Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / “Dayanacaqlarda itən milyonlar və ya Məmmədovun “əl işi” – Monitorlar indi haradadır?

“Dayanacaqlarda itən milyonlar və ya Məmmədovun “əl işi” – Monitorlar indi haradadır?

Bir vaxtlar Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən Azərbaycana gətirilən və avtobus dayanacaqlarında quraşdırılan monitorları artıq görmək mümkün deyil. Çünki şəhərin sıxlığını idarə etmək və avtobusların hərəkət cədvəlini göstərmək üçün qoyulan bu monitorlar tarixin arxivinə qovuşub. İndi nə bu avadanlıqların, nə də onların alınması üçün sərf olunan milyonların aqibəti haqda heç bir məlumat yoxdur. Görünür, bir müddət sonra həmin monitorları lazımsız əşya kimi söküb kənara atıblar. Büdcə pullarının kimlərin cibinə axması isə heç kimi maraqlandırmır. Bəs görəsən nəqliyyatı intellektual idarə etmək üçün quraşdırılan bu manitorlar niyə istifadə edilmədi?

Mövzunu konkret.az-a şərh edən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən dayanacaqlarda quraşdırılan bu monitorlar Bakıdakı tıxacları, avtobusların hərəkət cədvəlini öyrənmək baxımından mühüm əhəmiyyət kəsb edirdi. Bu, ilk növbədə qurumların özünə lazım idi ki, şəhərin hərəkət axınını nəzarətdə saxlaya bilsinlər: “Təəssüf ki, müəyyən vaxtdan sonra biz gördük ki, dayanacaqlarda bu monitorlar butafor kimi quraşdırılsa da, adıçəkilən qurum Nəqliyyatın İntellektualsız Mərkəzi kimi yadda qaldı. Uzun illər keçəndən sonra bu avadanlıqlara nəzarət yeni yaradılan Bakı Nəqliyyat Agentliyinə verildi. Amma bu, sadəcə kağız üzərində idi. Çünki faktiki olaraq nəqliyyatın intellektual idarə olunmasından söhbət belə getmədi. Daha sonra isə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Daxili İşlər Nazirliyinin tabeliyinə verildi.  Amma görürük ki, nəqliyyatın intellektual idarə edilməsi üçün yeni avadanlıqların alınmasına ehtiyac var. Yəni əvvəldə deyilən və söz verilən avadanlıqları görmürük. Ona görə də, Bakı şəhərində tıxacların idarə edilməsində çətinlikləri bu gün də yaşayırıq”.

Ekspert əlavə edib ki, bir zamanlar hamı bu Mərkəzin yaradılmasına və dayanacaqlarda monitorların quraşdırılmasına sevinsə də, sonradan həmin qurumun fəaliyyətsizliyinin şahidi olduq: “Nəqliyyatı İntellektual İdarəetmə mərkəzi bir çox ölkələrdə var və bizdə də Cənubi Koreya modeli tətbiq olunmalı idi. Amma təəssüf ki, Azərbaycanda bu təcrübəni tətbiq edə bilmədilər. Bu avadanlıqlar Ziya Məmmədov nəqliyyat naziri olan vaxtda ölkəyə gətirilib. Daha sonra Bakı Nəqliyyat Agentliyinə təhvil verilib. Amma BNA-ya təhvil verilən müddətdə artıq həmin avadanlıqlar köhnəlmişdi və fəaliyyətə yararsız idi. BNA isə həmin resursları dirçəltməyi bacarmadı. Bu avadanlıqların harada olması haqda isə heç bir məlumatımız yoxdur”.

Mövzu ilə bağlı ünvanladığımız sorğuya cavab olaraq Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, avtobus dayanacaq məntəqələrindəki informasiya terminalları 2011-ci ildə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin bir kompanenti olaraq quraşdırılıb: “2016-cı ildən edibarən Bakı Nəqliyyat Agentliyi fəaliyyətə başladığı dövrdə artıq həmin avadanlıqlar texniki cəhətdən köhnəlmişdi. Elə də uzaq olmayan keçmişə nəzər salsaq görərik ki, həmin avadanlıqlar quraşdırıldıqdan qısa vaxt sonra funksional deyildi və təyinatına uyğun fəaliyyət göstərmirdi. Agentlik bu avadanlıqları məhz bu formada mənəvi və texniki köhnəlmiş vəziyyətdə təhvil alıb. Agentliyin balansında olduğu 6 il ərzində NİİM funksionallığının təmin olunması ilə bağlı müxtəlif tədbirlər həyata keçirilib, nəqliyyat sisteminə dair rəqəmsal həllər hazırlanaraq həyata keçirilib. Lakin sözügedən avtobus informasiya terminallarının işini bərpa etmək mümkün olmayıb. Bunun da əsas səbəbi həmin avadanlıqların mənəvi və texniki baxımdan köhnəlməsi, müasir innovasiyalarla ayaqlaşa bilməməsidir”.

Bu avadanlıqların dayanacaqlardan götürülməsinə gəlincə isə, Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, bu iş mərhələli formada icra edilir. Çünki burda müəyyən texniki addımların atılması zəruridir. Bu nəzərə alınmaqla həmin avadanlıqlar mərhələli qaydada götürülür.

Beləliklə, verilən cavablardan və ekspert rəylərindən də məlum olur ki, milyonlarla vəsait hesabına başa gələn bu avadanlıqlardan istifadə olunmaması və onların köhnə invertar kimi kənara atılması büdcəyə külli miqdarda zərər vurub. Ziya Məmmədovun nazir olduğu dövrün “eksponatı” kimi tarixə qovuşan bu monitorların aqibəti məlum olmasa da, sabiq nazirin vaxtilə dövlət büdcəsinə “divan tutması” göz qabağındadır. Bu qədər qanunsuzluq qarşısında Məmmədovun hələ də azadlıqda gəzməsi və hətta “ibadətlə məşğul olması” isə ayrı bir mövzudur.

Həmçinin oxuyun

“Baboşlar efirə çıxarılır, kişi kişiylə evlənir, çünki…” – Rasim Balayev

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev  “TV Müsavat”-a müsahibə verib. AKİ sədri  ittifaq …