Ana səhifə / Cəmiyyət / “Eldar İsmayılın ədəbi-bədii və publisistik yaradıcılığı çoxşaxəli və zəngindir”

“Eldar İsmayılın ədəbi-bədii və publisistik yaradıcılığı çoxşaxəli və zəngindir”

Azərbaycan ədəbiyyatına ağır itki üz verib. Tanınmış şair, publisist, görkəmli ictimai xadim, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” və “Araz” ali ədəbi mükafatları laureatı,”Əməkdar jurnalist” Eldar Ələsgər oğlu İsmayılov (Eldar İsmayıl Böyük Türk) fevralın 20-də 79 yaşında vəfat edib.

Ədəbi yaradıcılığa gənc yaşlarında başlayan Eldar İsmayıın ilk mətbu əsəri olan “Kəndimiz” adlı şeri Eldar Ağbulaqlı imzası ilə 1961-ci ildə “Lenin yolu” qəzetində işiq üzü görüb.Azərbaycan Dövlət Universitetində ali təhsilini başa vurduqdan sonra doğma vətəni Göyçə mahalının Çəmbərək  rayonunun Ağbulaq kəndinə qayıdan Eldar İsmayıl bir sıra məsul vəzifələrdə çalışıb. Həmin müddətdə o, ədəbi yaradıcılığını da davam etdirib. Görkəmli ədib erməni millətçilərinin təzyiqlərinə baxmayaraq, doğma elinə-obasına, xalqına ləyaqətlə xidmət edib.

Azərbaycan türklərinin1988-ci ildə öz əzəli tarixi torpalqarından son deportasiyası zamanı Eldar İsmayıl xalqın vətənpərvər və ziyalı övladı kimi sinəsini irəli verərək soydaşlarımızın erməni daşnakları tərəfindən kütləvi qırğına məruz qalmasının qarşısının alınmasında fəal rol oynayıb.

Eldar İsmayılın ədəbi-bədii və publisistik yaradıcılığı çoxşaxəli və zəngindir. Onun  yaradıcılığının əsas qayəsi və ana xətti vətən sevgisi, xalqına, millətinə, el-obasına bağlılıq, eləcə də bəşəri dəyərlərin tərənnümü və təbliği olub. Eldar İsmayılın “Ulu Göyçə”, “Mən kiməm”, “Türkün xilaskarı”, “Ulu Turan yolunda”  adlı poemalarında Türk dünyasının, eləcə də Türk millətinin əzməti çox böyük bədii ustalıqla öz əksini tapıb.

Ədibin “Xüsusi mükafata” layiq görülmüş “Göyçənin qisası qalır”,  “Səttaroğlu” tarixi romanları da geniş oxucu kütləsi qazanib və çağdaş ədəbiyyatımızda özünəməxsus bir iz buraxıb. “Məndən ötrü Ermənistan yoxdu, yox”, “ Mən burda qəribəm, yurd orda qərib”, “Sən məni aldada bilməzsən dünya”  “Ağrı dağı qədər ağrılarım var”,  “Ermənistan türklərinin 1988-ci il soyqırımı”  adlı əsərlərində Eldar İsmayılın vətən nisgili, doğma yurd-yuvaya həsrət yanğısı ilə yanaşı, dünyadakı haqsızlığa, ədalətsizliyə üsyankarlıq və etiraz çox ustalıqla qələmə alınıb. O, bütün bunlara rəğmən heç vaxt ruhdan düşməyib, haqqın-ədalətin qalib gələcəyinə, yenidən əzəli torpaqlaraımıza qayıdacağımıza ümidlərini bir an da itirməyib. Əksinə gənc nəslin  yüksək vətənpərvərlik və əzmkar, mübariz yetişməsi üçün əlindən gələni əsirgəməyib. Onun bu zəhməti istər Azərbaycanda, istər qardaş Türkiyədə yüksək qiymətlənidrilib və müxtəlif mükafatlara layiq görülüb. “Türk Ədəbiyyatına Hizmət” beynəlxalq mükafatına layiq görülən, “Məslək Şərəf Diplomu”  və Beynəlxalq Təltiflər İttifaqı Birləşmiş Millətlərin İctimai Mükafatı üzrə Şurası tərəfindən ədəbiyyata böyük xidmətlərinə görə “ Vəzifə və Şərəf” Ordeni ilə təltif  edilən, E.İsmayılın əsərləri xarici ölkələrdə də çap olunub və sevilə-sevilə oxunur. E.İsmayılın bizlərə qoyduğu möhtəşəm ədəbi irsi mənəvi dəyərlərimizin daha da zənginləşməsində, çağdaş ədəbiyyatımızın inkişafında, tarixi gerçəkliklərin üzə çıxarılmasında və vətənpərvərlik ruhunun yüksəldilməsində müstəsna əhəmiyyət kəsb edir. Onun işiq üzü görmüş 50-dən çox kitabı masaüstü kitablar siyahasındadır.

Eldar İsmayılın ictimai-siyasi fəaliyyəti də uğurlu olub. O, Azərbaycanda başlanan Milli Azadlıq Hərəkatında ön sıralarda olmaqla yanaşı, müstəqilliyimizin qazanılmaslnda və möhkəmlənməsində əvəzsiz xidmətlər göstərib. E.İsmayıl  ölkənin ilk siyasi partiyası olan Azərbaycan Milli istiqlal Partiyasının sıralarında demokratiyanın bərqərar olması və hüquqi dövlətin qurulması istiqamətində aparılan mübarizədə aktiv iştirak edib. Partiyada ona dəfələrlə yüksək etimad göstərilməklə  seçkili orqanlara seçilib. E.İsmayıla yüksək mədəniyyətinə, geniş dünyagörüşünə, xoş xasiyyətinə və mehriban münasibətinə görə həmişə dərin hörmətlə yanaşılıb və böyük ehtiram göstərilib. E.İsmayıl uzun illər ərzində “Təbib” qəzetiniə rəhbərlik etməklə əmək fəaliyyətindən və  sevdiyi peşəsindən də ayrlmayıb. Son nəfəsinədək xalqına, dövlətinə xidmət edib. 

Eldar İsmayılın vəfatı xaqlımız, millətimiz, eləcə də milli istiqlalçılar üçün ağır itkidir. Onun daşıdığı ideyalar və dəyərlər, miras qoyduğu zəngin irs həmişəyaşar olduğu üçün mərhumun əziz xatirəsi də onu sevənlərin qəlbində daima yaşayacaqdır.

Vətənpərvər ziyalımız Eldar İsmayılın vəfatından kədərləndiyimi bildirir,  ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin.

Etibar Məmmədov

AMİP lideri

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …