Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Ekspert məktəblərdə iş dəftəri probleminin səbəblərini açıqladı

Ekspert məktəblərdə iş dəftəri probleminin səbəblərini açıqladı

“İş dəftərlərinin çatışmamazlığı problemi hər il özünü göstərən şagird yerdəyişmələri fonunda Təhsil Nazirliyi ilə “Azərpoçt” arasındakı əlaqənin zəifliyindən qaynaqlanır”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov orta məktəb şagirdlərinin istifadə etdikləri iş dəftərlərinin satışda tapılmaması, rəsmi qurumların isə bu prosesin “Azərpoçt” vasitəsilə həyata keçirildiyi barədə bildirişinə münasibət bildirərkən deyib. Ekspertin fikrincə, problemin aradan qaldırılması üçün işi mobil şəkildə qurmaq lazımdır:

“Hər il müxtəlif məktəblər üzrə şagird sayında dəyişmələr baş verir. Yerdəyişmələr nəticəsində məktəbdən asılı olaraq növbəti tədris ilində şagird sayı əvvəlki dövrə nisbətən azala və ya çoxala bilər. Bakının Nərimanov, Xətai, Binəqədi, Yasamal rayonlarında şagird yerdəyişmələri daha çox olur. Bu ərazilərdə şagird artımı müşahidə olunsa da, əvvəlki sayda iş dəftəri göndərilir və bu səbəbdən hamıya çatmır. Görünən odur ki, bu məsələdə Təhsil Nazirliyi ilə “Azərpoçt”un arasında əlaqə müəyyən qədər zəifdir. Şagird sayı ilə bağlı rəqəmlər sentyabrın 1-nə qədər “Azərpoçt”a verilməlidir ki, qurum hər rayon üzrə nə qədər şagirdin məktəbə gedəcəyini bilsin”. 
Təhsil eksperti çatışmamazlığın yaranmaması üçün hər bir poçt məntəqisinə göndərilən iş dəftərlərinin sayını 30 faiz artırmağı məsləhət görüb:
“Poçtlara verilən iş dəftərlərinin və digər vəsaitlərin sayı 30 faiz artıq olmalıdır ki, belə problem yaranmasın. Belə olarsa, problem də yaşanmayacaq”. 
Prosesin “Azərpoçt” MMC-yə həvalə edilməsinə gəlincə, K. Əsədov bildirir ki, bu addım əlçatanlığın təmin edilməsi üçündür:
“Ölkə təkcə Bakı şəhərindən ibarət deyil. Ucqar kəndlərimizdə kitab satışı məntəqələri yoxdur. Məhz əlçatanlığın hər kəs üçün təmin edilməsi məqsədilə iş dəftərləri poçtlara verilir ki, bütün valideynlər bu vəsaitləri rahat şəkildə əldə edə bilsin. Kitab ləvazimatları satan məntəqələr isə kəndlər bir yana, elə rayon mərkəzləri var ki, orada da yoxdur. Digər tərəfdən, bu işin həyata keçirilməsi ona görə poçtlara həvalə edilib ki, bəzi hallarda kitab satışı məntəqələrində iş dəftərlərinin qiymətini süni şəkildə qaldırırlar. Bir sıra hallarda isə kitab satışı məntəqələri hətta orijinal vəsaitlərin kopyalarını çıxardıb satmaqla, orijinalı geri qaytarır”. 

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …