Ana səhifə / Cəmiyyət / “Elçibəy sağ olsaydı, özü onu tənbeh edərdi ki…”

“Elçibəy sağ olsaydı, özü onu tənbeh edərdi ki…”

Mərhum Prezident Əbülfəz Elçibəyin qardaşı qızı Səadət Məmmədova AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyini məhkəməyə verib. Bu barədə yerli mətbuata Səadət Məmmədovanın vəkili Ülviyyə Mirzəliyeva məlumat verib. Vəkil qeyd edib ki, Səadət Məmmədova qərəzli şəkildə muzeydəki işindən çıxarılıb: “Məmmədova Səadət Murad qızı 1973-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarix Muzeyində ilk əmək fəaliyyətinə zal növbətçisi vəzifəsindən başlamış, daha sonra laborant, böyük laborant və elmi işçi vəzifəsinə qədər yüksəlmişdir. Bir sıra elmi məqalələrin, elmi işlərin müəllifi olmuşdur. Ölkəmizin ən çətin dönəmində milli ruhun yaranmasında əməyi olub.

Lakin 2019-cu ildən başlayaraq ona rəhbərlik tərəfindən mənəvi təzyiqlər olmuş, 2019-cu ilin 16 aprel tarixində Muzeyin Etnoqrafiya Elmi Fond Şöbəsinin 12-ci dərəcəli elmi işçisi olduğu halda, heç bir əsas göstərilmədən kitabxanaya 9-cu dərəcəli böyük laborant vəzifəsinə keçirilib. 2021-ci ilin iyun ayının 25-də kitabxana 9-cu dərəcəli böyük laborantı vəzifəsindən Etnoqrafiya və Elmi Fond şöbəsinə keçirilib. Demək olar ki, Nailə Vəlixanlı 2019-cu ildən 2022-ci ilə qədər muzeyin daxilində gah vəzifəsi aşağı salmış, gah da bir şöbədən digərinə keçirilərək mənəvi təzyiq altında qoyub ki, könüllü olaraq ərizə yazıb işdən çıxsın.

Lakin bunun baş vermədiyini gördükdə 2022-ci ilin 5-8 aprel tarixlərində keçirilmiş attestasiyanın nəticələrinə əsaslanaraq Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən, tutduğu vəzifəsindən azad edilib. Səadət Məmmədovanın vəzifəsindən azad edilməsi qərəzlidir. Çünki həmin tarixdə 94 nəfər əməkdaş attestasiya olunmuş, onlardan dördü tutduğu vəzifəyə uyğun olmayıb və başqa vəzifəyə keçirilməsi tövsiyə olunub. Yalnız Səadət Məmmədova işdən azad olunmağa tövsiyə edilib”. Səadət Məmmədova bu qərardan narazı qalaraq işə bərpa iddia ərizəsi ilə Səbayel Rayon Məhkəməsinə müraciət edib. İş hakim Şahin Abdullayevin icraatına verilib və 16.08.2022 tarixində hazırlıq iclası keçirilib. Növbəti məhkəmə baxışı isə sentyabrın 22-si, saat 15:00-a təyin olunub.

Nailə Vəlixanlı “Şərəf” ordeni ilə təltif edildi - "İki sahil"

Nailə Vəlixanlı

Məsələ ilə bağlı Azərbaycan Milli Tarix Muzeyinin baş direktoru Nailə Vəlixanlı “Yeni Müsavat”a açıqlama verib: “Mən 25 ilə yaxındır ki, bu muzeydə işləyirəm. Səadəti indi tanımıram ki… Səadətin də Elçibəyin qardaşı qızı olduğunu o vaxtdan bilirdim. Elçibəylə biz tələbə yoldaşı olmuşuq. Çox gözəl əlaqəmiz vardı. Burada hər şey düzgündür. Mənim nəyimə lazımdır ki, neçə ilin işçisini çıxarım? Elçibəyin adını nəyə görə bədnam edirlər? Bizim hamımızın Elçibəyə hörmətimiz var. Bir-iki ilə qədər o, Elçibəyin paltarlarına qədər bizə verib. Bunu siyasi məsələyə çevirməsinlər. Elçibəyin adını çəkməklə məsələni siyasiləşdirmək günahdır. Çünki Elçibəyin bura heç bir aidiyyəti yoxdur. Onların yazdıqlarında o qədər haqsızlıqlar var ki… Lazım gəlsə, mən onun özünü məhkəməyə verərəm, böhtanlarına görə. Ayıb deyil, biz neçə il bir yerdə işləmişik. Ancaq o özü öz səviyyəsini çox gözəl bilir. Gəlin, buyurun, mən onun planlarını da sizə göstərim. Bu vaxta kimi mən onun planlarına əhəmiyyət verməmişəm. Heç vaxt onu yoxlamamışam ki, pisdir-yaxşıdır. Elçibəyə görə yox, sadəcə olaraq, onun səhhətinə görə, əvvəldən xəstədir o. Xəstə olub deyə onun işlərini yoxlamamışam. Onun xarici görünüşündən də bilinir ki, xəstədir, yazıq işləyə bilmir. O deyir ki, uşaq oxutdururam. Onun qızının 37 yaşı var, dissertantdır, Türkiyədə oxuyur. Danışan çoxdur, ağızlarına gələni deyirlər. Mən heç kəsin səviyyəsinə enib, onlara cavab vermək fikrində deyiləm”.

Baş direktor işdən çıxarılma səbəbinə aydınlıq gətirdi: “Akademiyadan əmr gəlmişdi ki, biz attestasiya keçirməliyik.  Attestasiya xüsusi olaraq ondan ötrü keçirilməyib ki… Kiməsə xəbərdarlıq olunub. Lakin bunun özü artıq neçə vaxtdır ki, normal işə gəlmir. Şöbədən-şöbəyə keçirilməyib. Etnoqrafiyada işləyirdi, sonra biz onu kitabxanaya keçirdik. Nəyə görə? Bu adam işləyə bilmirdi. Ona görə dedim, nə vaxt istəyirsən gəl, nə vaxt istəyirsən gəlmə. Ona zorla işə gəlməyə məcbur etməmişik. İndi də Elçibəyin adını çəkirlər. Elçibəy sağ olsaydı, özü ona tənbeh edərdi ki, adımı niyə siyasiləşdirirsən? O cür hörmətli adamın adını hallandırır. Mən 25 ildir bilmirəm ki, o, Elçibəyin qardaşı qızıdır? Mən neçə vaxt idi ki, onu qoruyurdum. Bizdə 2019-cu ildə də attestasiya olmuşdu. Onda da keçməmişdi, yalvardı ki, qızımı oxutdururam, mənə iki il dəyməyin. İki il bitdi, indi də işə gəlmirsən, bir məhsul vermirsən… Attestasiyada protokol var, ondan soruşdular ki, nə iş görürsən, dedi heç bir şey. Bu indi bizdən nə istəyir?! Xəstədir, əksinə, buna dincəlmək lazımdır, pensiyasını alsın, dincəlsin. Ayın 22-də məhkəmə olacaq. Məhkəmədə deyib ki, sərt pandemiya vaxtı attestasiya olub. O zaman sərt pandemiya yox idi. Hazırda biz Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstəririk. Nazirlikdə artıq 65 yaşdan yuxarı şəxsləri təqaüdə göndərirlər.  Əgər sabah o, bərpa olunsa da, nazirlik onu saxlamayacaq. Artıq akademiya sistemi deyil. Akademiyada elmi işlərə görə yaş həddi yox idi. Amma nazirliklərdə bu var”.

Siyasi şərhçi Oqtay Qasımov: "ERMƏNİSTAN QRAFİKİ O VAXT TƏQDİM EDƏCƏK Kİ,  LAÇIN DƏHLİZİ GÖTÜRÜLSÜN"

Oqtay Qasımov

Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov da məsələ ilə bağlı fikirlərini açıqladı: “Məsələnin detallarından məlumatım yoxdur. Ona görə nə isə deməyim doğru olmaz. Amma məsələyə vətəndaş hüququ baxımından yanaşsaq, əlbəttə, hər bir vətəndaşın hüququ qorunmalıdır. O cümlədən Səadət xanımın. Əgər hər hansı bir qeyri-qanuni hərəkətlər olubsa, əmək qanunvericiliyi pozulubsa və ona qarşı qərəzli münasibət olubsa, bu məsələ həllini tapmalıdır. Haqsızlıq ortadan qaldırılmalıdır. Onun hüququ bərpa olunmalıdır. Nə addım atılacaqsa, hamısı Azərbaycan qanunvericiliyi əsasında olmalıdır”.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …