Ana səhifə / Cəmiyyət / “Diqlas”dan sonra “Karvan”: Yanğında batan pullar və “əsassız” şikayət

“Diqlas”dan sonra “Karvan”: Yanğında batan pullar və “əsassız” şikayət

Bir neçə gün öncə Bakıda yerləşən “Diqlas” ticarət mərkəzində yanğının baş verməsi ilə sahibkarların malları külə döndü. 

Bu hadisədən iki gün sonra isə prezident sahibkarlara  dəymiş maddi zərərin ödənilməsi ilə bağlı tapşırıq verdi.

Qeyd edək ki, analoji hadisə bir neçə il əvvəl Sumqayıtda yerləşən “Karvan” ticarət mərkəzində də baş vermişdi. Oradakı yanğından sonra da sahibkarlara xeyli maddi ziyan dəymişdi. İndi “Diqlas”dakı sahibkarlara dövlət tərəfindən yardım verilməsindən ruhlanan “Karvan” ticarət mərkəzinin sahibkarları da onlara dəymiş maddi ziyanın ödənilməsini xahiş edirlər edir.

Sputnik Azərbaycan-a müraciət edən şikayətçi Fizuli Quliyev illərdir aldadıldığını söyləyir: “Diqlas” Ticarət Mərkəzində sahibkarların başlarına gələn olayı biz illər öncə yaşamışıq. Təxminən 7 il idi ki, Sumqayıtda yerləşən “Karvan” ticarət mərkəzində işləyirdim. 2013-cü ildə baş verən yanğın nəticəsində həyatımızda hər şey darmadağın oldu. Mən və digər sahibkarların malı yandı. Bu olayın üstündən 6 il keçsə də, heç kimdən pulumuzu ala bilmirik”.

Şikayətçi 2013-cü ilin oktyabrında “Karvan” Ticarət Mərkəzində baş verən dəhşətli yanğın zaman 55 min manat zərərə düşdüyünü deyib: “Mənimlə eyni vaxtda orada işləyən Şirəli Əsgərova isə 170 min manat ziyan dəyib. Sahibkar Füzuli Quliyevə də 55 min manat ziyan dəyib. Bu zərərin miqdarı məhkəmə tərəfindən rəsmən təsdiqlənib. Ancaq buna baxmayaraq “Karvan”ın icraçı direktoru Kamil Əhədov ədalətsiz olaraq bizə dəyən zərəri min bir bəhanə ödəməkdən imtina edir”.

“Sumqayıtın icra başçısı Zakir Fərəcov səyyar görüşdə ziyanın ödəniləcəyi ilə bağlı fikirini bildirdi. Lakin sonradan o da, heç nə edə bilməyəcəyini dedi”, – deyə F.Quliyev əlavə edir.

Həmsöhbətimiz yanğından sonra dəyən ziyanla əlaqədar maddi durumlarının hədsiz dərəcədə pisləşdiyini söyləyib: “Bu səbəbdən də banklara olan külli miqdarda borcumuzu ödəyə bilmirik. Çox acınacaqlı vəziyyətdəyik. Bu acınacaqlı durumdan çıxmaq üçün istərdik ki, “Diqlas” Ticarət Mərkəzində ziyana düşmüş sahibkarlarla yanaşı bizi də nəzərə alsınlar”.

“Bu ziyan “Karvan” ticarət mərkəzinin rəhbəri tərəfindən ödənilməlidir. Həmin rəhbər şəxs bizim mallarımızın təhlükəsizliyinə cavabdeh idi”, – deyə o əlavə edir.

F.Quliyev bildirir ki, məhkəmə yanğın hadisəsi ilə əlaqədar olaraq orada nəzarətçi kimi çalışmış Bayramov İsməli Həmid oğlunun cavabdeh olması haqda qərar çıxarıb: “Bu qərara görə, həmin şəxs 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməli idi. 

Lakin o, 7 ay məhbus həyatı yaşadıqdan sonra azadlığa buraxılıb. İsməli Bayramov bununla bağlı olaraq Ali Məhkəməyə etiraz ərizəsi də yollayıb. O qeyd edib ki, pul müqabilində onun üzərinə belə bir ittiham qoyulub. Həmin müraciətdə Kamil Əhədovla onun atası Ağamirzə Əhədovun adı da qeyd edilib”.

Şikayətçi deyir ki, hadisə baş verəndə Ağamirzə Əhədov oranın rəhbəri, oğlu Kamil Əhədov isə müavini olub.

Qarşı tərəflərin də məsələyə münasibətini öyrənməyə çalışdıq. Sumqayıt şəhər İcra Hakimiyyətindən məsələyə münasibət bildirərək qeyd ediblər ki, Sumqayıt rayon İcra Hakimiyyəti bu məsələdə tərəf deyil. Həmin şikayətçilərin ticarət mərkəzinin rəhbəri ilə problemləri var. Onların işi məhkəmədədir.

“Karvan” ticarət mərkəzinin rəhbəri olduğu deyilən və davamlı olaraq adı hallanan Kamil Əhədov isə Sputnik Azərbaycan-a barəsində danışılanların əsassız olduğunu söyləyib: “Nə deyirlər, öz işləridir, özləri bilərlər. Cəfəng sözlər deyirlər. Çünki bununla bağlı artıq məhkəmənin qərarı var”.

Adı çəkilən İsməli Bayramov da haqqında söylənilənləri təkzib edib: “Bütün bunlar yalan məlumatdır”.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …