Ana səhifə / Cəmiyyət / Elşad İskəndərovun  nurçu “olmasında” QMİ-nin rolu varmı?

Elşad İskəndərovun  nurçu “olmasında” QMİ-nin rolu varmı?

Hamının əlinə qələm alıb “fetöçü ovu”na çıxdığı bir vaxtda bu mövzuda yazmaq o qədər maraqlı olmasa da, bəzi məsələləri görməzdən gəlmək olmur. Çünki nə də olsa, bu proseslərin böyük bir qismi gözlərimiz qarşısında olub və müşahidəçi qismində də olsa, Azərbaycan tarixinin bu fraqmentinə biz də şahidlik etmişik.

Məsələ ondadır ki, son günlər yenidən mətbuatı, özəlliklə internet mediasını “ifşa materialları” başına götürüb. Mənzərə çox tanışdır, iki il əvvəl – 2014-cü ilin yazında oxşar hadisələr baş vermişdi. Media o zaman da böyük bir “antinurçu” kampaniyası başlatmışdı və nəticədə silsilə ifşa yazıları ortaya çıxmışdı. Materialların əksəriyyəti anonim sosial şəbəkə hesabından servis edilirdi. Sonradan məlum oldu ki bu hesab Türkiyədə yaradılıb. Türkiyənin o zamankı baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərindən sonra guya onun təqdim etdiyi mifik siyahı əsasında bir sıra məmurlar medianın hədəfinə alındı. Onlardan hətta vəzifələrini itirənlər oldu.

Ajiotaj keçdikdən sonra isə məlum oldu ki, guya o siyahı əsasında “nurçu” adı ilə evlərə basqın edilən və həbs olunan dindar insanlar Gülən camaatına deyil, əslində ona qarşı olan “Süleymançılar” camaatına bağlı şəxslər imiş. Bu hadisə Türkiyə mediasında sərt təpkiyə səbəb oldu. Hətta cümhuriyyətçi Türkiyə mediası bundan təəccüblənərək, belə bir manşet xəbəri verdi: “Bakıdakı əməliyyatı camaatmı yönləndirir?”

Əlbəttə, qardaş ölkədə yüzlərlə günahsız insanın həyatına bais olmuş qorxulu bir çevriliş təşəbbüsünün arxasında duran təriqətin ifşasına medianın aktiv qatılması normaldır. Amma bunu edərkən elə təriqətin ənənəvi tələsinə düşməmək lazımdır. Məsələ ondadır ki, qiyamdan sonrakı ilk günlərdə Ankarada FETÖ-nü uzun illər araşdıran mütəxəssislərlə apardığım söhbətlərdə onların əsas narahatlığı ondan ibarət idi ki, camaatın elə birinci taktikası ifşa olma anlarında “B” planını işə salaraq, ictimai rəyi əsl hədəfdən, yəni özlərindən yayındırmaqdı. Qəzetimizin də yazdığı məqalədə göstərildiyi kimi, camaat qiyamdan dərhal sonra AKP-dən ağlasığmaz adları dövriyyəyə buraxmağa başladı. Məqsəd isə qiyam ətrafında paranoya yaradaraq, hökumətin əsl “gülənçilər”lə mübarizəsini nüfuzdan salmaq idi.

Bənzər taktika Azərbaycan mediasında da təkrarlanmaqdadır. Son günlər adı yenidən “nurçular” siyahısında hallandırılan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Elşad İskəndərovun bu siyahıda olması isə ümumiyyətlə, lətifəyə bənzədi. Məsələ ondadır ki, işdən çıxarılmamışdan, yəni barəsində mediada “gülənçi” iddiaları ortaya atılmamışdan bir neçə ay əvvələ qədər E.İskəndərov haqqında bəzi media orqanları “anonim mənbələrə əsasən” şiə olduğu haqda silsilə yazılar verirdilər. O zamanlar DQİDK ciddi şəkildə radikal dini qruplara qarşı ciddi tədbirlər həyata keçirirdi. Və radikalların təsirində olan saytlardan birində E.İskəndərovun oğlunun adının Hüseyn olduğu və bunu bir gizli şiə olması ilə izah edən “məqalə” də yayılmışdı. Ancaq bir neçə ay sonra Azərbaycanda “nurçu” ifşası kampaniyası başlayanda nədənsə bu məlumatlar unuduldu və E.İskəndərovun “nurçu”, yəni “gülənçi” olması xəbərləri yayılmağa başladı və bir neçə ay əvvəl şiə olduğu üçün Hüseyn adı qoyduğu oğlunun adının bu dəfə Ömər olduğu iddiaları yayılmağa başladı.

2014-cü ilin mayında E.İskəndərov vəzifədən azad edildikdən sonra isə bu kampaniya sanki “legitimlik” qazandı. Az sonra isə sabiq DQİDK sədri ölkə prezidentinin göstərişi ilə yenidən diplomatik vəzifəyə, İstanbulda İslam Konfransı Gənclər Təşkilatına baş katib vəzifəsinə təyinat aldı. 2014-cü ilin oktyabrında isə Bakıdan “nurçu” adı ilə işdən azad edildiyi iddia edilən İskəndərov Türkiyədə “gülənçilərlə” amansız mübarizə aparan prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi ilə qurulan, elə həmin Ərdoğanın oğlu və FETÖ şantajının əsas hədəflərindən olan Bilal Ərdoğanın (Gənclər sahəsində fəaliyyətlərdə yaxından iştirak edir – K.R.) şəxsən iştirak etdiyi seçkidə Azərbaycan və Türkiyə hökumətlərinin ortaq namizədi olaraq İKGF-nin sədri seçildi.

İndi isə Bakıda yenidən “nurçu ovu” başlayıb və kimlərinsə yadına yenidən İskəndərovu “nurçu” elan etmək düşüb. Ancaq doğrudanmı, cəmiyyəti bu qədər təzadlı məlumatlara inandırmaq asandır? İskəndərovun Azərbaycanda işlədiyi dövrün böyük bir hissəsində şiə elan olunan, vəzifəsindən guya Türkiyənin tələbilə azad edilən, sonradan elə həm də Türkiyə hökumətinin dəstəyi ilə İstanbulda vəzifəyə təyin olunması ona qarşı kampaniyanın başqa hədəflərindən xəbər verir.

Azərbaycanda dini prosesləri izləyən biri kimi, E.İskəndərovun ətrafında yaradılan bu informasiya bulanıqlığı ilə bağlı iki əsas versiya ağlıma gəlir. İlk növbədə qeyd olunduğu kimi, E.İskəndərov sədri olduğu dövrdə DQİDK-in əsas hədəfi ölkənin dini sahəsini radikal dini qruplardan təmizləmək olub. Azərbaycanda dini proseslərin ən gərgin dövründə, dini zəmində gərginliyin pik nöqtəsində vəzifəyə təyin olunan E.İskəndərov işlədiyi iki il ərzində bir xeyli işlər görə bildi. Dini qruplar içərisində həbslər davam etsə də (2012-ci ilin oktyabrın 5-də ikinci hicab aksiyası oldu, 2013-cü ilin martın 31-də isə T.Bağırov ikinci dəfə həbs olundu – K.R.), bütövlükdə dini zəmində gərginlik 2013-cü ildə böyük ölçüdə zəifləmişdi. Eyni zamanda, Komitə radikal dini qruplara qarşı ciddi fəaliyyət həyata keçirirdi, xarici ölkələrə savaşçı göndərən, radikalizmi təbliğ edən bir sıra məscidlər radikallardan təmizləndi, icma və imamlar dəyişdi. Bunun nəticəsi hələ də təsirlidir. Komitənin bu aktivliyi din sahəsinin əsas monopolisti QMİ sədrini də açmırdı və açıq büruzə verilməsə də, Komitə-QMİ gərginliyi pik həddə çatdı.

Bu da öz növbəsində E.İskəndərov istər həmin qrupların, istərsə hakimiyyət daxilində dini faktorla manipulyasiyanı monopoliyasına almış və belə vəziyyətdə maraqlı olmayanların, o cümlədən QMİ-nin rəhbərliyinin hədəfinə çıxardı. Hətta bizə çatan bilgilərə görə, E.İskəndərovun vəzifədən alınmasında Şeyxülislamın “yuxarıya” şikayətlənmələrinin də rolu olub. Yəni o zaman “nurçuluq” izinin arxasında məhz bu dairələrin durmasını böyük ehtimalla söyləmək olar.

İkinci mühüm versiya isə “gülənçilər”lə bağlıdır. Belə ki İskəndərovun başçılıq etdiyi İƏT Gənclər Forumu 15 iyul qiyamı əleyhinə ilk gün sərt bəyanat verdi və elə bu günlərdə də FETÖ-nun beynəlxalq aləmdə ifşasıyla bağlı silsilə tədbirlər keçirir. Yəni birbaşa Gülən şəbəkəsinin hədəfindədir. Ona görə İskəndərov ətrafında cərəyan edən proseslər “camaat”in yuxarıda qeyd etdiyimiz “əl işinə” bənzəyir. Özü də bu iz azdırmaq işi Azərbaycan media məkanına buraxdıqları şayiələr vasitəsilə edilir. Görünür ki, “köhnə siyahını” yenidən dövriyyəyə buraxanlar Türkiyədə olduğu kimi, ənənəvi “camaat” taktikasını həyata keçirirlər. Yəni iz azdırmaq, tamamilə kənar adamları “gülənçi” adı ilə “ifşa” etmək və bununla da əsl “gülənçiləri” qorumaq taktikasını davam etdirirlər. Bununla da eyni zamanda öz rəqiblərini sıradan çıxarırlar.

Bulanıq sularda iz azdırmanın təhlükəsi isə ölkədə gerçəkdən təhlükəli təriqətin ifşasını əngəlləmək və həqiqi “gülənçilər”ə qarşı aparılan mübarizənin Türkiyədə olduğu kimi, beynəlxalq ictimaiyyətin gözündən salmaqdır.

P.S. Materialı hazırlayarkən 2014-cü ildə saytlarda yayılmış bir xəbər google-də qarşıma çıxdı. Rəsmi açıqlamada yazılırdı ki, İskəndərovun 2 oğlu var, adları da – Hüseyn və Əlidir.

Kənan Rövşənoğlu,
musavat.com

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …

Bir cavab yazın