Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / “Demirəm ki, Azərpaşa Nemətov aydan arı, sudan duru olub” – Mehriban Xanlarova

“Demirəm ki, Azərpaşa Nemətov aydan arı, sudan duru olub” – Mehriban Xanlarova

“Onunla çox yaxın, səmimi münasibətimiz olmayıb. Ancaq ölən insana sayğı duymaq lazımdır. Bu o demək deyil ki, Azərpaşa Nemətov aydan arı, sudan duru olub. Yox… Hər bir insan kimi onun da yanlışları olub. Artıq dünyasını dəyişib. Bundan sonra nə fayda?”.

Bu sözləri Axşam.az-a açıqlamasında Əməkdar artist Mehriban Xanlarova deyib. Aktrisa bir neçə gün əvvəl dünyasını dəyişən Xalq artisti, Akademik Milli Dram Teatrının direktoru Azərpaşa Nemətovdan danışıb. Xanlarova onun vəfatından sonra haqqında mənfi statuslar yazanlara səslənib:

“Bu ölümdən hər birimiz üçün var. Ölü insanın arxasınca danışmağa nə var? Sözü olan həmin adamlar sağ olanda çıxıb ictimaiyyət qarşısında sözünü deyərdi. Bəziləri indi deyər ki, sağlığında şəxsən özünə deyənlər olub. Onlar anlamırlar ki, kabinetdə demək ayrıdır, ictimaiyyət qarşısında demək ayrı”.

M.Xanlarova teatra yeni təyin olunacaq direktorla bağlı fikirlərini də bölüşüb:

“Bu vəzifəyə kim gəlir gəlsin, əsas odur ki, problemlərimizi, içimizi bilən adam olsun. Hazırda teatrımızın özündə elə adamlar var. Ən əsası isə hər kəsə eyni gözlə baxan adam gəlsin. Öz adamlarını yanına yığıb, fərq qoymasın. Vəzifə beş günlükdür. Öz şəxsi maraqlarını bir kənara qoyaraq xidmət etsin”.

Qeyd edək ki, Azərpaşa Nemətovun vəfatından sonra aktyorlar Hikmət Rəhimov, Kamran Yunis onunla bağlı tənqidi status paylaşmışdı. 

Azərpaşa Nemətov aprelin 9-da dünyasını dəyişib.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …