Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Dünyada nərd və nərd oyunun ixtirasına görə ilk patenti bu azərbaycanlı alıb

Dünyada nərd və nərd oyunun ixtirasına görə ilk patenti bu azərbaycanlı alıb

Nərdin 5 min illik tarixi var. Bu günə qədər ənənəvi nərdtaxtada 101-ə yaxın oyun ixtira olunub. Onlardan ikisi üzrə isə dünya çempionatı keçirilir. Bunlar “backgammon” və “longammon” adlanır. “Backgammon”a Azərbaycanda “döymə oyunu” deyirlər. Ancaq Azərbaycanda, əsasən, “longammon” — uzun oyun oynanır. Nərddə bir çox xalqların — ermənilərin, özbəklərin, gürcülərin, amerikanların, rusların, türklərin oyunları var. Ancaq Azərbaycanda bu günə qədər heç bir nərd oyunu icad edilməmişdi.

Və bunu ilk dəfə azərbaycanlı alim Rəsul Əhmədov edib. Alim deyir ki, Azərbaycanda çempionatların keçirildiyi növlər üzrə nərd oynayan yoxdur: “Bizdə oynanılan oyunlar heç bir əhəmiyyəti olmayan, nərd üzrə əyləncə oyunlarıdır. Bu oyunların idman əhəmiyyəti yoxdur. Məni beynəlxalq yarışlara dəvət edirlər. Gedirəm, iştirak edirəm, amma oynamıram. Mən bu oyunlar zamanı ixtira etdiyim nərd oyunlarını nümayiş etdirirəm”.

Kimya üzrə fəlsəfə doktoru Rəsul Əhmədov
Kimya üzrə fəlsəfə doktoru Rəsul Əhmədov

R.Əhmədov indiyədək 2 nərdtaxta və 6 nərd oyunu ixtira etdiyini deyir: “Yarışlarda xüsusi otaqlarda mənim üçün masa ayrılır və mən öz ixtiralarımı nümayiş etdirirəm. İlk dəfə olaraq dünya idman tarixində nərdin və nərd oyunun ixtirasına görə ilk patenti mən almışam. Əcnəbi olsaydım, məni tanıyacaqdılar. Amma mən azərbaycanlıyam və təəssüflər olsun ki, Azərbaycanda nərdə əyləncə kimi baxırlar”.

Həmsöhbətimiz ixtira etdiyi nərdtaxtaların və oyunların fərqindən də danışır: “Azərbaycanda istifadə edilən nərdtaxtada daşlar 30 dənə — 15 ağ, 15 qara olur, zərin üzündə isə 6 və 24 xana var. Mən isə daha çox intellekt tələb edən, nərdtaxta və nərd oyunu ixtira etmişəm. Bu. intellektli adamlar üçündür. Mənim ixtiramda zərin 8 üzü var, daşlar 40, xanalar isə 32 dənədir. Nərdtaxtalar bir-birindən tamamilə fərqlənir. Mən yeni qaydalarla oyunlar da ixtira etmişəm”.

Əhmədov “backgammon” və “longammon” oyunları əsasında da yeni oyunlar icad etdiyini qeyd edir:

Beynəlxalq səviyyəli “backgammon” oyununun əsasında icad etdiyim oyun “azəri backgammon” adlanır. Burada daşların düzülüşü və qaydalar fərqlidir. İkinci oyun isə “azəri longammon”dur. Bu, uzun oyun ixtira etdiyim nərdtaxta üzərində oynanılır”.

Alimin fikrincə, Azərbaycanda müəyyən qurumlar bu oyunları dünyaya çıxarsa, Azərbaycan dünya idmanına töhfə vermiş ölkə hesab ediləcək: “Bu oyunlar üzrə çempionatlar keçirilsə, Azərbaycan dünya idmanına yeni intellektual masaüstü oyun vermiş ölkə hesab ediləcək. Belə statusu dünyada 4-5 ölkə alıb. Misir (dama), Hindistan (şahmat), İran (nərd), Çin (domino), Yaponiya (“Go” oyunu) üzrə dünya idmanına töhfə verən ölkələrdir. Azərbaycan bu sırada 6-cı ola bilər. Dünyada domino üzrə çempionat keçirilir, Azərbaycanda isə elə bilirlər ki, domino əyləncə oyundur”.

Azərbaycanda yeni nərdtaxta icad edilib
Azərbaycanda yeni nərdtaxta icad edilib

Müsahibimiz, həmçinin uşaqlar üçün də nərdtaxta və nərd oyunları icad etdiyini vurğulayır: “Bəzən uşaqlar da nərd oynamaq istəyir. Amma nərdtaxta çətin olduğu üçün qəbul edə bilmir. Taxta mürəkkəbdir, daşlar çoxdur və s. Buna görə uşaqlar üçün də nərdtaxta yaratmışam. Burada zərin 4 üzü var, daşların sayı 20-dir, xanalar isə 16 dənədir. Uşaqlar üçün nərdtaxta üzərində 4 oyun hazırlamışam: uşaqlar üçün “backgammon”, “longammon” və iki tamamilə yeni oyun”.

Əhmədov bildirir ki, uşaq oyunlarının bir çox faydalı tərəfləri var:

“Uşaqların intellektual inkişafı təkcə onların gələcəkdə uğurlu olması demək deyil. Bu, o deməkdir ki, uşaqlar inkişaf etsə, gələcəkdə bu xalq daha yaxşı yaşayacaq”.

“19-cu əsrdə psixoloqlar müəyyən edib ki, uşaqların intellektual oyunlar oynaması onların gələcəyi üçün faydalıdır. Bundan sonra uşaqlar üçün müxtəlif oyunlar icad edilib. Bu oyunlar isə əyləncəli oyunlardır. Ancaq əyləncə oyunları uşaqların intellektinə təsir etmir. Çünki onlar bu oyunları ancaq istədikləri zaman oynayırlar. Buna görə də uşaqlar üçün intellektual oyunlar yaradılmalıdır. Bunu da ilk dəfə azərbaycanlı alim yaradıb”, – müsahibimiz deyib.

R.Əhmədov sonda onu da vurğulayıb ki, bu məsələlərə Azərbaycanda olmasa da, xaricdə çox böyük dəyər verilir.

 

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …