Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəmiyyət / “Diqqətli ol, Mələkxanım Əyyubova!“ – Yazıçıdan xanəndəyə sərt etiraz

“Diqqətli ol, Mələkxanım Əyyubova!“ – Yazıçıdan xanəndəyə sərt etiraz

“Adam böyük şəxsiyyət ola bilər, amma ola bilər ki, ondan yaxşı münsif olmasın”.

Bunu yazıçı Seyran Səxavət Səkkizinci Televiziya Muğam Müsabiqəsi haqqında danışarkən deyib.

Yazıçı müsabiqədə münsif olan Xalq artisti Mələkxanım Əyyubovaya da iradlarını bildirib:

“Münsiflər, xüsusilə indiki Muğam Müsabiqəsində çox fərqlidir. Onların təxminən yarısı azyaşlılardır və azyaşlılarla nisbətən yuxarıyaşlılar yarışırlar. Münsiflərin içində sənətini çox sevdiyim, bəyəndiyim Mələkxanım Əyyubovaya bir söz demək istəyirəm. Demək istəyirəm ki, hörmətli Mələkxanım Əyyubova, siz anasınız və özünüz də nə gənc, nə də yeniyetmə deyilsiniz. Müəyyən həyat təcrübəsi görmüş bir insansınız. Siz uşaqla öz dilində danışmağı çalışın ki, bir az bacarasınız.

Müsabiqədə son 50-60 ildə bizim muğam ustadlarının oxumadığı “Ovşarı” muğamı oxundu və bunu da gənc balamız Sabir Ağayev oxudu. Bu, böyük bir riskdir. Bu Şuşanın qayalıqlarına dırmaşan əsgərlərimiz qədər hünərdir. Mən bunu bir qarabağlı, muğamın bilicisi kimi deyirəm. Mələkxanım, xahiş edirəm, uşağı “sındırmaq” olmaz.

Bu, muğam yarışmasıdır, deklamasiya, şeir yarışması deyil. Onu elə yumşaq demək olar ki, o uşağın necə ki, “Ovşarı” muğamını yumşaq oxuduğu kimi. Sən onu niyə “sındırırsan?” Uşaqla ehtiyatlı ol, uşaq Allahın çox istədiyi, sevdiyi bəndəsidir. Ən azı ona görə ki, Allahın ən çox sevdiyi bir məxluq olan uşağa qarşı ehtiyatlı, diqqətli ol, Mələkxanım Əyyubova!

Hörmətli Mələkxanım Əyyubova, sən münsif kimi danışanda danışığının yarısı Azərbaycan dilində deyil. Doğrudan da belədir, mən altmış il bu dillə külüng vuran bir adam kimi bunu deyirəm. Bu hələ uşaqdır, ilk addımını atır, yenə deyirəm ki, bu şeir məclisi deyil, şeiri öyrənmək olar. Amma musiqini, ürəklə, səslə doğulmağı öyrənmək olmur. Ona görə xahiş edirəm ki, ehtiyatlı olun. 

Demək istəyirəm ki, Mələkxanım Əyyubova, əgər mənim dediklərimə şübhəniz varsa, münsiflərin hamısının sizdən başqa Sabirə 10 qiymət verməsini xatırlayın”.  Axsam.az

Həmçinin oxuyun

Paytaxtda 600 manata səməni satılır? – VİDEO

Novruz bayramına artıq sayılı günlər qalıb. Bu bayramın əsas simvollarından biri olan səməni demək olar …