Ana səhifə / Cəmiyyət / Deputatlar qazın və işığın bahalaşmasına qarşı çıxdılar

Deputatlar qazın və işığın bahalaşmasına qarşı çıxdılar

“İndi dünyada baş verən proseslər onu göstərir ki, qiyməti süni şəkildə saxlamaq çox çətin məsələdir. Amma məncə, bu addımlar əhalinin pensiyalarının və əməkhaqlarının artımı ilə paralel atıla bilərdi. Çünki əhali bu yükü qaldırmaq imkanına sahib deyil. Böyük əksəriyyət həm işsizlik, həm də maaşların azlığından əziyyət çəkir. Belə bir addım insanları qış vaxtı çox böyük çətinliklər içində qoyacaq”.
Deputat Fazil Mustafa bu fikirləri qazın və elektrik enerjisinin qiymətlərinin artırılması ilə bağlı Tarif Şurasının qərarını Musavat.com-a şərh edərkən söyləyib. Xidmətlər üçün müəyyənləşdirilən limitə gəldikdə, deputat deyib ki, qış aylarında əhalinin elektrik enerjisi üçün etdiyi ödənişin məbləği 25-30 manatdan az olmur: “Ona görə də çox böyük çətinliklər olacaq. Hökumət bu məsələ ətrafında düşünməlidir və əməkhaqlarının, pensiyaların qaldırılması ilə bağlı addım atmalıdır. Çünki dərmanların da, ərzaq məhsullarının da qiyməti avtomatik qalxır. Yanacağın da qiyməti qalxdığına görə, çox ciddi sıxıntılar yaşanacaq. Bu, bizimçün də üzücüdür. Çünki çoxlu müraciətlər olur, biz də cavab verməkdə çətinlik çəkirik. Məncə, Tarif Şurası bu məsələdə bir qədər də əhalinin marağını nəzərə alaraq addım atmalı idi”.
Deputat Asim Mollazadə isə hesab edir ki, bu, real vəziyyəti əks etdirən addımdır: “Çox yaxşı ki, bu addım bilavasitə qiymətləri qaldırmır, imkan verir ki, az enerji sərf edən ailələr köhnə qiymətlərlə ödəniş etsinlər. Əslində çox yaxşı olardı bu addımlarla yanaşı, maaşların, təqaüdlərin də artımı nəzərdə tutulsun və vətəndaşlara imkan verilsin ki, ciddi qiymət artımının qarşısında tab gətirə bilsinlər”. A.Mollazadə deputatların maaşının qalxmayacağını vurğuladı: “Mənə elə gəlir ki, ilk növbədə büdcədən maliyyələşən müəllimləri, həkimləri, təqaüdçüləri düşünməliyik. Bu artım imkan verəcək ki, vətəndaşlar belə bir ağır iqtisadi vəziyyətdə daha az zərər çəksinlər”.
“Mən Tarif Şurasının bu qərarını özümçün gözlənilməz hesab edirəm. Bilmirəm bu nə dərəcədə ölçülüb-biçilmiş addımdır, nə dərəcədə təhlillər aparılaraq belə bir qərara gəlinib. Hətta vətəndaşların maraqları nəzərə alınaraq tariflər artırılıbsa – belə bir yanaşma da var – düşünürəm ki, bunun özündə də kifayət qədər yanlışlıqlar mövcuddur”.
Bu fikirlər isə deputat Fəzail Ağamalıya məxsusdur. Onun sözlərinə görə, bütün binalarda vahid, mərkəzləşmiş istilik sisteminin olmadığını nəzərə almaq lazımdır: “Kimisi kombi ilə, kimisi elektrik sobaları ilə soyuq havalarda mənzillərini qızdırır. Belə olanda indiki kvota, nə 250 k/v, nə də 1500 kub kifayət etməyəcək. Bu, ciddi təhlil tələb etməyən adi bir rəqəmdir. Belə çıxır ki, istənilən vətəndaşımız 250 k/vattı köhnə qiymətlərlə ödəyəndən sonra artıq o, yeni tariflə pul ödəməlidir. Bu da onun büdcəsi üçün çox problemli bir məsələdir. Eyni yanaşma qaza aiddir. Bu gün əhalinin əksəriyyəti xüsusi evlərdə yaşayır. O evlərdə istilik sistemi yoxdur, kombi qoymaq imkanları məhduddur. Bu insanlar da qazdan istifadə edirlər. Həmin insanlar da nəzərdə tutulan limiti 2-3 ay ərzində keçəcək və yeni qiymətlərlə ödəniş etməli olacaq”. F.Ağamalı qeyd etdi ki, yeni qaydalar hər bir vətəndaşın, o cümlədən sahibkarların maraqlarına uyğun olmayan bir düzəlişdir: “Bu, sahibkarlığın inkişafına da maneədir. Həmçinin ölkə prezidentinin siyasəti ilə uzlaşmayan bir yanaşmadır. Xüsu olaraq xırda və orta sahibkarlara çox ağır təsir göstərəcək. Ərzaq məhsullarının yenidən bahalaşması gözlənilir. Bu, bir zəncirvari reaksiya doğuracaq. İndiki durumda da büdcəmizin imkanlarını nəzərə alanda əmək haqqının qaldırılması ehtimalı demək oalr ki, yoxdur. İndiki əməkhaqqı və bu cür artım…”
Deputat Arif Rəhimzadə isə “qiymət artımı ilə bağlı qərarı necə qəbul edirsiniz” sualına cavabında bunalrı bildirdi: “Necə qəbul edəcəyəm? Əlbəttə, mənfi qəbul edirəm. Mən bilmirəm ayrılan vəsait bu sahələr üçün yetərlidir, ya yox. Ancaq hər halda mən bir sakin kimi qiymət artımını müsbət qəbul etmirəm”.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın