Ana səhifə / Cəmiyyət / “Çörək almağa “CİP”-lə gedək, ya velosipedlə?!” – Sahil Tahirli

“Çörək almağa “CİP”-lə gedək, ya velosipedlə?!” – Sahil Tahirli

Sahil TAHİRLİ,

Naxçıvan Televiziyası

 

Bizim qəribə işlərimiz çoxdur. Məsələn, çay görməmiş çırmanmaq, özümüzə umac ova bilməyə-bilməyə başqasına əriştə kəsmək, yorğanımıza görə ayağımızı uzatmamaq, boyumuzdan ucaya tullanmaq, arının yuvasına çöp uzatmaq və sair və ilaxır. 

Bunlar, belə deyək ki, bizim klassik vərdişlərimizdəndir. Bu klassika müasir “kəşf” və oyunbazlıqlarla qovuşanda isə ortaya əcaib-qəraib mənzərələr və işlər çıxmağa başlayır.

Görkəmli klassikimiz Üzeyir Hacıbəylinin ötən əsrin əvvəllərində qələmə aldığı “Nərdivan” felyetonu da bizim klassik siçan-pişik işlərimizdəndir. Bu felyetonu dəfələrlə oxumuşam. Amma buna baxmayaraq, bu gün də oxumaqdan doymuram. Və yəqin ki, min illər sonra da belə publisistik mayaklar zirvədən enməyəcək. Görək ustad sənətkar nə yazır:

“Biz nə tövr iş görürük? Biz iş görmək istədikdə bir şeyi yadımızdan çıxardırıq.
O şey nədir? O şey nərdivandır!

– Necə yəni nərdivan? Nərdivan nədir? 

Nərdivan bir alətdir ki, onun vasitəsilə adam tədriclə yuxarı çıxa bilər. Hər kəs nərdivansız yuxarı çıxmaq istəsə, elə yıxılar ki, təpəsi dağılar.

Bu belə. Bundan başqa, bir də biz həmişə başımızdan yekə iş görürük. Amma bunun səbəbi var. Səbəbi də budur:
Qonşularımız siçan boyda iş gördükdə biz yatmışdıq. Sonra onların işi böyüyüb, keçi boyda olanda da biz yatmışdıq. Sonra onlar eşşək boyda işlər görməyə üz qoydular, biz yenə yatmışdıq. Qonşularımızın eşşək boyda olan işi, irəliləyib camış yekəlikdə oldu. Amma biz yatmışdıq. Və camış dönüb dəvə olanda da biz yatmışdıq. Biz ancaq o vaxt oyandıq, nə vaxt ki, qonşularımız fil boyda iş görməyə başladılar. 

Qərəz, gözümüzü ovçalayıb dedik ki, nə var? Biz də o boyda işlər görə bilərik və başladıq fil boyda işlər görməyə. Axırı nə oldu?
Axırı belə oldu:
Filin bir ayağını qayırmamış yoruluruq və durub qaçırıq. Sonra utanırıq, deyirik, gəlin tazadan başlayaq, ancaq burasını iqrar eləyim ki, filə gücümüz çatmır. Deyirik ki, ondan balacasını qayıraq. Fildən balaca nədir? Əlbəttə, dəvə, qərar qoyuruq ki, dəvə boyda qayıraq, başlayırıq. Amma yenə dəvənin ayağı tamam olmamış yorulub qaçırıq. Sonra yenə yığılırıq, deyirik ki, dəvə iridir, ondan balacasını başlayaq, ondan balaca nədir? Camışdır. Başlayırıq camış boyda iş görməyə, lakin camışa da gücümüz çatmır. Aşağa enirik (halbuki, qonşular fildən yuxarı çıxırlar) deyirik ki, eşşək boyda iş görək, amma eşşək də bizə güc eləyir. Tuturuq keçini, görürük yox! Keçiyə də tab gətirə bilmirik. Onda məsləhəti qoyuruq siçan üstünə.

Amma onda da görürsən ki, içimizdən bir pişik çıxdı və siçanı yedi…
Biz belə iş görürürük”.

Əlbəttə, böyük sənətkarın bu felyetonunun da əsas məğzi odur ki, hər bir işin əsası yolu düz seçmək, mərhələ-mərhələ, pillə-pillə yaxşı nəticə hasil etməkdir. Qısası, hər bir işdə ardıcıllığı gözləmək sonda yaxşı nəticə verir. Amma iş budur ki, dövrümüzdə nərdivansız yuxarı çıxmaq istəyənlər də az deyil. Məsələn, biz istəyirik ki, özümüzü əziyyətə salmayaq, idmanla müntəzəm məşğul olmadan qısa vaxtda çoxlu proteinli dərmanlar qəbul edib “musqul”larımızı şişirib ona-buna göstərək (Son zamanlar sosial şəbəkələrdə belə dərmanların Naxçıvanda satışını reklam edən qruplar da peyda olub). Birdən-birə hansısa vəzifə tutaq, Avropa çempionu olaq, təzə planetlər kəşf edək. Hələ bir də görürsən ki, imkanı 10 min manatlıq maşın almağa çatan birisi qonşudan dala qalmayıb kreditlə 60 min manatlıq “CİP” alır. Sonra nə olur, heç nə, yemir-içmir banklara 20 il kredit ödəyir. Bəs bu “cip” nəyə lazımdır? Heç nəyə, ona-buna “hava” atmağa, dost-tanışın yanında qürrələnməyə, bir də yaşadığı evdən 15 addım o tərəfdə yerləşən mağazaya gedib çörək və yarım kilo banan almağa. Özünüreklam bu məsələnin bir tərəfidisə, digər bir tərəfi isə bu cür halların insanları passiv həyata, hərəkətsizliyə, dolayı yolla ürək-qan damar, dayaq-hərəkət orqanı xəstəliklərinə düçar etməsindədir.

Vallah, təmiz dəsgahdı...

Yəqin fikir vermisiniz, bu “CİP”-i, “Prado”nu, nə bilim “Land-Cruzer”i istehsal edən ölkələrin özündə yerli əhali əsasən kiçik həcmli 1,2 – 1,3 litr həcmli – yığcam motorlu, qənaətçil və manevrli, ekologiyaya az zərər vuran maşınlar sürürlər. Öz pullarını bizim kimi benzinə, bank kreditlərinə yox, təhsillərinə, istirahət və gəzintilərinə, mədəni inkişaflarına, sağlamlıqlarına sərf edirlər. Çünki krassover tipli maşınlar dağ-daş üçündür. Şəhər içində, dümdüz asfalt yollarda kiçik həcmli maşınlar əl verir.

Həmin ölkələrdə gənclərin böyük əksəriyyəti, eləcə də yaşlı təbəqə velosipeddən geniş istifadə edir. Hər bir ictimai yaşayış binasının qarşısında velosiped dayanacaqlarının olması mütləqdir. Velosipeddən istifadə edən əhali həm puluna qənaət edir, həm də velosiped sürmək onları sağlam və gümrah saxlayır. Bəs biz nə edirik? Yuxarıda dediyim kimi, çörək almağa, parka gəzintiyə “CİP-lə” gedirik. Velosiped sürənləri isə yeri gəlsə, “xuxan”, “xortdan” hesab edirik. Sürənlərə “xuxan” kimi baxdığımıza görə özümüzə də sürməyi sığışdırmırıq: axı bizə də kimsə “xortdan” deyər! Düşüncəyə baxın: ağacın, kolun altında göycə ilə 15 litr pivə içəndən sonra qışqır-bağır salıb camaatı narahat etmək, günə 4 bağlam siqaret tüstülətmək, səhərdən-axşama boş-boş qeybət etmək ar deyil, amma velosiped sürmək “ayıbdır”.

 

Binalarda “torba əməliyyatı”

 

Çörək almaq demişkən, hələ bir də son zamanlar coxmərtəbəli yaşayış binalarında “torba əməliyyatları” geniş vüsət alıb. Məsələ budur ki, Naxçıvan şəhərindəki yaşayış binalarının böyük əksəriyyəti dövlət hesabına ən müasir səviyyədə yenidən qurulub, sakinlər üçün ideal şərait yaradılıb. Biz bir neçə il bundan qabaq həmin binaları şəritlərlə bəzəyirdik. Sonra birtəhər başa düşdük ki, şəritlərə sicilləmə paltar sərib suyunu da küçədən keçənlərin başına damcıldatmaq heç bir normaya uyğun gəlmir, nəhayət ki, birtəhər yığışdırdıq. İndi isə balkonlar uzun kəndirlər bağlanmış “meşok” torbalarla “güllənib”. Bu torbalar komfortlu “ticarət maşınlarıdır”. Sallayırsan aşağı, dükançı da nə lazımdır yığır torbanın içərisinə sonra da deyir: “DART!”. Beləcə, serial-dizi aludəçiliyi gündə 10-15 addım piyada yol qət etməyə imkan vermir. Bu minvalla da 40-45 yaşdan sonra şikayətlər başlayır: ayağım, belim tutulub, çəkim artıb, qan təzyiqim oynayır, yuxusuzluq məni təngə gətirib, oynaqlarımda ağrılar əmələ gəlib və sair və ilaxır.

 

Xəstəliklər bizə “xux” gəlir

 

Bir az ətrafımıza diqqət eləsək görəcəyik ki, Naxçıvanda son illər yüzlərlə idman, mədəniyyət ocaqları tikilib, ayrı-ayrı idman məktəbləri və federasiyalar yaradılıb, yeni tikilən məktəblərin hər birində ən müasir idman zalları da qurulub. Hətta kəndlərdə də müasir stadionlar, idman zalları, açıq idman qurğuları, mini futbol, voleybol və basketbol meydançaları ən müasir səviyyədə tikilib-qurularaq əhalinin istifadəsinə verilib. Məqsəd nədir? Məqsəd odur ki, insanlar sağlam olsun, idman hər kəsin, hamının gündəlik həyat tərzinə çevrilsin, kütləvililik təmin edilsin. Düzdür, son illər muxtar respublikada Gənclər və İdman Nazirliyinin, İdman Federasiyalarının, Təhsil Nazirliyinin qarşılıqlı birgə fəaliyyəti nəticəsində 10 minlərlə gənc idmana cəlb edilib, idmançılarımız uğurlu nəticələr qazanıblar. Təkcə 2016-cı ildə muxtar respublika idmançıları beynəlxalq və ölkə əhəmiyyətli yarışlarda 108 medal qazanıblar. Artıq Naxçıvanda idman gənclərin gündəlik həyat tərzinə çevrilməkdədir. Yavaş-yavaş şəhərdə piyada yürüş edənlərin, velosiped sürənlərin, bədii gimnastikaya, əqlimizin idmanı olan şahmata, aerobikaya, fitnes-klublara üz tutan gənc oğlan və qızların da sayı artmaqdadır.

Amma gəlin etiraf edək ki, uşaq və gənclərin bu sahədəki aktivliyi orta və yaşlı nəslin nümayəndələrində yox dərəcəsindədir. Özümüzə bir az kənardan baxsaq görəcəyik ki, bəzilərimiz kinoya, teatra, konsertə öz xoşumuzla getmədiyimiz kimi, idmana da təkan və ya məcburiyyət, tələb olmadan getmirik. Məsələn, gərək belimizdə yırtıq, sinir sıxılması əmələ gələ ki, həkim bizə “idman bu xəstəliklərdə məcburi göstərişdir” deyəndən sonra üzgüçülüyə gedək. Yaxud ürəyimiz, qan təzyiqimiz sözümüzə baxmayanda, başlayaq piyada yürüşlərinə və ya velosiped gəzintilərinə… Halbuki idmanla müntəzəm məşğul olsaq, bu xəstəliklərin də heç biri bizə “xux” gələ bilməz. Pisi odur ki, hələ də bizdə o fikir qalıb ki, idman ancaq gənclər üçündür. İndi mən soruşuram: həftədə 3 dəfə idman zallarına, üzgüçülük mərkəzlərinə, axşam gəzintilərinə getmək yaxşıdır, ya ayda bir dəfə aptekə?!

Gəlin diqqət edək: istər Naxçıvan şəhərində, istər rayon mərkəzləri və kəndlərdə tikilən mini futbol meydançalarının, idman və məşq zallarının axşam saatlarında nadir hallarda işığı yanır. Bu idman qurğularına giriş üçün nə bizdən pul tələb edən var, nə də xahiş gözləyən. Halbuki, bu meydançalar dünyanın hər yerində pulludur və saatı 50 dollardan ucuz deyil. Üstəlik, növbə, siyahı ilə günün 24 saatı dayanmadan xidmət göstərir.

Atıcılıq mərkəzlərimiz, peyntbol meydançalarımız da onun kimi…

Biz uşaq olanda hamı futbolu meydançada oynayardı. Axşamlar kələkötür stadionlarda adam əlindən yer olmurdu. Məhəllə arası, kəndlər arası yarışlar böyük həyəcan yaradırdı. Təkcə bizim hörmətli Cəhri kəndində 6 məhəllə komandası vardı ki, onlar arasında yarış keçirəndə iynə atsaydın, yerə düşməzdi. Dəfələrlə qonşu kəndlərə piyada gedib yoldaşlıq oyunları oynamışıq. Acınacaqlısı budur ki, indi ən gözəl stadionların qurulub-tikildiyi kəndlərdə uşaqlar futbolu gözləri çıxa-çıxa səhərdən axşama komputerlərdə oynayır. Ona görə də 10-12 yaşında eynək taxan uşaqların sayı sürətlə artır. Bəzən bir sinifdə 10 nəfər belə uşaq saymaq olur. Təmiz havada idman yarışları, idman mübarizəsi, qələbə sevincləri, fiziki sağlamlıq, uşaqlar kimi, heç onların valideynlərinin, icra nümayəndələrinin, nə də ki, bələdiyyələrin yadına da düşmür.

Atıcılıq mərkəzlərimiz, peyntbol meydançalarımız da onun kimi… Atıcılıq federasiyası yarış keçirdi – 50-100 nəfər gənc yarışda iştirak edir; keçirmədi – bu qurğular, atəş silahları, “TİR”lər yatıb qalır ağzıgünə. Demək olar ki, heç birimiz bu imkanlardan lazımi səviyyədə istifadə etmirik. Velosiped sürmək, həftədə bir dəfə dağçılıq idmanlarına yer ayırmaq da onun kimi. Naxçıvan televiziyasının efirindən də tez-tez izləyirik: Muxtar respublikanın hava və ekstremal idman növləri federasiyası hətta ucqar kəndlərdə də veloyürüşlər, dağadırmanma yarışları, piyada yürüşləri təşkil edir. Müşahidə edib və görürük ki, valideynlərin bir çoxu bu yarışlara da öz övladlarını xahiş-minnətlə göndərirlər.

Amma bəzən unuduruq ki, fiziki cəhətdən sağlam böyüməyən, idmanla mütəmadi məşğul olmayan gəncin zehni inkişafı, dərsləri mənimsəməsi də yetəri səviyyədə olmur. Qısacası, sağlam bədəndə sağlam ruh olar. Hələ on ikinci əsrdə, yəni indi yox haaa, doqquz əsr bundan əvvəl dahi Nizami yazırdı:

Bədən sağlam olsa, saf olar söz də,
Süst adam süst olar bədəndə, sözdə.

 

Parklara ya tum çırtlamağa, ya da qeybət eləməyə çıxırıq

 

Yadımdan çıxmamış onu da deyim ki, son illər muxtar respublikada o qədər genişmiqyaslı, hərtərəfli infrastruktur qurulub ki, bura gələn xarici qonaqlar belə həsəd aparır. Təkcə Naxçıvan şəhərində deyil, rayon mərkəzləri və kəndlərdə də onlarla istirahət parkı tikilib-qurularaq əhalinin istifadəsinə verilib. Avropa ölkələrinə gedənlər bilir. Səhərin gözü açılmamış bu ölkələrdəki parklar idman edən, səhər gimnastikası ilə məşğul olan 50 yaşdan yuxarı qadın və kişilərlə dolub-daşır. Gəlin səmimi olaq və etiraf edək ki, biz parklara tum çırtlamağa, ya da qeybət eləməyə çıxırıq. Halbuki bizim parklar nə Londonun, nə də Vyananın parklarından kəm-zad deyil. Bəs məsələ nədi?! Məsələ odur ki, idman geyimində gimnastika ilə məşğul olanda bizi qonşumuz Zəroş bacı ilə dəllək Qulaməli  görər birdən… Üzüyümüzün qaşı o dəqiqə dığırlanıb düşər yerə.

Mən Avropa demişkən, elə düşünməyin ki, onlar elə tarixən idmançı olublar, sağlam yeyib, gümrah gəziblər. Əksinə üz qırxmaqdan, hamamda çimməyə qədər hər şeyi bizdən öyrəndikləri kimi, elə idmanı da bizdən əxz eləyiblər. Vaxt vardı Dədəmiz Qorqud cavanların at çapmağına, ox atmağına, torpağı, yurdu üçün göstərdiyi igidliyə baxıb ad qoyardı, onların ailə qurmasına xeyir-dua verərdi. Dastanlarımız, nağıllarımız, rəvayət və əfsanələrimiz də məhz buna görədir ki, başdan-başa igidlik, qəhrəmanlıq, cəsarət, hünər motivləri üzərində qurulub. Yəni ulu babalarımız zəngin mədəniyyət yaratmaqla yanaşı, həm də fiziki cəhətdən aktiv həyat sürüblər. Lakin sonradan biz tənbəllik edib günortayacan mürgü vuranda bir də ayılıb görmüşük ki, ivanlar, marklar, conilər bu adətimizi qamarlayıb ediblər öz həyat tərzləri.

 

Apteklərin qarşısındakı növbələri idman zallarının qarşısındakı növbələrlə əvəzləyək

 

Axı, olmaz ki, belə məsələlərdə biz özümüzə kənardan baxaq? Özümüz idmana könül verək ki, gənclər, elə bizim öz övladlarımız da bizim yolumuzu tutsunlar… Bax, belə etsək, tez bir zamanda görəcəyik ki, şəhərdə hamı yürüşə çıxır, gündə 7-8 kilometr yol qət edir, velosiped sürür, üzgüçülüyə gedir, hədəflərə atəş açır, istirahət parkları da səhər-səhər gimnastikayla məşğul olanlarla dolub-daşır. Və nəhayət, biz şəhərdə velosiped sürənlərə yox, səhərdən-axşama yuxu bişirən, mürgü vuran özümüzə rişxəndlə yanaşsaq, tezliklə görəcəyik ki, apteklərin qarşısındakı növbələri, idman qurğularının, meydançalarının qarşısındakı növbələr əvəz edib. Özü də əvvəlkindən sağlam və gümrah olacağıq. Görkəmli həkim və mütəfəkkir İbn Sina demişkən,  “idmanla məşğul olanın heç bir müalicəyə ehtiyacı yoxdur. Onun müalicəsi elə idmanın özüdür”.    

Gəlin hər birimiz idman edək, idmanla nəfəs alaq… Özü də Naxçıvanın tər-təmiz havasında…

Sonda tənbəllik etməyib eyni sualı bir də verəcəm. İndi siz deyin: çörək almağa “CİP”-lə gedək, ya velosipedlə?!

Həmçinin oxuyun

Yusif Qədimbəyli cərimələnir

Sədərək firmasına inzibati protokol yazılıb. Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin …

Bir cavab yazın