Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / “Elə bilirəm ki, Cəbrayıl mənə hədiyyə olundu” – Aprel şəhidinin xanımı

“Elə bilirəm ki, Cəbrayıl mənə hədiyyə olundu” – Aprel şəhidinin xanımı

“Vüqar söz vermişdi ki, növbəti doğum günündə Cəbrayılı sənə hədiyyə edəcəyəm”.

Bunu Azvision.az -a açıqlamasında Aprel döyüşlərində şəhid olan polkovnik Vüqar Yusifovun həyat yoldaşı Lalə Əliyeva Qarabağda gedən döyüşlərdən danışarkən deyib. Şəhid xanımı qələbə xəbərlərini sevinclə izlədiyini bildirib.“Cəbrayıl şəhəri işğaldan azad olunanda gözümün qabağına Vüqar gəldi. Mənə demişdi ki, növbəti doğum günündə Cəbrayılı sənə hədiyyə edəcəm. O günü görmədiyinə görə çox pis oluram. Amma Vüqarın qanı yerdə qalmadı. Elə bilirəm ki, Cəbrayıl mənə hədiyyə olundu.

Səngərdəki əsgərlər mənim qardaşlarımdır. Hamısı Vüqarın dostlarıdır. Qisas alırlar, həm də öz torpaqlarımızı azad edirlər. Talış kəndi alınanda Vüqarın şəhid olması, Aprel döyüşləri gözümün önündə canlandı. Şükür ki, bu günü gördüm. Bəlkə də qələbə xəbərlərinə şəhid ailələrindən çox sevinən olmaz. Əsgərlərimizə dua edirik. Bu, müharibədir. Şəhidimiz olacaq. Vətən birdir, amma oğullarımız çoxdur. Qurban veririk ki, vətən yaşasın. Torpaqlarımızın alınması bizim övladlarımıza da təsəllidir. Sabah uşaqlar fəxrlə deyəcək ki, mənim atam Qarabağ müharibəsində iştirak etdi, torpağımız alındı, atamın qisası yerdə qalamdı. Ordumuza dayağıq. Apreldə keçirdiyim həyəcanın iki qatını mən bu döyüşlərdə yaşadım”.


(Şəhid polkovnik Vüqar Yusifov)

L. Əliyeva əsgər analarına müraciət edərək deyib: “Əsgər anaları, mən sizi başa düşürəm, mən də anayam. Soyuqqanlı olun. Fikirləşin ki, müharibə dayansa, onun ağırlığı sabah nəvələrə, övladlarımıza qalacaq. Bu döyüşdə mən bir daha əmin oldum ki, bizim necə güclü ordumuz var. Amma xalqımız da həmrəydir. Hər səhərimi ümidlə açıram ki, bu gün hansı kəndimiz azad olunacaq. Hər kənd alındıqca Vüqarın şəkli qarşısına keçib deyirəm, gözün aydın olsun. Sən görmədin, amma sənin balan qan tökdüyün torpaqlarda azad yaşaya biləcək”.

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …