Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / “Deyin ki, “AMAY Abdulla” Mozambikdə inqilab edib…”

“Deyin ki, “AMAY Abdulla” Mozambikdə inqilab edib…”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, habelə Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasova barədəki cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Virtualaz.org saytının məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə A.Abdullayevin vəkili Əkbər Bağırov müdafiə çıxışı etdi.
Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibinin olmadığını, ittihamın əsassız olduğunu, prokurorluğun işə qərəzli yanaşdığını bildirdi.
Ə.Bağırovun sözlərinə görə, Sahibkarlığa Milli Kömək Fondunun ayırdığı kreditin AMAY-ın binasının təmirinə sərf olunacağını fond rəhbərliyi də daxil olmaqla hər kəs bilib, elə kredit də sırf bu məqsədlə ayrılıb: “Bu obyekt dövlət başçısının diqqətində olub, açılışında şəxsən özü iştirak edib. Abdulla Abdullayev də çıxışında dedi ki, açılışı ulu öndər Heydər Əliyevin ad gününə qədər çatdırmaq üçün vəsaitə ehtiyac olub və Sahibkarlığa Milli Kömək Fondunun vasitəsilə bunun üçün maliyyə vəsaiti ayrılıb. Fondun rəhbəri Abdulla Abdullayevlə görüşdə ona müxtəlif firmaların adına kredit götürməsini tövsiyə edib”.
Vəkil bildirdi ki, artıq ödənilmiş borca görə şəxsi ittiham etmək həm qanun, həm də təcrübə baxımından hüquqda nonsensdir: “Abdulla Abdullayevə mütəşəkkil dəstə yaradıb həmin qrupa rəhbərlik etməklə, qeyri-qanuni firmalar yaratmaqla, onların adına kredit götürməklə bağlı ittihamlar irəli sürülüb. Bunları demək asandır. Deməyə nə var ki?! Onu da deyə bilərsiniz ki, Abdulla Abdullayev Mozambikdə inqilab edib gəlib. Axı bunları sübut etmək lazımdır. Abdulla Abdullayev ayrılmış vəsaiti cibinə qoymayıb ki… Xaricdə xərcləməyib ki… O vəsait AMAY-ın tikintisinə sərf olunub. Dələduzluq maddəsi bu insana yaraşmır. Hətta Abdulla Abdullayevin öz bacısını da zərərçəkmişlər siyahasına salıblar. Halbuki bu adam bütün qohum-əqrəbasına, yaxınlarına maddi köməklik göstərib. İndi belə çıxır ki, o, öz bacısına qarşı da dələduzluq edib? İttiham tərəfi hətta bu hissəni belə sübutlar siyahısından çıxarmayıb. Hec olmasa o hissəni çıxarardılar. Bu, ittihamın əsassız və qərəzli olduğunu bir daha göstərir. Qərəz sözünü çox işlətmək istəməzdim”.
Bu məqamda A.Abdullayev yerindən replika verdi: “Bu, heç qərəz də deyil, terrordur, repressiyadır”.
Vəkil çıxışında məhkəmənin ədalətli qərar çıxaracağına inandığını dedi və müdafiə etdiyi şəxsə bəarət verilməsini istədi.
Proses davam edir.
Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.
Təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədir.
A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
İstintaq müəyyən edib ki, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib.
İstintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “A.M.A.Y” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib.
Özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

 

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın