Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Deputat Gülənlə bağlı adı hallanan müğənniləri müdafiə etdi -VİDEO

Deputat Gülənlə bağlı adı hallanan müğənniləri müdafiə etdi -VİDEO

Xalq artisti Azərin və əməkdar artist Tünzalə Ağayeva illər öncə Fətullah Gülənin sözlərinə yazılmış mahnıları ifa etməsi ilə gündəmə gəlib. Sənətçilərin Türkiyə hakimiyyəti tərəfindən haqqında həbs qərarı verilən və hazırda ABŞ-da yaşayan Gülənlə əlaqəli olduqları iddia edilib. 
Məlumat üçün bildirək ki, xalq artisti Azərin 2012-ci ildə “Samanyolu” televiziyasının 20 illik yubileyi ilə əlaqədar keçirilən konsertdə sözləri Fətullah Gülənə aid “Dünya”, əməkdar artist Tünzalə Ağayeva isə “Ona gedən yol” adlı konsertində “Güllerin efendisi” adlı mahnını ifa edib.
Müğənnilərin F.Gülənin sözlərinə yazılmış mahnıları ifa etməsi birmənalı qarşılanmayıb. Onlar haqda müxtəlif ittihamlar səsləndirilsə də, sənətçilərə dəstək olanlar fikirlərini sosial şəbəkədə bildiriblər.
Jurnalist Sevil Nuriyeva müğənnilərə sosial şəbəkədə dəstək olub: “Oxudum ki, indi də “insan”lar sadəcə, Azərbaycanın deyil, Türk dünyasının təkrarsız usta səsi Azərinə F.Gülənin sözlərinə oxuduğu mahnıya görə daş atırlar. Bu, onlarla ticari, siyasi bağlantıları olanların üzərindən diqqətləri çəkmək üçün “ağıllı” addımdır. Azərinin dırnağındakı vətən, dövlət, millət, bayraq sevgisini daşımayanların bu planlı addımı axmaqlıqdır. Azərini o Olimpiadaya dəvət edən “Xəzər TV”, orada onunla çalışanlar sənət dostları olub. O mahnı ifa edilən zaman Türkiyə dövləti daxil, heç kim bu şəbəkənin xəyanətkar olduğunu bilmirdi. Azərini ittiham edənlər ya FETÖ-nün Azərbaycan ayağı, ya da onlara bağlı insanlardır. Onlar hədəfi yanıltmaq istəyir. Azərin, sən tək deyilsən. Sənə dil uzadanlar tarixdə “üzəduran” olaraq qalacaq. Sən isə bu böyük millətin şərəfli övladı olaraq bilinəcəksən”.
S.Nuriyevanın fikirlərini sosial şəbəkədə paylaşan Azərin jurnalistə təşəkkürünü bildirib: “Əziz bacım Sevil Nuriyeva Allah razı olsun. Hər zaman dəyərli və hörmətli olasan. Allah bizi mərdimazarın şərindən qorusun”.
Əməkdar artist Tünzalə Ağayevanın prodüseri Yalçın Cabbarov isə mətbuata açıqlamasında müğənninin illər öncə oxuduğu mahnıya görə ittiham olunmasını yanlış hesab etdiyini bildirib.
Bəs, sənətçilərin illər öncə ifa etdiyi mahnıya görə bu gün qınaq obyektinə çevrilməsi doğrudurmu? Bu ittihamlar onlara hansı ziyanı vura bilər?
Musavat.com məsələ ilə bağlı millət vəkili Fazil Mustafa ilə əlaqə saxlayıb. Millət vəkili bildirib ki, müğənnilərə qarşı səsləndirilən ittihamlar əsassızdır: “Bu, anormal bir fərziyyəyə yaxınlaşmanın nümunəsidir. Türkiyədə də müğənni (Sılanı nəzərdə tutur) mitinqə “şou” dediyi üçün onun konsertini təxirə salıblar. Halbuki, ona bu cür yanaşma anti-demokratik yanaşmadır. İnsanların bir-biri ilə müəyyən münasibəti və dostluğu olur. Biri gedib cinayət törədibsə, ətrafındakı hər kəs həbs olunmalıdır? Azərbaycanda bir neçə nazir həbs olunub, indi onlarla ünsiyyətdə olan, foto çəkdirən, dostluq edən insanlar həbs olunmalıdır? Bu, anormallığın göstəricisidir. O müğənnilər istənilən adamın mahnısını oxuya bilərlər. Bu gün müğənni tanınmış bir şəxsin, nazirin mahnısını oxuyur, sabah həmin şəxs işdən çıxanda ifaçını ittiham etməliyik? Bunu biabırçılıq hesab edirəm. Müğənnilərə qarşı bu hərəkəti insanlıqdan kənar hərəkət hesab edirəm. Hər bir müğənninin istənilən şəxsin mahnısını oxumağa hüququ var.
Nazim Hikmət uzun müddət Türkiyədə yasaqlanıb. Onun sözlərinə yüzlərlə mahnı yazılıb. Bu gün mən Nazim Hikmətə dünyagörüşcə, əqidəcə tərs olan insanam. Amma şeirlərini sevirəm, əzbər bilirəm. Nazim kommunist olduğuna görə məni ittiham etməlidirlər? İnsanlıqdan kənar ittihamdır. Bu kampaniya yanlışdır. Türkiyədə də bu proses gedir. Kimsə yad ölkələrin əli ilə gözəl Türkiyəmizdə çevrilişə cəhd hazırlayıbsa, kimliyindən asılı olmayaraq, cəzasını almalıdır. Amma bütün məktəblərin, universitetlərin cəzalandırılması, çevriliş edənlərlə əlaqəsi olmuş, akademik karyerası olan insanların üstündən xətt çəkilməsi anormallıq, kampaniyaçılıqdır. Bunu biz sovet dövrünün başlanğıcında görmüşük, yaşamışıq.  Bu cür yanaşmalar bolşevizmin işarələridir. Müğənniləri də qınamaq olmaz, mahnıları bəyənib oxuyublar. Sözlərdə terrorçuluğa çağırış, kiməsə qarşı təhqir yoxdursa, mahnıları oxuya bilər. Çağırış olsa, qınamaq olar.
Tünzalə Ağayeva ilə Azərin ovucunun içini iyləmişdi ki, illər sonra Fətulla Gülən terrorist elan ediləcək? Mətbuat bu cür xəbərlərə yer verməməlidir. ANS-nin aqibətini xatırlamaq lazımdır. Telekanalın bağlanmasının cəmiyyətə heç bir faydası olmadı. Biz bunları düşünməliyik. Demokratik cəmiyyət qururuqsa, müğənniləri bu qədər sıxmaq lazım deyil. Onlar zorakılığa, terrora çağırış etməyibsə, istədikləri mahnını oxuya bilərlər”.(musavat.com)

Həmçinin oxuyun

DTX 105 yaşında – VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. Azinforum.az xəbər verir ki, qurumun sosial …

Bir cavab yazın