Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / CEYHUN OSMANLI ONUN NURÇU OLDUĞUNU YAZANLARA REKET DEDİ – MÜSAHİBƏ

CEYHUN OSMANLI ONUN NURÇU OLDUĞUNU YAZANLARA REKET DEDİ – MÜSAHİBƏ

Sabiq deputat, “İrəli” İctimai Birliyinin keçmiş sədri Ceyhun Osmanlı suallarımızı cavablandırıb.
Eks-deputat 24saat.org-a geniş müsahibəsində ilk dəfə barəsindəki bütün ittihamlarla bağlı əhatəli danışıb. Müsahibəni təqdim edirik:
– Ceyhun bəy, ictimai-siyasi fəaliyyəti birdəfəlik dayandırmısınız, yoxsa müvəqqəti dondurmusunuz?

– Həyatda “hər şey”, “heç nə”, “hər vaxt”, “heç bir zaman” kimi cavablar verərkən ehtiyatlı olmaq lazımdır. Hətta bununla bağlı məşhur deyim var ki, “heç vaxt demə ki, heç vaxt”.
Mənim ictimai-siyasi fəaliyyətim 15 ilə yaxın müddətdə Azərbaycan gənclər siyasəti, 5 il isə deputat kimi Azərbaycan Milli Məclisi və seçildiyim Sabirabad rayonu ilə bağlı olub.
Hazırda bunların heç biri ilə məşğul deyiləm. İqtisadiyyatla bağlı fəlsəfə doktoru adını aldıqdan sonra daha çox iqtisadi sahəyə maraq göstərirəm.
Amma həmişə olduğu kimi, bu gün də Azərbaycan dövlətinin və onun Prezidenti Cənab İlham Əliyevin əsgəriyəm. Nə zamansa ictimai-siyasi proseslərdə fəal iştirakım lazım olsa təbii ki, məmnuniyyətlə qoşulacağam.
– Bu passiv fəaliyyətə keçidə səbəb nə oldu?
– Kifayət qədər fəal həyatım var. Sadəcə, gördüyüm işlərin media ilə kəsişdiyi nöqtə yoxdur və təbii olaraq Sizə bu cür görsənə bilər. Həyatımın fəal ritmindən məmnunam.
– Çoxları Sizin siyasətdən kənarlaşmanızı Elnur Aslanov, Fərhad Məmmədovla birlikdə Fətullah Gülənə bağlayırlar. Niyə birdən-birə sizi nurçu elan etdilər?
– Birincisi, çoxları yox, cəmi 3-5 axmaq adamdan yəqin ki, bəhs edirsiniz. İkincisi, adam necə birinə bağlı ola bilər ki, onu tanımır, heç vaxt onu görməyib və eşitməyib!
“Nurçu”, “quşçu”, “odunçu” və ya başqa ara söhbətlərini bu sahənin oyunbazlarından və ara söhbətlərinə maraq göstərən adamlardan soruşun.
Mənə bu günə qədər “nurçu” söhbətlərinin tam mahiyyəti aydın deyil. Amma dəqiq bilirəm ki, bu barədə danışmaq və bu mövzunun “raskrutkası” kimlərəsə sərf edir.
Yoxsa qır-saqqız kimi bu səviyyəsiz mövzular cəmiyyətin zəhləsini tökməzdi. Deyəsən, kimsə yenə nurçulardan yaxşı pul alıb ki, diqqəti əsl nurçulardan yayındırsın!
Xatırlayırsınızsa 2 il əvvəl də bu mövzuda yazılar reket saytlarda tirajlandı. O zaman da, elə indi də aydın görünür ki, bəzi yazılarla cəmiyyətin, o cümlədən hüquq-mühafizə orqanlarının diqqətini yanlış istiqamətə yönləndirməyə uğursuz cəhd edirlər. Bunu edənlər də radikal müxalifət və onların “dəyirmanına su tökənlərdir”.
Bütün gəncliyini Azərbaycan dövlətçilyinə və Heydər Əliyev siyasi kursuna xidmət etmiş gənc kimi ümid edirdim ki, reket və şantajçı saytları himayə edən MTN generalları həbs edildikdən sonra ictimai gündəmdə bu kimi saxta mövzular və avantüralar aradan qalxacaq.
Təəssüf ki, görünür onların uzantıları hələ də mediada qalmaqdadır. Çox arzu edirəm ki, bu mövzuda yazanlar prokurorluğa dəvət edilsin və onlara çox sadə sual ünvanlansın; “əgər hansısa cinayəti bilirsənsə, niyə demirsən və ya niyə demirdin, yox, əgər bilmirsənsə, o zaman bunu yazaraq kimin sifarişin yerinə yetirirsən və diqqəti kimlərdən uzaqlaşdırırsan?”.
O ki qaldı Elnur Aslanovun işdən uzaqlaşması səbəbinə, bu barədə Elnur Aslanovun Siyasi Şurasının üzvü olduğu hakim Yeni Azərbaycan Partiyasının parlament fraksiyasının rəhbəri Cənab Siyavuş Novruzov rəsmi olaraq cavab verib və o cavab Sizin iddia etdiyinizdən tam fərqlidir.
Elnur Aslanov və ya Fərhad Məmmədova gəlincə isə, hər ikisi hökümət adamlarıdır və onlara olan suallarınızı özlərinə ünvanlasanız daha yaxşı olar.
Mənə qarşı nurçu ittihamı isə… İlk dəfə şəxsimə qarşı belə ittihamları oxuyanda özüm, qohumlarım və dostlarım başladıq dünya görmüş adamlara zəng etməyə ki, görəsən məni nədə ittiham edirlər. Çünki necə deyərlər, evdə bişməyib, qonşudan da gəlməyib.
Bunu da oxuyun – “Space” Heydər Əliyevin və İlham Əliyevin hakimiyyətə gəldiyi günü “Fəlakət Günü” adlandırdı
Bu avantüranın arxasında 3-5 radikal müxalifətçi və 5-6 reket sayt dayanıb. Onlarla da bağlı ən gözəl cavabı deputat Fazil Mustafa verib və cavabı da bu olub ki, kim başqasının nurçu olması ilə bağlı cəfəng iddia irəli sürür, elə həmin məntiqlə o adamları həmin adamların qeyri-qanuni törəməsi və ya törəmələrinin sifarişini yerinə yetirən ünsürlər adlandırmaq olar.
Amma hansısa “jurnalistin” yuxuda gördüyü falçı söhbətləri kiməsə maraqlıdırsa, cavabım çox sadədir. Nurçularla bağlı sualları mənə yox, onlarla görüşənlər və ya görüş üçün növbəyə yazılanlar, o barədə şer, hekayə yazanlar, onlarla biznes quranlara ünvanlayın.
Mən tanımıram və tanımaq niyyətim də olmayıb. Mən dünyəvi insanam, müasir yaşam tərzim var və bunu hamı bilir. Ona görə də belə iftiralar mənə yapışmır.
Əksinə yaxşıdır ki, mənşəyi, kimliyi, əqidəsi bəlli olmayan adamlar yazdığı axmaq yazılarla özlərini cəmiyyətə daha aydın tanıdırlar. O saytları oxuyan adamların sayı isə saytın təsisçisi və sifarişçi “kruq”undan uzağa getmir.
– Hətta Sizinlə eyni siyasi mövqedə olan, yəni hökümətyönlü Səs İnformasiya Agentliyi bu günlərdə 2 iri həcmli məqalə dərc edib və Sizi gülənçi adlandırıb. Bu, hakimiyyətdə Sizə qarşı kimlərinsə sifarişidir, yoxsa nə? (SİA.AZ saytının yazısı –Xain FETÖ planı Azərbaycanda ifşa olunur! ARAŞDIRMA)
– Dediyiniz saytda nə yazıldığından xəbərim yoxdur. Hakimiyyətdə isə kiminsə mənə qarşı sifariş verməsi real deyil. Çünki mən özüm bu hakimiyyətin qatı tərəfdarıyam, bu hakimiyyətə xidmət etmişəm və bu gün də xidmət edirəm.
Bu xidmətim də hər zaman təqdir olunub. Hazırda siyasətdə deyiləm və bu öz seçimimdir. Azərbaycan hakimiyyəti monolitdir və dediyiniz qarşıdurmaları real hesab etmirəm.
Bizim tək liderimiz var, O da İlham Əliyevdir. Hamımızın borcu onun ətrafında birləşib, dövlətimizə və Heydər Əliyev kursuna xidmət etməkdir.
– Həmin məqalədə deyilir ki, İRƏLİ və NİDA iqtidarla müxalifət təşkilatları kimi görünsə də reallıqda “Camaat”a xidmət edirmiş, iqtidar mediasının bu iddialarına münasibətiniz necədir?
– İqtidar mediasında belə yazı getməyib. Gedibsə də o iqtidar mediası deyil. Çünki bu iqtidardakı hər kəs İRƏLİ-nin necə və kimin təşəbbüsü ilə yaradıldığını yaxşı bilir!
İRƏLİ-nin tarixçəsi Sizə maraqlıdırsa bir daha xatırladım. Mən 2005-ci ildə Fuad Muradovun rəhbəri olduğu Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi idim.
Kifayət qədər fəal idim. 2005-ci ilin yayında o zamankı Gənclər və İdman Naziri Cənab Əbülfəs Qarayev mən və məndən başqa 5 fəal gənclə görüşərək İRƏLİ Gənclər Hərəkatının yaranma təşəbbüsünü müzakirə etdi.
Sonra bu müzakirə daha da yüksək səviyyədə davam etdi və o müzakirənin nəticəsi olaraq Əbülfəs müəllim bildirdi ki, rəhbərlik İRƏLİ-nin gələcək fəaliyyətinin koordinə edilməsində Prezident Administrasiyasından olan cavan bir oğlanla əməkdaşlığı tövsiyyə edir. Sonradan gördük ki, həmin cavan oğlan o zaman Administrasiya rəhbərinin köməkçisi olan Elnur Aslanovdur.
Beləliklə İLHAMLA İRƏLİ şüarı ilə bu hərəkat yaradıldı və ilk illərdə ona rəhbərliyi mən etmirdim, bütün digər təsisçilər kollegial şəkildə təşkilatı idarə edirdi.
Daha sonra isə Cənab Azad Rəhimov nazir təyin edildi və İRƏLİ bütün fəaliyyətində bütün qərarlarını ölkə rəhbərliyinin siyasi kursu və Azad müəllimin dəyərli tövsiyyələri əsasında müəyyənləşdirib.
Təbii ki, daimi olaraq fəaliyyətimizdə layihələrin arealı çoxspektrli olduğuna görə ayrı-ayrı nazirliklər və Prezident Administrasiyasının müvafiq şöbə müdirləri ilə intensiv görüşlər və məsləhətləşmələr həyata keçirilib.
İRƏLİ-ni təkcə Elnur Aslanovla əlaqələndirmık doğru deyil. Çünki İRƏLİ fəaliyyət sahələrinə uyğun olaraq bir yox, bir neçə şöbə müdiri ilə fəaliyyətini əlaqələndirib. Onların da hər biri tövsiyyələrində Cənab Prezidentin siyasi xəttini əsas tutub.
Bir daha vurğulayıram ki, bu təşkilat Azərbaycan dövlətinin ideyasıdır və mən də, İRƏLİ-də fəaliyyət göstərən minlərlə gənc də, Azərbaycan Prezidentinə və onun dövlətinə sədaqətlə xidmət etməkdən hər zaman şərəf duymuşuq.
Bu ideyamıza və duruşumuza görə də daim NİDA, AXCP kimi təşkilatların hədəfində olmuşuq, onlarla mübarizə aparmışıq, sözümüzü hər zaman aydın demişik və buna görə də az təhqir eşitməmişik.
