Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / DTX hər kəsi məsuliyyətə cəlb edə bilər? – AÇIQLAMA

DTX hər kəsi məsuliyyətə cəlb edə bilər? – AÇIQLAMA

Artıq bir neçə aydır ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) apardığı əməliyyatlar çərçivəsində müxtəlif vəzifəli şəxslərin məsuliyyətə cəlb olunmasına şahidik.

Belə olan halda maraqlı suallar yaranır ki, görəsən, DTX istənilən şəxsin məsuliyyətə cəlb olunmasında birbaşa iştirak edə bilər? Yəni fərqi yoxdur, nazir olsun ya deputat ya da hakim. “Qara maskalılar” hər kəsin qapısını döyə bilər? Hamı törətdiyi əmələ görə məsuliyyətə eyni qaydada cəlb olunurmu?

Mövcud suallar ətrafında Modern.az-a danışan Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev deyir ki, cinayətin növünə görə məsuliyyətə cəlb olunma da dəyişir. Amma qanun qarşısında hamı eynidir:

“Məsuliyyətə cəlb olunma məsələsi cinayətin növünə görə fərqlənir. Məsələn, ağır cinayət, az ağır cinayət, xüsusilə ağır cinayət yaxud da ictimai təhlükəli olmayan cinayət növləri var. Yəni cinayətin ağırlıq dərəcəsinə uyğun olaraq hər kəsin baş verən əməldə iştirakına müvafiq qiymətləndirmə aparılır və cəzalar təyin olunur. Kimisə təhqir edirsənsə, bu başqa maddədir, kiminsə əmlakına ziyan vurursansa, bu başqa məsələdir. Ümumiyyətlə, korrupsiya cinayətləri ayrıca bir fəsildə öz əksini tapıb. Həmin fəsildə əksər cinayətlər ağır və xüsusi ağır cinayətlər yer alır. Hər kəs qanun qarşısında məsuliyyət daşıyır. Vəzifəli şəxs tərəfindən törədilən cinayətlərin də əskəriyyəti ağır və xüsusi ağır cinayətlər sayılır, çünki onların məsuliyyəti daha böyük olur. Amma Cinayət Məcəlləsində artıq xüsusi subyekt məsələsi var. Yəni vəzifəli şəxslə adi vətəndaşın cinayət növünə görə məsuliyyətə cəlb olunmasında fərqləndirmə ola bilər. Amma hər şeydən əvvəl hansı cinayət əməlinə yol verilib, iştirak payı nədən ibarətdirsə, ona uyğun qiymətləndirmə aparılır. Ayrı-ayrı cinayətlər var ki, onu hər kəs edə bilər. Belə ki, xəsarət yetirmə cinayətinə görə hər kəs subyekt ola bilər. Cinayət edilərkən ən vacib məqamlardan biri onun subyektdir, yəni kim bu əməli törədə bilər. Burda yaş həddi də ola bilər yaxud müəyyən vəzifə sahibi ola bilər ki, subyekt o olsun”.

Hüquqşünas deyir ki, DTX cinayət məsuliyyətinə yalnız müəyyən çərçivədə cəlb edə bilər:

“DTX sadəcə səlahiyyətləri çərçivəsində iş görə bilər. Məsələn, xuliqanlığa görə DTX əməliyyat apara bilməz, onun vəzifəsi dövlət təhlükəsizliyi ilə bağlı məsələlərdir. DTX tərəfindən əməliyyat başladıldıqdan sonra iş Korrupsiya ilə Mübarizə İdarəsinə verilə bilər. Bəzi kateqoriyadan olan şəxslərin məsuliyyətə cəlb olunmasının xüsusi qaydası var. Məsələn, Milli Məclisin deputatının cinayət başında yaxalanma hallarında başqa digər vəziyyətlərdə cinayət məsuliyyətinə cəlb edilməsi üçün Baş prokurorun təqdimatı ilə Milli Məclisin razılığı lazımdır. Eyni zamanda nazirlərin də məsuliyyətə cəlb olunması üçün Baş prokurorun təqdimatı ilə prezidentin razılığı alınır. Hakimlər yalnız cinayət başında məsuliyyətə cəlb oluna bilər, digər hallarda isə onların məsuliyyətə cəlb olunması parlamentin razılığı və digər müvafiq qaydada razılıqla olmalıdır. Amma ayrı-ayrı vəzifəli şəxslər, məsələn, icra başçılarıının məsuliyyətə cəlb olunması üçün xüsusi icazəyə ehtiyac yoxdur”.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …