskəndər”dən danışaq – minaaxtatanlarımızın Şuşada qalıqları tapdığı “İskəndər”dən… Azğın Ermənistan siyasi-hərbi rəhbərliyinin44 günlük müharibə içində respublikamızın dörd tərəfini raket yağmuruna tutduğunu unutmuş deyilik. Müharibə meydanı qalmışdı bir qıraqda, Gəncə, Bərdə, Tərtər, Min­gəçevir, Yevlax, Qəbələ, Xızı, Naxçıvan səmt… demədən hər yana qadağan olunmuş raketlər atan Ermənistan bizi xətti deyil, səthi müdafiəyə vadar etdi. Və dərsini də aldı!Sanki Faşist Almaniyası II Dünya Müharibəsində hücum etdiyi ölkələrin şəhərlərini bombalamasının XXI yüzildə davam və inkişafına çslışırdı Nijde törəmələri…Hansı “İskəndər” partlajıb, hansı partlamayıb – bunu raket atan və raket verən öz aralarında aydınlaşdırar; lakin dünya birliyinin qiymət verməli olduğu mövzu var: qadağan olunmuş silahlardan istifadə edənin cəzası, sanksiyası nə olmalıdır? O raketlərdən istifadə iznini kim və nə üçün verib?!.

Fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi mən­sublarını peşə bayramı günü münasibəti ilə təbrik edir, can sağlığı, iş avandlığı diləyirəm!DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

Həmçinin oxuyun

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldıldı

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb.Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və …