Ana səhifə / Cəmiyyət / Erməni quldurlarına qan udduran “Erkək Tavat” – TARİX

Erməni quldurlarına qan udduran “Erkək Tavat” – TARİX

1898-ci ildə Qubadlı nahiyəsinin Cəfərabad kəndində Kərbəlayı Məhəmməd Sarı oğlunun ailəsində bir qzı doğulur, adını Tavat qoyurlar. Ondan öncə Məhəmməd kişinin iki oğlu Həsən (1894) və Həsənalı (1896) dünyaya gəlmişdi. Oğlanlar fərasətli olduqlarından həddi-buluğa çatandan sonra atalarının heyvandarlıq və əkinçilikdən ibarət təsərrüfat işlərini öz üzərlərinə götürür və xeyli böyüdürlər. Xüsusilə böyük qardaş Həsən daha tədbirli və güclü, Həsənalı sakit, amma zəhmətkeş idi. 1905-1907-ci və 1917-1918-ci illərdə erməni quldurları Laçın və Qubadlı nahiyələrinin dinc sakinlərinə divan tutanda balacı Həsən və Həsənalı da silaha sarılaraq yerli döyüşçü dəstələrinin sırasında düşmənə qarşı savaşda iştirak edirlər. 

Milli müqavimət dəstələri əsasən Gorus istiqamətindən edilən hücumların qarşısını ala bilirdilər. Dəstədə Fərəcan kəndindən Cənnət və Cənnətalı qardaşları, Təməzqulu, Başarat kəndindən Rəsul Quliyev, Deşdahatdan Qurban (1888-1948), Fərəculla (1876-1918) və Sadıq (1864-1922) Alı uşaqları, Əliyanlı kəndindən qaçaq Qəbil, qaçaq Adışirin, Balaca Alı oğlu, İskəndərli kəndindən qaçaq Bəbəş Yunus oğlu (1878-1948), İmran, Xanhüseyn, Tərxanlı kəndindən Fərzalı və başqaları döyüşürdü.

Onlar əsir götürdükləri hay silahlılarını öldürmür, müxtəlif təsərrüfat sahələrində işlədirdilər. Eləcə də Həsən əsir aldığı hay döyüşçülərini həyətində işlədirdi. O, kənddə tikdirdiyi yaşayış binasının daşlarını Həkəri çayı yatağından həmin erməni əsrilərinə daşıtdırmışdı. Həmin iki mərtəbəli ev keçən əsrin 30-cu illərində kənd məktəbinin binası kimi istifadə edilirdi. Bir gün necə olursa ataları evə gəlmir. Qardaşlar bundan narahat olub haylar yaşayan qonşu Ağcakənd kəndinə (indi Xocavənd rayonu ərazisində yerləşir-müəll.) gedirlər. Yaxın bildikləri tanışlarından onu soraqlayır. Amma kişini tapa bilmirlər. Xəbər tuturlar ki, hay quldurları onları axtarır, əgər tutsalar öldürəcəklər. Belə qərara gəlirlər ki, “Pir bulağı” yamacını keçib qonşu Arpagədik kəndinə dəyib geri qayıtsınlar. Nədənsə bu kənddə hay Samvelin evində gecələməli olurlar. Gecənin bir vaxtı evə doluşan Xozabird kəndindən olan erməni quldurları qardaşları qandallayıb, silahlarını, mauzeri, onatılanı, gümüş kəmərlərini, Həsənin qaragül papağını alıb qarın üstü ilə ayaqyalın Xozabird kəndinə aparırlar. Məqsədləri onlar işgəncə vermək, kürəklərinə qaynar samovar bağlamaq idi. Kənddə dəmirçi Zadurun zindan çəkici ilə kürəklərinə döydükdən sonra 6 kilometr aralıda yerləşən Hadrut kəndinə aparmaq istəyirlər. Kəndə çatmamış “Tək dam” deyilən ərazidə qardaşların artıq taqətləri tükənir və ağır işgəncə altında canlarını tapşırırlar.

Meyidlər həmin yerdə 14 gün qalandan sonra Əliyanlı, Deşdahat, Başarat və Cəfərabad kəndlərinin ağsaqqalları məşvərətə toplaşır. Qərara alırlar ki, meyitlər gətirilsin. Kəndin igidləri Qəbil Fərhad oğlu, Balaca Alı oğlu onları kəndə gətirir, doğma Cəfərabad kəndində dəfn edirlər. Ataları Kərbəlayi Məhəmməd isə Laçın nahiyəsinin Mığıdərə kəndində Ağamalı Abbas oğlunun (1896-1988), ögey bacısı Minarə Sarı qızının (1900-1967) evində imiş. Qardaşlarının qəbri üzərində onların intiqamını alacağına and içən bacıları Tavat o gündən nahiyədə yaşayan hayların qəniminə çevrilir.

Tavat Gorus və Şuşa nahiyəsinin haylar yaşayan kəndlərində silahlı quldurlara qarşı səngər və təkbətək döyüşlərində həmişə qələbə çalardı. Silahdaşı Əliyanlı kəndindən Halay Ağaşirin oğlu (1901-1956) ilə ən çox Həkəri çayı hövzəsini əhatə edən hay mənşəli kəndlərinə hücumlar təşkil edər və ya həmin kəndlərdən gələn hayları hədəf seçərdilər. El arasında döyüşkənliyi və qorxmazlığı onun “Erkək Tavat” təxəllüsü ilə çağırılmasına səbəb olub. Qonşu Xozabird, Qaladərəsi və Arpagədik kəndlərinin, Gorus nahiyəsinin Kürdük, Gorunzığ, Xızrənk, Daşkənd, Xənəzək, Dığ kəndlərinin haylarını izləyən Tavat harda onlarla üz-üzə gəlsəydi onlardan qardaşlarının və günahsız qətlə yetirilmiş həmkəndlilərinin qisasını alarmış. Əyninə kişi paltarı, ayağına dəri çəkmə geyinər, çəkməsinə naqan qoyar və göy atın üzərində Laçın nahiyəsinin Mazutlu, Malxələf, Məlikpəyə və Mığıdərə kəndlərində gəzərdi. O, düşmənlərini Səfiyan kəndi yaxınlığındakı (1 km aralı) “Camalxan qayası” deyilən yerdə məhv edirdi. Ora dərin dərəsi, sıx meşə-kol örtüyü olan sıldırım qayalıq idi.

Laçın rayonu Rəfi kənd sakini Almaz Rəşid qızı (1954), Qubadlı rayonunun Deşdahat kənd sakini Həsən Şəmil oğlu Mikayılov (1932) və Həkəri kənd sakini Tapdıq Qulu oğlu Məmmədov (1936) “Erkək Tavat”ı görüb, qəhrəmanlıqlarına şahid olbular. Onların dediyinə görə bu qeyrətli el qəhrəmanı harda olsaydı söhbəti hayların vəhşiliyindən, onların törətdiyi faciələrdən və onlara qarşı mübarizəsindən danışardı. Ən çox qonaq gəldiyi yerlər Rəfi kəndində Xanış Abdulla oğlu (1912-2004) və Tavat Mehdi qızının (1915-2004), Xəndək kəndində Pakizə və Zəhra Allahverdi qızı bacılarının və Səfiyan kəndində Xanoğlan Məhəmməd oğlunun evi idi. Tavat onun həyat yoldaşı Ağapəri xanımla simsar idi. Xoşladığı yeməklər kələm dolması və hind toyuğu çığırtması ilə plov olardı. Belində qatarı, göy atın belində cövlan edərdi. Yolüstü kəndlərdən keçdiyi zaman ağac kölgəsində əylənib yuxa ilə pendir dürməyini də iştahla yeyər, keçmişdən söhbət etməyi xoşlayardı. Görüb-tanıdığı adamlardan harda erməni olduğunu soruşub öyrənərdi. Gorus və Qafan kəndlərinin hayları o ərazilərə qoz, tut-böyürtkən yığmağa gələrdi. Tavat dost-tanışlara deyərdi:

-Haylar bizim həyatımızı məhv edib, özümə söz vermişəm, ölənə kimi onlardan intiqam alacağam. 

Ermənilərlə qanlı olsa da o, elin-obanın bütün məclislərində iştirak edər, xeyir-şərdən qalmazdı. Hər yerdə onu hörmətlə qarşılayardılar. Onun göy atının cilovunu tutan adam özü də qürrələnərdi. Rəfi kəndinin ağsaqqalı, məşhur Zabux dərəsi döyüşlərinin iştirakçısı Həsi Həsən oğlu (1885-1972) kəndin cavanlarına məsləhət verirdi ki, Tavat Kərbəlayi Məhəmməd qızını həmişə kəndin girəcəyində qarşılayın və gedəndə də layiqli yola salın.

1919-cu ildə “Erkək Tavat”ın silah və çiyin yoldaşı Halayla birgə Deşdahat kəndi yaxınlığında haylar yaşayan Xozabird kəndindən 3 km aralıdakı “Top ağacı” meşəliyinə gəlir. Bulaq üstündə bir neçə erməni görürlər. Qalayçı Sərkis şəyirdləri ilə palıd ağacından nov düzəldirmiş. Xəncərlə ermənini boğazını yaralayırlar. Maraqlıdır ki, həmin erməni bu yaradan ölmür, boğazında tikiş 1970-ci ilə qədər yaşayır. 12-18 yaşlı cavanları əsir götürüb Deşdahat kəndinə gətirirlər. Ordan “qənimətləri” Eyvaz kəndinə aparırlar. Şahidlərin bildirdiyinə görə bu mərd qadın vəfat etdiyi günədək azı 500-ə qədr düşməndən qisasını ala bilmişdi. Amma haylar axıradək onları qıranın Tavat olduğunu bilmədilər. Ailə qurmayan “Erkək Tavat” ömrünün son günlərini Səfiyan kəndində əmisinin evində keçirir.

Deyilənə görə, düşmənin qisasına susamış “Erkək Tavat”ın səsi boğuq, tutulmuş və xırıltılı idi. Həyatı, fəalliyyəti nəsillərə örnək olan Tavat Kərbəlayi Məhəmməd qızı 1976-cı ildə vəfat edib və Səfiyan kənd qəbirstanlığında dəfn edilib.

Qeyd: Yazının hazırlanmasında Qubadlı rayonu, Deşdahat kənd sakini Həsən Şəmil oğlu Mikayılovun (1932) və Rəfi kənd sakini Almaz Rəşid qızı Budaqovanın (1958) məlumatlarından istifadə olunub.

Qismət Yunusoğlu, Bakı Dövlət Universitetinin müəllimi

Cebhe.info

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …