Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Dəhşətli terrorun arxasında Ərdoğanın Bakı səfərini hədəfləyən niyətlər…

Dəhşətli terrorun arxasında Ərdoğanın Bakı səfərini hədəfləyən niyətlər…

Məlum olduğu kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri qardaş ölkədə törədilən terror aktları səbəbindən təxirə salınıb. Qeyd edək ki, həmin səfər barədə əvvəlcədən geniş mülahizələr aparılırdı. Ərdoğanın məhz bu məqamda Bakıya rəsmi səfər etməsi ətrafında çeşidli versiyalar səsləndirilib.
Belə ehtimal etmək olarmı ki, törədilən terror aktının bir hədəfi də bu səfərin qarşısının alınması olub?
Ekspert Arzu Nağıyev qəzetimizə açıqlamasında bildirdi ki, Ankarada törədilmiş terror aktının məhz kimlər tərəfindən və hansı məqsədlə törədildiyinə dair mülahizələr çoxdur:
“Baxmayaraq ki, bu gün həmin terror aktı ilə bağlı hələlik PKK-nın adı çəkilir və yaxud Rusiyanın və Suriyanın xüsusi xidmət orqanlarına müəyyən işarələr edilir, son nəticə araşdırmalardan sonra bəlli olacaq. Amma, bütün hallarda, bu, hərbçilərə qarşı yönəldilmiş məqsədyönlü addımdır. Bu addım Türkiyənin dövlət rəhbərliyinin, ümumiyyətlə Türkiyənin planlarını pozmağa, eləcə də Türkiyənin Suriyada müharibəyə qatılmasının qarşısını almağa yönəlmiş ola bilər”.
Ekspertin fikrincə, Türkiyənin kəşfiyyat idarəsi (MİT) Ankarada törədilmiş terror aktından bir neçə saat əvvəl Türkiyə ərazisinə 14 terrorçunun keçdiyini və onların əsasən böyük hava limanlarında və digər nəqliyyat qovşaqlarında terror aktı törədəcəyinə dair məlumatlara malik olduğunu və dövlət rəhbərliyini xəbərdar etdiyini açıqlamışdı. Lakin terror aktının məhz indiki məqamda törədilməsi bir sıra şübhəli məqamlardan xəbər verir:

“Bu məsələdə ən maraqlı və həm də ən şübhəli məqamlardan biri odur ki, həmin vaxt baş nazir Əhməd Davudoğlunun Avropa Birliyinin zirvə toplantısında iştirak etmək üçün Brüsselə səfəri gözlənilirdi. Orada miqrantlarla bağlı məsələ həll olunmalı idi. Digər tərəfdən, prezident Rəcəb Tayyib Ərdoğanın isə Azərbaycana rəsmi səfəri olacaqdı. Bu səfər zamanı da Rusiya-Türkiyə gərginliyinin aradan qaldırılması üçün müvafiq addımların atılması gözlənilirdi. Ona görə də bu terror aktını müəyyən maraqlı dövlətlər həyata keçirə bilərdi”.
A.Nağıyev qeyd etdi ki, hələlik xüsusi xidmət orqanlarının ilkin açıqlamalarına görə, bunun Türkiyəyə gələn miqrantlarla birgə sərhədi keçə bilmiş suriyalı vətəndaş tərəfindən törədildiyinə dair mülahizələr səslənir. Lakin digər maraqlı məqamlardan biri də budur ki, terror aktı strateji mərkəzi dövlət hakimiyyəti – Parlament, Nazirlər Kabineti və Daxili İşlər Nazirliyindən cəmi 200 metr məsafədə, ən əsası isə əsas hərbi orqanların – Silahlı Qüvvələrin Baş Qərargahının yaxınlığında, Dəniz, Hava və Quru Qüvvələri Komandanlığının hərbçilərinin olduğu binaların qarşısında, məhz birbaşa hərbçilərə qarşı törədilib. Orada isə əsas hədəf zabitlər, əməliyyatları planlaşdıran şəxslər olub: “Əgər terror aktı hansısa səs-küy və ya özlərini büruzə vermək üçün törədilsəydi, bunu insanların çox toplaşdığı başqa yerlərdə də edə bilərdilər. Bu isə artıq məqsədyönlü törədilmiş terror aktıdır.
Digər aktlardan fərqi odur ki, burada insan itkisi çoxdur. Artıq terrorun istiqaməti dəyişib. Bu, işıqforda dayanmalı olan avtomobilin hərəkət edərək obyektə çırpılması ilə törədilmiş terror aktıdır.
Terror aktının strateji dövlət qurumlarının bir neçə metr yaxınlığında törədilməsi xüsusi bir ismarıcdır. Xüsusi xidmət orqanları diqqət yetirməlidir ki, hərbi əməliyyatlar gedirsə, hərbi qurumlara qarşı istənilən an terror aktı törədilə bilər. Bir daha xatırladıram ki, həlak olanların əksəriyyəti məhz yüksək rütbəli zabitlərdir”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …

Bir cavab yazın