Amma bu bizi dövlətçilik mövqeyimizdən sarsıda bilməyib. İRƏLİni hansısa cərəyanlara bağlamaq ancaq Əli Kərimlinin “dəyirmanına su tökmək” deməkdir.
– Keçmiş həmkarınız Fəzail Ağamalı da Sizin fətullahçı olduğunuzu istisna etməyib. Sizinlə bağlı bu mövqeni özünüz üçün aydınlaşdıra bilmisinizmi?
(“Görün, Lənkəranskidən sonra nələr baş verəcək?” – Fəzail Ağamalı)
– Fəzail müəllim haqqında dezinformasiya yaymamağı Sizdən xahiş edirəm. Onun belə bir fikir dediyini xatırlamıram. Bu onun dövlətçilik kursuna zidd olmuş olardı. Fətullah Gülənlə bağlı isə Azərbaycan dövləti nə düşünürsə, mən də həmin düşüncəni tam bölüşürəm. Başqa cür ola da bilməz.
– 2014-cü il hadisələrindən sonra Elnur Aslanovla görüşmüsünüzmü, əlaqələriniz varmı?
– Elnur Aslanovla ilk dəfə məni Gənclər Təşkilatlarının Milli Şurasının sədri Fuad Muradov tanış edib.Çünki Elnur Aslanov da öncələr bu qurumda çalışdığı üçün mütəmadi təcrübəsini gənclərlə paylaşırdı.
Daha sonra da artıq yuxarıda qeyd etdiyim kimi İRƏLİ yaranandan sonra Əbülfəs müəllimin, daha sonra Azad müəllimin tövsiyyələri əsasında İRƏLİ fəaliyyətinə Prezident Administrasiyası tərəfindən vaxt ayırıb, dəstək verən şöbə müdirlərindən biri də Elnur Aslanov olub.
Yeri gəlmişkən İRƏLİnin uğurlu fəaliyətində dəstək verən bu insanlara sonsuz minnətdarlığımı bildirirəm. O ki qaldı Elnur Aslanovla görüşə, hazırda fərqli istiqamətlərdə çalışdığımıza görə bizim artıq heç bir işgüzar münasibətimiz qalmayıb.
Amma bəzi ortaq dostların xeyirində, şərində görüşmüşük. Bu yaxınlarda da eyni toyda idik.
– Ceyhun bəy, ümumiyyətlə, Siz hər hansı dini baxışı olan insansınız, yoxsa sekulyar? Yəni dini ritualları yerinə yetirirsinizmi?
– Azərbaycan tolerant dövlətdir.Azərbaycanda insanların inanclarına hörmət olunur. Mənim həyat tərzim isə sekulyardır və təəssüf ki, ibadətlə məşğul deyiləm.
Rituala isə icazə verin ironiya ilə cavab verim. Daimi eyni saatda əməl etdiyim ritual səhər və axşam eyni saatda dişlərimi fırçalamaqdır. Çünki din təmiz olmağı tələb edir.
– Yeri gəlmişkən, qarşıda referendum var və bu mərhələdə fəallığınız gözlənilirmi?
– Diqqətlə regionumuzdakı hadisələri izləyin. Hər yan od tutub yanır. Tək sülh və inkişaf, təhlükəsiz həyat regionda Azərbaycandadır. Bu gün bu firavanlığa görə İlham Əliyevə borcluyuq.
Konstitusiya islahatları da inkişafımızın davamlılığına və sabitliyimizin daha etibarlı təminatına yönəlib.
Daha güclü Azərbaycan naminə bu referenduma dəstək vermək hər birimizin borcudur. Azərbaycan vətəndaşı olaraq hakim Yeni Azərbaycan Partiyasının apardığı təşviqatı səmimi olaraq dəstəkləyirəm.
– 2020-ci ildə keçiriləcək parlament seçkilərində iştirak haqda planlarınız varmı?
– Belə bir planım yoxdur.

 

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın