Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Doğma qardaşlar mebel və biznesə görə düşmənə çevrildilər

Doğma qardaşlar mebel və biznesə görə düşmənə çevrildilər

Birgə biznes çox ailələri dağıdıb. Ən yaxın qohumlar bir-biri ilə müharibəyə qalxıb, övladlar valideynlərini məhkəməyə veriblər. Biznesdə tərəfdaşlığın maraqların vəhdəti, birgə işə sədaqət, etimad və qarşılıqlı hörmət kimi təməl prinsiplərini tam olaraq anlamamaq, eyni zamanda dəqiq uçotun aparılmaması şübhələrin, fikir ayrılıqlarının, küskünlüklərin, düşmənçiliyin yaranmasına və son nəticədə, dağılmaya səbəb olur – ya ailənin, ya da biznesin. Bir çox hallarda isə hər ikisinin.

Sahibkar Mirzəyev qardaşları arasında olan münaqişənin də səbəbi bir-birinin maliyyə maraqlarına hörmətsizlik, doğrulmamış ümidlər və qarşılıqlı öhdəliklərin sənəd üzərində əks etdirilməməsi olub. Beş qardaş – Ramazan, Hüseyn, Əli, İbrahim və Qərib bir vaxtlar möhkəm ailə klanı təşkil edirdilər, lakin biznesdə tərəfdaşlıq ailə bağlarını dağıdan və ailəni düşmənçilik səviyyəsinə gətirib çıxaran məhək daşı oldu.

Azər Mirzəyev

Ailə kapitalının əsasını bir çox illər bundan əvvəl böyük və daha təcrübəli qardaş olan Ramazan qoyub. O, mebel biznesi qurub, digər qardaşları isə burada sahibkarlığın əsaslarını və ev, ofis interyeri əşyalarının hazırlanmasının sirlərini öyrəniblər. Onun qayğısı ilə kiçik qardaşlar Əli və Hüseyn öz şirkətlərini qurublar. Lakin görünür, bu gün bütün bunlar unudulub – maliyyə iddiaları və qarşılıqlı ittihamlar hər şeyi kölgədə qoyub.

Müəyyən vaxta qədər qardaşlar əl-ələ verib işləyiblər. Ramazan və oğlu Azər Mirzəyevlər özlərinə məxsus “Məmmədogulları” şirkətində, Əli və Hüseyn Mirzəyevlər isə özlərinə məxsus “Qardaşlar Mebel-3” mebel şirkətində. Hər iki şirkətin məhsullarına tələbat çox olub və Mirzəyevlər ailəsində hamı bir-birinə hörmətlə yanaşıb, bir-birlərini hər bir işdə dəstəkləyiblər.

Lakin günlərin bir günündə “Məmmədoğulları” böyük və təcili sifariş alır. Dəfələrlə olduğu kimi, şirkətin sahibləri “Qardaşlar Mebel-3”dən xahiş edirlər ki, işin bir hissəsini öz öhdələrinə götürsünlər. Təbii ki, iri həcmdə mebel sifarişinin yerinə yetirilməsi üçün taxta və digər ləvazimatların alınmasına xeyli vəsait tələb olunur. Bu səbəbdən Hüseyn və Əli Mirzyevlər maddi cəhətdən daha güclü olan Ramazan və Azər Mirzəyevlərdən iri məbləğdə pul alırlar. Lakin vaxt keçir, “Qardaşlar Mebel-3” bircə komplekt də olsa mebel təhvil vermir. Belə olan halda, şirkət rəhbərlərindən tələb olunur ki. ya işlərini sürətləndirsinlər, ya da verilən pulu geri qaytarsınlar. Onlar isə bu tələbdən inciyir və cavab verirlər ki, heç kimə heç nə borclu deyillər.

Məsələ burasındadır ki, Əli ilə Hüseyn Mirzəyevlərin işləri son vaxtlar getmirdi, hələ bu azmış kimi, şirkətin əsas payçısı olan kiçik qardaş Əli barəsində Bakı polis idarəsində 178.4-cü maddə (dələduzluq) üzrə cinayət işi başlanmışdı. Əlbəttə ki, Ramazan bunu bilirdi və yaxın qohumlara xas tərzdə ittihamların əsaslı olmasına inanmırdı. Nədənsə şübhələnsə belə, heç ağlına da gətirməzdi ki, doğma qardaşı ona da pul “atar”. Lakin yalanı, həm də ən ağrılısı odur ki, doğma insanların xainliyini o da öz üzərində hiss etdi. İşə daha qətiyyətlə yanaşan Azər Mirzəyev əmiləri barəsində polisə müraciət edir və sifariş üçün aldıqları pulu geri tələb edir.

Bu işin ən qəribə tərəfi isə ondan ibarətdir ki, qardaşı və qardaşı oğlundan şikayətlə redaksiyamıza ilk gələn Hüseyn Mirzəyev olub. Nəyə nail olmaq istəyirdi, anlamaq çətindir. Çox güman, ümid edirmiş ki, jurnalistlər araşdırma aparmadan ondan pul tələb edən qohumlarını bütün ölkədə rüsvay edəcəklər. Doğrudur, onun sözlərinə görə, “Qardaşlar Mebel-3” sifarişin özünə aid olan hissəsini yerinə yetirib.

Təbii ki, redaksiyamızın əməkdaşları Azər Mirzəyevin timsalında qarşı tərəfi də dinləyiblər. Açığını desək, onun arqumentləri daha inandırıcı səslənirdi.

“Məmmədoğulları”nın həmtəsisçisi bildirdi ki, atası ilə birlikdə uzun müddət səbrlə qohumlarının firmasına tapşırdıqları işin yerinə yetirilməsini gözləyiblər. Yad adam olsaydı, məhkəməyə müraciət edəcəklərmiş. Lakin biznes biznesdir: sifarişi “Məmmədoğulları” şirkəti götürdüyü üçün sifarişçi işi də onlardan tələb edirmiş. Eyni zamanda, şirkətdə artıq pul da olmayıb, qoyulan vəsait isə, gəlir bir yana, istehsalın dayanmaması üçün lazım imiş.

“Lakin əmilərim Hüseyn və Əli əvvəlcə vaxtı uzatdılar, sonra isə biz inad edəndə dedilər ki, nə pulu qaytaracaqlar, nə də hazır malı verəcəklər. Hüquq-mühafizə orqanlarını işə cəlb etmək lazım gəldi, həm də mənim əlimdə müəyyən sübutlar var idi. Lakin bu, borcun hələ bir hissəsidir. “Qardaşlar Mebel-3” bizdən 341 min dollar alıb. Əgər onun sahibləri bizdən heç nə almamışdılarsa, nəyə görə sonradan 840 min qaytarırdılar? Ola bilər ki, çətinlikləri olub, amma heç olmasa xəbərdarlıq etmək lazım idi.

Atam da, mən də həmişə qohumlarımıza etibar etmişik və öz öhdəliklərimizi can-başla yerinə yetirmişik. Biz işi vaxtında təhvil verməli idik, indi isə müştərilərdən üzr istəməli və mebeli hazırlamaq üçün təcili olaraq başqa podratçı axtarmaq məcburiyyətindəyik. Sifariş nəyin bahasına olursa olsun, yerinə yetirilməlidir. Lap zərərimizə olsa belə. Söhbət şirkətin işgüzar nüfuzundan gedir.

Amma pul lazımdır və indi pulumuz çatışmır. İndi isə qohumlarımız nəinki aldıqları pulu geri qaytarmaq fikrində deyillər, heç bizi pis vəziyyətdə qoyduqlarına görə üzr də istəmək istəmirlər. Hələ bu azmış kimi, polisə ərizəni ərizə dalınca yazırlar və atamla məndən şikayət edirlər, iddia edirlər ki, guya mən onlara hədə-qorxu gəlmişəm… Məni az qala qanqster kimi qələmə verirlər. Doğma insanların bu hərəkəti mənə zərbədən betərdir. Doğrudanmı, pulun hakim olduğu yerdə qardaşlıq hissləri ölür?! Xüsusən də, atama görə heyfsilənirəm – qardaşlarını çox sevirdi, böyük qardaş kimi onlara kömək edirdi…

Ümid edirəm ki, həmişə istinad etdiyim qanun hamıya ədalətlə yanaşacaq və aydınlaşdıracaq ki, necə olur, barəsində cinayət işi başlanmış şirkət dövlət tenderlərində iştirak edir”, – Azər Mirzəyev deyir.

Eyni zamanda, Hüseyn Mirzəyev inkar etmir ki, qohumuna 850 min manat pul ödəyib, həm də polis əməkdaşlarının iştirakı ilə. Lakin 341 min dollar həcmində borcu etiraf etməkdən imtina edir. İstisna etmək olmaz ki, “Məmmədoğulları” həmin borcu rəsmən qeydiyyata almayıb… Lakin Ramazan və Azər Mirzəyevlər də geri çəkilmək fikrində deyillər.

Bir sözlə, qardaşlar arasında qalmaqal getdikcə güclənir. Çoxlu sayda qohumlar, məmurlar və hüquq-mühafizə orqanlarının əməkdaşları da bu işə cəlb ediliblər.

Nə demək olar – bütün müharibələr kimi, bu qardaş qarşıdurması da başa çatacaq. Lakin bundan sonra Mirzəyevlər artıq heç vaxt sözün əsl mənasında qardaş ola bilməyəcəklər…

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …