Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / “Çingiz Abdullayevin xəbəri varmı ki, Ana Dilimiz yad kimi küncə sıxılır?” – Azadə Balayeva

“Çingiz Abdullayevin xəbəri varmı ki, Ana Dilimiz yad kimi küncə sıxılır?” – Azadə Balayeva

Rus dili, yoxsa Ana Dilimiz daha çox qayğıya möhtacdır?

“Balaca oğlum Araz (söhbət ali təhsilini başa vurmuş yetkin gəncdən gedir) azərbaycanca çətin danışır. O, danışanda hamımız gülürük”.

Bu günlərdə rusdilli bir Ananın fəxrlə danışdığı bu söhbətə təsadüfən qulaq şahidi oldum. Qadın elə fəxrlə danışırdı ki, sanki oğlu böyk bir hünər etmişdi. Xanım kənarda dayanıb onun “maraqlı” söhbətini dinləyən məni də bir aşağılayıcı nəzərlərlə süzdü. Bu baxış mənə tanış idi. 80-ci illərin sonu 90-cı illərin əvvəllərində mənim kimi azərbaycandilliləri “çuşka” sayan baxış idi. Başqa sözlə, 21-ci əsrin 20-ci ilində Ana Dilimizin gəldiyi durum, dilimizə münasibətin göstəricisi.

Bu gün Azərbaycanda rus məktəblərinin fəaliyyətinin məhdudlaşdırılmasına tərəfdar olanları cahil adlandıran dəyərli yazıçımız Çingiz Abdullayevin görəsən bundan xəbəri varmı?

Xəbəri varmı ki, bu gün Ana Dilimiz Ana Vətənimizdə yad kimi küncə sıxılır? Bu gün dövlət dilimiz olan Ana dilimizi və əlavə olaraq beynəlxalq dil olan ingilis dilini bilən necə gözəl mütəxəssislər iş tapa bilmirlər. Səbəb rus dilini bilməmələridir. Bu gün zərurət oldu-olmadı, az qala bütün şirkətlər vakansiyalar üçün şərtlərdə mütləq rus dili bilmək tələbi irəli sürürlər. Nəyə görə, müstəqil Azərbaycan Respublikasının vətəndaşının dövlət dili olmayan rus dilini bilmək məcburiyyəti olmalıdır? Hər hansı şirkət Azərbaycanın hüdudları daxilində fəaliyyət göstərirsə, bu şirkətin xidmətindən istifadə edən istənilən şəxs bu ölkənin dövlət dilində müraciət etməlidir, şirkətin əməkdaşı onun dilini bilmək məcburiyyətində olmamalıdır.

Biz kiminsə əcnəbi dil bilməsinin əleyhinə deyilik. Əksin, bilirik ki, nə qədər çox dil bilsək, dünyaya çıxışımız o qədər çox olacaq. Amma bunun öz dilimizin unudulması fonunda baş verməsinə qarşıyıq.

Hörmətli yazıçımız Çingiz Abdullayevin çox dil bilmənin önəmli olması fikriylə tamamilə razıyam. Amma bu Ana dilində məktəblərdən imtina etmək hesabına olmamalıdır. İlk növbədə məktəblərdə xarici dilin keçirilməsi səviyyəsini yüksəltmək lazımdır. Razıyam ki, orta məktəbi bitirən şagirdlər lap üç dil bilsinlər. Xarici dil dərslərinin saatını artırmaqla, güclü mütəxəssislər cəlb etməklə  bu işi azərbaycandilli məktəblərdə də görmək mümkündür.

Mən rus məktəbində oxumamışam, Şəkidə adi bir kənd məktəbində orta təhsilimi başa vurmuşam və rus dilini də kifayət qədər yaxşı bilirəm. 90-cı illərin sonunda hörmətli Çingiz Abdullayevin  bir kitabı hissə-hissə tərcümə olunaraq “Hürriyyət” qəzetində çap olunurdu. Onu mən tərcümə edirdim. Eləcə də, sonrakı illərdə ədəbi saytlarda rus dilindən tərcümələrim yayımlanıb və bu gün də yayımlanır. Bu tərcümlərlə bağlı ölkənin tanınmış qələm adamlarından yalnız xoş sözlər eşitmişəm, bir nöqtəm, vergülüm belə dəyişdirilməyib. Yəni göründüyü kimi dil öyrənmək istəyənə məktəbin hansı dildə olması elə də böyük önəm daşımır.

Önəmli olan milli hiss, milli kimliyə hörmət, Vətənə sevgidir. Natamamlıq kompleksindən xilas olmaqdır. Öz xalqına, millətinə, dilinə hörmət etməyənin heç bir millətin yanında da hörməti olmur. Ona görə mən düşünürəm ki, rus dili üçün bu qədər canfəşanlıq etmək yerinə bu gün kifayət qədər hörmətsiz edilən Ana dilimizin nüfuzunu qaldırmaq lazımdır.

Zərurət oldu – olmadı iş axtaranlar qarşısında rus dilini bilmək şərti irəli sürən şirkətlər cəzalandırılmalı, bu tələb ortadan qaldırılmalıdır.

Xarici dillər isə yuxarıda da qeyd etdiyim kimi, azərbaycandilli məktəblərdə və xüsusi kurslarda öyrədilə bilər. Hətta xalqın övladlarının dil öyrənməsinə bu qədər canfəşanlıq edən şəxslər öz vəsaitləri hesabına ödənişsiz dil kursları da aça bilərlər.

O zaman dil öyrənmək istəyən gəlib burada öyrənəcək. Amma kimsə rus dili, ingilis dili öyrənməlidir deyə mənim Ana dilim, Ana dilimdə məktəblərim sıxışdırılmamalıdır.

Bir neçə ay öncə hətta Fransa əcnəbi dildə təhsili qadağan etdi. Bizdə isə rus dilində məktəblərin əleyhinə olanlar cahil adlandırılır. Unutmayaq ki, Cənubda yüzlərlə soydaşımız məhz Ana Dilində təhsil almaq üçün neçə-neçə qurban verib, həbsxananı, hətta ölümü belə gözə alıblar. Biz isə deyəsən övladlarımızın Ana Dilimzdə təhsil alması ilə necə xoşbəxt olduğumuzun fərqində deyilik.

Azərbaycanın vergiödəyicisinin pulu, Azərbaycan dövlətinin vəsaiti hesabına yalnız dövlət dilində məktəblər maliyyələşə bilər. Amma istənilən iş adamı ödənişli şərtlərlə əcnəbi dildə təhsil verən özəl məktəb açmaqda sərbəstdir. Dünyanın hər yerində belə özəl məktəblər var.

Hörmətli Çingiz Abdullayevin, guya rus dilini bilmədiyinə görə, Rusiya telekanallarında güclü azərbaycanlı jurnalistlərin olmaması iddiasına gəldikdə isə, bu fikir də yanlışdır. Rusiya telekanallarında İradə və Svetlana Zeynalovalar, Nailə Əskərzadə kimi güclü azərbaycanlı jurnalistlər, Timur Kərimov (Rodriges), Tahir Məmmədov kimi aparıcı-prodüsserlər var. Eləcə də texniki heyətdə, kadr arxasında qalan yaradıcı heyətdə də kifayət qədər azərbaycanlı istedadlı insanlar var. Amma rus dilini mükəmməl bilsələr də Azərbaycan anlayışı onlar üçün heç nə ifadə etmir.

Ən azı rus üçün nə ifadə edirsə, onlar üçün də eyni anlayışı ifadə edir. Çünki bu xalqla heç bir mənəvi bağları yoxdur. Dilimizi bilməmələri daxil…

Azadə Balayeva

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …