Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / ELYAR MURADOV TƏKZİB EDİR, ANCAQ…

ELYAR MURADOV TƏKZİB EDİR, ANCAQ…

Redaksiyamıza “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları Departamentin rəisi Elyar Muradovun imzası ilə cavab məktubu daxil olub. Məktubun məzmunundan belə aydın olur ki, Elyar Muradov bu günlərdə Bakı-Sumqayıt istiqamətində işləyən, yenicə alınaraq ölkəmizə gətirilən qatarlarla bağlı saytımızda dərc edilən məqalədə yer alan detalların heç biri ilə razılaşmır və səslənən bütün iddiaları təkzib edir. Həmin məktubu olduğu kimi dərc edirik:

“Azinforum.az” online xəbər portalına

“Azinforum.az” saytında 28.03.2017-ci il tarixində dərc edilmiş “Elyar Muradov milyonlarla ölçülən sürət qatarlarını idman ustasına tapşırıb” başlıqlı məqalə “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları Departamentində geniş müzakirə olunmuşdur. Departamentin kollektivi aşağıda göstərilən faktları Sizin nəzərinizə çatdırır:
1. Məqalədə qeyd olunan EŞ-2 ADY qatarları “Stadler” şirkəti tərəfindən istehsal olunub. Hal-hazırda iki illik zəmanət müddətində olan qatarlara göstərilən bütün servis xidmətləri “Stadler”in mütəxəssislərinin birbaşa iştirakı ilə aparılır. İki illik zəmanət müddəti ərzində qatarların texniki vəziyyətinə “Stadler” şirkəti cavabdehlik daşıyır. İstismar müddəti başlayandan bu günə kimi Texniki Servis Mərkəzinin mütəxəssislərinin bilik səviyyəsi və iş qabiliyyəti istər “Stadler” şirkəti tərəfindən, istərsə də həmin mütəxəssislərə təlim keçmiş “KNORR BREMSE”, “FAİVELEY”, “CVS”, “SHUNK”, “ZECERON”, “NPO SAUT”, “FOCON”, “COMLAB”, “NİAAS”, “RADİOLAB” şirkətlərinin mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilmişdir.
Bakıda, Belorusiyanın Minsk, Rusiyanın Moskva və Yekaterinburq şəhərlərində keçirilən təlimlər və verilmiş imtahanlar nəticəsində Texniki Servis Mərkəzinin işçiləri qatarın müvafiq hissələrinə texniki servis göstərmək üçün sertifikatlar almışlar. Avropada qatarların pnevmatikası və əyləc sistemləri sahəsində lider olan “KNORR BREMSE” şirkəti qatarlarda müəyyən işlər görülməsi üçün Texniki Servis Mərkəzi ilə müqavilə bağlamış və görülən işlərin maliyyə dəyərini “Azərbaycan Dəmir Yolları” QSC-nin hesabına ödəmişdir. Eyni zamanda “Gürcüstan Dəmir Yolları” və “Stadler” şirkətinin təklifi əsasında və onlar tərəfindən maliyyələşdirmə hesabına Texniki Servis Mərkəzinin mütəxəssisləri bir neçə dəfə Gürcüstanın Tbilisi şəhərinə ezam olunmuş və “Gürcüstan Dəmir Yolları”na texniki köməklik göstərmişlər.
2. Məqalədə adı çəkilən Fidan Axundova Rusiyanın Moskva və Yekaterinburq şəhərlərində, Belarusiyanın Minsk şəhərində müvafiq kurslar keçmiş və “NPO SAUT”un “BLOK” təhlükəsizlik sistemləri üzrə Qafqazyanı ölkələrdə ən yaxşı mütəxəssisdir. Azərbaycanda və Gürcüstanda istismar olunan bütün “Stadler” qatarlarının “BLOK” təhlükəsizlik sistemlərinin işləməsinə və sazlanmasına Fidan Axundova nəzarət edir. Orxan Mahmudov “Stadler” qatarlarının elektron qurğuları üzrə və həmin qatarın kompüter proqramları üzrə ən yaxşı mütəxəssislərindən biridir. Adları çəkilən mütəxəssislər ingilis və rus dilində mükəmməl bilirlər.
3. “Stadler” qatarlarının kompressor, kondisioner və bir çox digər qurğularına göstərilən xidmətin keyfiyyəti ilə bağlı bildirmək istəyirik ki, bütün işlər “Stadler” şirkətinin və yaxud müvafiq istehsalçının təyin etdiyi vaxtda, onların mütəxəssislərinin iştirakı və rəhbərliyi ilə sertifikatı olan işçilər tərəfindən aparılır.
4. “Stadler” qatarlarının ən mürəkkəb hissəsi olan, onun beyni adlanan “Ana kompüter” qatarda baş verən bütün prosesləri izləyir. Müəyyən edilən nasazlıqları aradan qaldırmaq üçün təkliflər verir, əgər qəza şəraiti yaranarsa, qatarın komponentlərinin (kompressor, kondisioner, konvertor) və qatarın özünün söndürülməsini, insan müdaxiləsi olmadan təcili tormozlanmasını təmin edir. Texniki Servis Mərkəzinin mütəxəssislərinin təklifi ilə həmin proqramlarda təkmilləşdirmə aparılmış və proqram təminatı nəinki Azərbaycanda, həmin qatarların istismar edildiyi digər ölkələrdə də dəyişdirilmiş və mükəmməlləşdirilmişdir.
Təəssüf ki, məqalənin müəllifi görülən bu işlər haqqında məlumat toplamamış və həqiqətə uyğun olmayan məlumatlar yaymaqla yalnız özünün formal və əsassız mülahizələrinə əsaslanmışdır. Bu da öz növbəsində jurnalist adına, peşəsinə xələl gətirərək, ictimaiyyətdə mənfi fikir formalaşdırır. Xatırlatmaq istəyirik ki, kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 2-ci bəndinə əsasən jurnalist ona verilən informasiyanın doğru-dürüstlüyünü yoxlamalı, 8-ci bəndinə əsasən vətəndaşlardan, vəzifəli şəxslərdən, müəssisələrdən, təşkilatlardan və idarələrdən məlumat alarkən audiovizual vasitələrdən və kino-foto çəkilişindən istifadə etmək barədə onların razılığını almalı, 10-cu bəndinə əsasən jurnalist hüquqlarından şəxsi mənafe üçün istifadə etməməlidir. Həmin Qanunun 44-cü maddəsində deyilir ki, kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin yaxud səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır. İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının Qanununun 10.4.8-ci bəndinə əsasən informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır.
5. Sərnişin daşımaları Departamentinin kollektivi bizim cavab məktubumuzun saytda çap olunmasına və məqalənin müəllifinin “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları Departamentinin kollektivindən üzr istəməsini tələb edir. Əks halda Departamentin və kollektivin imicinə dəymiş mənəvi ziyanla bağlı məhkəməyə müraciət ediləcəkdir.
Sərnişin daşımaları Departamentinin rəisi, Elyar Muradov ”.

Redaksiyadan: Çox hörmətli Elyar Muradovun bu cəhdinə hörmətlə yanaşırıq. Çünki Azinforum.az İnformasiya Portalı olaraq biz KİV-lərdə yayılan istənilən materialla bağlı qarşı tərəfin cavab haqqının olduğunu gözəl dərk edirik və heç vaxt bu prinsipdən irəli gələn tələblərdən yayınmağa çalışmamışıq. Ancaq Elyar Muradovun imzası ilə redaksiyamıza ünvanlanan məktubdakı aqresiyanı və qanunvericiliyin tələblərinə əsas gətirərək bizi məhkəmə ilə qorxutmaq cəhdini heç cür anlamadıq. Qeyd etmək istəyirik ki, məhkəməyə müraciət etmək hər bir şəxsin, qurumun müstəsna səlahiyyətinə aid olan bir hüquqdur. Praktikadan görünür ki, adətən Elyar Muradovun ranqında olan məmurlar KİV-lərdə onların şəxsi həyatları ilə bağlı yayılan qərəzli, həqiqətə uyğun olmayan məlumatlarla əlaqəli məhkəmələrə müraciət etməli olurlar. Çünki bənzər hallarda bu addım ən son vasitə kimi nəzərdə tutulur. Hətta anoloji vəziyyət yarananda belə biz həmin məmurlara haqq qazandırırıq. Çünki şəxsi həyat toxunulmazdır və bu cür halların qərəzli şəkildə ictimailəşdirməsinə dair edilən cəhdlər nə jurnalist peşəsinə uyğundur, nə də qanunvericiliyin tələblərinə.

Elyar müəllimin əsəbləşməsinə səbəb olan məqalədə isə biz yalnız onun çoxsaylı səlahiyyətinə aid olan bir hissə ilə bağlı əldə etdiyimiz məlumatları ictimailəşdirmişik. Yəni söhbət şəxsi həyatdan deyil, sırf işə aid olan detallardan gedib. Qeyd etmək istəyirik ki, həmin məqalənin bir yerində də olsun kiminsə təhqir olunmasına yol verilməyib. Bakı-Sumqayıt qatarlarına göstərilən qulluq və ordakı bəzi işçilərin vəzifə borclarına səhlənkar yanaşmasına dair fikirləri əlimizdə olan konkret faktlara əsalanaraq yazmışıq. Elyar müəllimin bizi jurnalist peşəsinə xələl gətirməkdə günahlandırmasından sonra məcburuq ki, həmin detalları sübut edən faktların bəzilərini onun və Cavid Qurbanovun diqqətinə yenidən çatdıraq. Biz onu da anlayırıq ki, kollektivə aid olan dəqiq məlumatların mediaya sızması bir rəhbər kimi Elyar müəllimi dərindən narahat edir. Belə olmasaydı məqalə dərc edilən gündən bu günə kimi Elyar müəllim və onun müavini Hikmət Məmmədov kollektivin içində sayta informasiyanın kimi tərəfindən ötürüldüyünü axtarmazdı. Bütün kollektivə kənara informasiya ötürməməklə bağlı təlimata qol çəkdirməzdi.

Azinforum.az-a daxil olan cavab məktubunda bizim qeyd etdiyimiz bəzi faktların üstündən səthi keçilir. Digərlərilə bağlı isə ümumi məlumat verilir. Məsələn biz qeyd etmişik ki, qatarlara texniki xidmət göstərən qrupda yer alan Orxan Mahmudov (Elyar Muradovun müavini Hikmət Məmmədovun kürəkəni) peşəkar dəmiryolçu deyil. Həmçinin qeyd etmişik ki, qatarlarla bağlı işçilərə təlim keçən Fidan Axundova peşəkar idmançı olduğu halda, 3 illik stajla ömürünü dəmir yol işinə həsr edənlərə dərs keçir. Elyar müəllim məktubunda bu iki şəxsin yüksək savada və bacarığa malik olduqlarını bildirilir. Onda, çox etibarlı iş tapşırılan bu savadlı adamlara rəhbərlik tərəfində izah edilsin ki, iş zamanı yatmaq olmaz, kimin qohumu olmasından asılı olmayaraq işçi başqaları kimi əyninə xüsusi uniforma geyinməlidir. Ancaq nədənsə, keçdikləri çoxsaylı təlimlərə baxmayaraq, sözügedən hər iki şəxs iş vaxtı qatarda yatmağa üstünlük verir. Bunu sadə söz yığını olaraq deyil, əlimizdə olan konkret faktlara əsaslanaraq bildiririk. Təbiidir ki, hörmətli Cavid Qurbanov və ya Elyar Muradovun hər işçiyə fərdi qaydada nəzarət etmək imkanı yoxdur. Bəzi neqativliklər onlarda gizlədilirsə və bunu media vasitəsilə biz onların diqqətinə çatdırırıqsa, onda bizə yalnız təşəkkür edilməlidir.

Bizim dərc etdiyimiz məqalədə kollektivdə çalışan peşəkar dəmiryolçu Fikrət Məmmədov adlı birisindən də bəhs edilib. Marqlıdır, Elyar Muradovun imzası ilə daxil olan məktubda onun adı niyə çəkilmir? Qeyd etmişik ki, bu cür peşəkar qala-qala niyə təlimlərin keçirilməsi bu sahəni ondan qat-qat zəif bilənlərə tapşırılır? Maraqlıdır, niyə bu ilin yanvar ayının 13-ü və martın 20-si yekunlaşan dərslərlə bağlı sertifikat alanların sırasında Fikrət Məmmədovun adı yoxdur?
Təbiidir ki, bu suallara da Elyar müəllim kollektiv adından redaksiyamıza göndərəcəyi növbəti zəhmətkeş məktubunda özünəməxsus tərzdə cavab verə, hətta bizi onun yürütdüyü kadr siyasətinə qarışmaqda ittiham edə bilər. Biz yazdığımız tənqidi məqalələrlə bağlı məmurların rəhbərlik etdiyi kollektivlərdən bənzər məzmunlu məktubları çox alırıq. Ancaq onların əksəriyyətində tənqidə tuş gələn kollektivdə çalışanların hamısının adı, familiyası imzası qeyd edilir. Hazırda iş tapmağın çətin olduğunu anladığımız üçün, bənzər məktublara imza atan zəhmətkeşləri qəti qınamırıq. Bu məktub isə bir qədər fərqlidir. Yəqin ki, Hikmət Məmmədov bütün kollektivə imza etdirə bilmədiyi üçün, bu məktubda yalnız Elyar müəllimin imzası ilə kifayətlənməli olub.
Hörmətli Elyar müəllim, siz qatarlara çox yüksək səviyyədə qulluq edildiyini yazırsınız. Biz isə yazırıq və əlimizdə olan video vasitəsilə sübut edirik ki, qatarın baş çəninə yığılan yağın olması açıq-aşkar görünür. Yəqin ki, peşəkar dəmiryolçu kimi bilməmiş deyilsiniz ki, bu fakt nazaslıqdan xəbər verir. Biz demirik ki, qatarlara ümumiyyətlə qulluq edilmir. Belə iddia ilə çıxış etmək böyük haqsızlıq olar. Amma sizin də bilmədiyiniz bir neqativ detalı yazan jurnalisti bəyəm mənşərə çəkmək lazımdır? Siz müavininizin qohumu olan Orxanın yüksək səviyyədə xarici dil bildiyini qeyd edirsiniz. Biz sizə yüksək səviyyədə ingilis dilini bilən çoxsaylı işsiz kadrlar göstərə bilərik. Görəsən , onlar niyə belə yüksək əmək haqqı verilən iş tapa bilmirlər? Haqlı olaraq qeyd edirik ki, əvvəllər hansısa institutda çalışan Orxan Mahmudovun hazırkı işində qərar tutmasında savaddan çox, onun sizin müavinizin kürəkəni olması faktoru əsaslı rol oynayıb. Orxan Mahmudov bu cür üstün keyfiyyətlərilə yalnız qaynatasının yanında özünə yer tapa bildi? Bəlkə də, Orxan Mahmudov və ya Hikmət Məmmədov çox gözəl insanlardı. Ancaq bilin ki, bizim onlara bildirdiyimiz iradlar şəxsi prinsipdən qaynaqlanmır. Biz nə sizi, nə onları şəxsən tanımırıq. Bu adamlar kiminsə şəxsi firmasında işləsəydi heç belə haqlı suallar da meydana çıxmazdı. Hazırda söhbət strateji əhəmiyyət daşıyan dövlət qurumundan gedir.
Qayıdaq yenidən məhkəmə məsələsinə. Biz internetdə axtarış verəndə Elyar Murdaovun çalışdığı qurumun rəhbəri olan Cavid Qurbanov barədə çoxsaylı tənqidi məqalələrin dərc edildiyinin şahidi olduq. Cavid müəllimə biz də az tənqid etməmişik. Ancaq onunla heç bir tanışlığımız olmadığı halda belə, barəsində dərc edilən təhqirlərə layiqli cavab vermişik.

Bilirsiniz niyə? Çünki jurnalistikanın prinsiplərini qorumuşuk. Düzdür, belə mövqeyimizə görə əksər hallarda həkarlarımızın tənqidlərinə tuş gəlmişik, ancaq nə edək ki, biz daima diletant deyil, peşəkar medianın maraqlarından çıxış etmişik. Cavid Qurbanov media ilə anoloji tərzdə davranışa üstünlük verirsə, nədən onun tabeçiliyində olan bir adam dərc edilən peşəkar bir araşdırmaya görə, bizi məhkəməyə verəcəyilə hədələyir. Əslində bu istəyində arxasında hansı maraqların durduğu bizə məlumdur. Yəqin ki, Elyar Muradov əsası olmayan məhkəmə iddiası ilə “Azərbaycan Dəmir Yolları” QSC-ni daima medianın gündəmidə saxlamağı istəyir. Bizim üçün çox maraqlıdır, jurnalistlərin yaxın dostu kimi tanınan Elyar Muradov əvvəlki dönəmlərdə niyə məhkəmə praktikasından istifadə etmirdi. Onunla Ziya Məmmədovun iş birliyi barədə hətta hakimiyyətə ən yaxın olan media nümunələrinin arxivdə çoxsaylı materiallara rast gəlmək mümkündür. Adam oxuyanda dəhşətə gəlir.
Yazılan məqalə ilə bağlı bildirilən iradın birilə tam razıyıq. Qeyd edilir ki, qarşı tərəfin mövqeyinə yer verilməyib. Cəhdlərimiz səmərəsiz olubsa, biz nə etməliyik? Qurumun mətbuat xidmətinə mövqeyinizin dərc ediləcəyi ilə bağlı məlumat verilib. Yazının sonunda qarşı tərəfin cavab haqqını tanıdığımızı bəyan etmişik. Bu gün də sizin mövqeyiniz olduğu kimi dərc etməklə prinsipimizə sadiqliyimizi nümayiş etdiririk. Məktubdan görünür ki, digər istəyiniz kollektivdən üzr istəməklə bağlıdır. Səhvə görə üzr istəmək böyüklük əlamətidir. Ancaq biz belə səhvə yol verdiyimiz zənn etmirik. Bizim yazımıza görə həmin kollektivdə kimlərisə narahatçılıq yaratmışıqsa , kimlərinsə haqsız yerə rəhbərlik tərəfindən incidilməsinə səbəbkar olmuşuqsa həmin adamlardan qat-qat üzr istəyirik. Doğrusu, Elyar Muradovun bu dərəcədə narahatçılığı bizi dərindən təəccübləndirir. Niyə həmin adam elə zənn edir ki, onun rəhbərlik etdiyi sahədəki hansısa neqativliyi yazmaq, sanki hərbi sirri  yaymağa bərabərdi? Yox, hörmətli Elyar müəllim!  Sizə bir məmur kimi olduqca strateji bir sahə tapşırılıb. Bilin ki, məqalədə barəsində bəhs etdiyimiz qatarlar ölkənin büdcəsindən ödənilən pulla alınıb. Yəni həmin qatarın alımasında bizim də bir vətəndaş kimi rolumuz olub. Çünki ölkənin büdcəsi həm də hər bir vətəndaşın  etdiyi müxtəlif ödənişləri əsasında formalaşır. Yəni bu mövzunu araşdırmağa bizim həm vətəndaş, həm də jurnalist hüququmuz çatır. Jurnalistika əsas fəaliyyət sferalarından biri də, sizin kimi məmurların üzərində ictimai nəzarət funksiyasını həyata keçirməkdən ibarətdir. Biz peşəkarcasına öz işimizlə məşğul olmuşuq, oluruq və gələcəkdə də olacayıq.

Sonda hörmətli Cavid Qurbanovdan xahiş edirik ki, bizim toxunduğumuz hər detalı şəxsən özü araşdırsın. Onda tam əmin olar ki, biz yalnız həqiqəti yazmışıq.

 

Video: Qatarın baş çəninə yığılan yağ

 Foto: İş vaxtı yatan və əynində uniforma olmayan Orxan Mahmudov
Azinforum.az

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …

Bir cavab yazın