Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəmiyyət / Emin Əmrullayev əgər işini bacarmırsa…

Emin Əmrullayev əgər işini bacarmırsa…

Bəxti bağlanıb qıfılı da dəryanın dibinə atılan Azərbaycan təhsilinin üzərində aparılan eksperimentlər hələ ki, bir nəticə vermir. Cəmisi bir ilə Covid-19 bəlasına vaksin tapılsa da onilliklərdir ki, təhsilimizdə at oynadan korrupsiya və rüşvətxorluğa əncam çəkmək mümkün olmur. Nazir dəyişikliyi deyirsinizsə son illərdə üçünü dəyişiblər, xeyri yoxdur. Müasir dünyagörüşlü deyirsinizsə maşallah, hamısı Avropada oxuyub Amerikada kurs keçən, bir neçə dildə danışan gənclərdir. İslahat deyirsinizsə, “n” qədəri tətbiq olunub. Əlqərəz, nə lazımdırsa edilir, əmma ki, bu təhsilimiz düzəlmir ki, düzəlmir…
Ötən ilin iyulunda 5 il Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsində çalışan Emin Əmrullayev Təhsil naziri vəzifəsinə təyin edildi. Uzun müddət kənar sahələrin mütəxəssislərinin idarə etdiyi Təhsil nazirliyinə nəhayət ki, bu sahənin öz yetirməsinin təyin olunması pedaqoqlar tərəfindən razılıqla qarşılandı. Amma təəssüf ki, bu razılığn narazılığa çevrilməsi üçün heç bir ilin tamamına ehtiyac qalmadı. Rəhbərliyi dövrü pandemiyanın tüğyan etdiyi zamana tuş gəlməsinə , tədris prosesinin demək olar ki, distant formada həyata keçirilməsinə baxmayaraq E.Əmrullayev müsbət dinamika yarada bilmədi.
Azərbaycanda təhsilin hansı səviyyədə olduğunu hamı çox gözəl bilir. Bu səviyyəni məktəblər yox, repititorlar və hazırlıq kursları müəyyən edir. Məktəblərdə 9-cu sinifdən sonra tədris formal xarakter daşıyır. Direktorlar kurslara gedən daha çox şagirdin adını jurnala yazmaqla (bu həm də onlara yaxşı qazanc gətirir) qəbul imtahanlarında uğur qazanan abituriyentlərin hesabına məktəblərin reytinqini qaldırırlar. Daha çox Sovet dövrü kolxozlarının yun planının doldurmaq uğrunda mübarizəsinə oxşayan bu “pripiska sistemi” təhsili uçuruma aparır.
Bütün bunların səbəbi isə müəllimlərin maddi çətinliklər girdabında boğulması, məktəblərdə dərslərin pulla satılması, inzibati-amirlik sisteminin hökm sürməsi, tədris proqramlarının qəlizliyi və sairədir. Təhsil sahəsinə rəhbərlik edənlər üçün tədrisin keyfiyyəti əsas deyil. Çünki,ondan bunu ən sonda tələb edirlər. Vəzifədə qalmaq və özünü qorumaq üçün o yaxşı qazanmalı və “yuxarıları” da təmin etməlidir. Həndəsi silsilə ilə gedən bu prosesin qurbanı isə bizim körpə fidanlarımızdır. Məhşur nağılda olduğu kimi “nəvə nənədən,nənə babadan, baba isə turpdan yapışaraq” ötür-ötür prinsipi ilə işləyirlər. Müəllim direktora aylıq verir, direktor təhsil şöbəsinə…
Beləcə millətin gələcəyi bazar predmetinə çevrilir.
Bütün bunları məgər cənab Əmrullayev bilmirmi?
Cəmiyyətin qınaq obyektinə çevrilən müəllim o qədər yüklənir ki, onun dərs deməyə sadəcə vaxtı qalmır. Formalizmdən başqa heç nəyə xidmət etməyən sənədlərin, summativlərin içərisində başını itirən müəllim həm də sertifikasiya həyacanını yaşamalıdır. Heç kim müəllimə işləmək üçün stimul vermir-hamı onu qorxudur, həyacan içərisində saxlayır. Dəqiqəbaşı “xoşun gəlmir işləmə” təhdidi ilə üz-üzə qalan biçarə müəllim az qazancı ilə həm ailəsini, həm də direktorunu dolandırmalıdır.
Bütün bunları məgər cənab Əmrullayev bilmirmi?
Ölkə boyu şagird yerdəyişmələri üzrə böyük bir şəbəkə formalaşıb. Hətta bu sahədə ixtisaslaşan “maklerlər” belə fəaliyyət göstərir. Məktəbləri şagird sayı ilə, kurslara gedən “potensial tələbələrlə” təmin edən bu şəbəkədə hər il böyük məbləğdə pullar dövr edir. Birinci siniflərə qəbul prosesi, xüsusilə rayon mərkəzlərində və paytaxt məktəblərində daha dəhşətli durumdadır. Prestijli məktəblərə uşaq qəbul etdirməyin necə və neçə çətin olduğunu bilməyən yoxdur.
Bütün bunları məgər cənab Əmrullayev bilmirmi?
Direktorların , müəllimlərin işə qəbulu, yerdəyişməsi hansı “mərhələlərdən” keçir, bunu da bilənlər bilir. Vahid mərkəzdən idarə olunan bu “demokratik proses” də yuxarıda sadaladıqlarımızdan heç də fərqlənmir. Maraqlıdır ki, əgər son qərarı kimlərinsə iradəsi və maraqları müəyyən edəcəksə bu boyda həngaməyə-imtahana, sorğu-suala nə ehtiyac var?
Yəni bunları da cənab Əmrullayev bilmirmi?
Bu siyahını istədiyimiz qədər uzada bilərik. Çünki təhsil sistemində problemdən çox heç nə yoxdur. 10 gündən sonra daha bir dərs ili başa çatır. Amma problemlər başa çatmır, onlar yenə də davam edir. Və o vaxta qədər davam edəcək ki, bu sahəyə rəhbərlik edənlər iş görsünlər, Bayıldan o tərəfdə oxumaqları ilə öyünməsinlər. Əgər E.Əmrullayev ötən bir ildə nazirlikdə hökm sürən intriqalara son qoya bilməyibsə, islahatların yolunu kötük kimi kəsən qruplaşmaları dağıda bilməyibsə, sistemi içəridən gəmirən neqativ halları yox etmək üçün qəti addımlar atmayıbsa itirilən zaman heyif. Xalqın gələcəyini, övladlarımızın sabahını isə şəxsi maraqlara, intriqalara qurban vermək ağır cinayətdir.
Bütün bunları isə cənab Əmrullayev bilsə yaxşı olar !

Rubrika.Az

Həmçinin oxuyun

Hacı Şahin Həsənlinin xatirəsinə həsr olunmuş film çəkilib -VİDEO

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin həyat və fəaliyyətindən bəhs edən sənədli film çəkilib. Filmin müəllifi …