Ana səhifə / Cəmiyyət / Cənnətdən qovulmağın müasir adı – DEPORTASİYA

Cənnətdən qovulmağın müasir adı – DEPORTASİYA

İnsan dünyaya bir dəfə gəldiyini anlayan vaxtından qismətinə düşmüş “birdəfəlik ömrü” yaxşı yaşamaq istəyir. Bundan ötrü o, özünü oda-közə vurur, çalışır, çabalayır, təhsil alır, peşə öyrənir, iş qurmaq, bacardıqca çox pul qazanmaq, özünə yaxşı şərait yaratmağı düşünür.

Ancaq “bir dəfə yaşayırıq” fəlsəfəsinə qapılan insan ömrünü “yaxşı yaşaya” bilməyəcəyini, ondan asılı olmayan çoxsaylı səbəblər üzündən bunun mümkün olmayacağını anlayanda sarsılır, ümidsizliyə qapılır.

Elələri olur ki, həyatını riskə qoyur, qanunsuz yollara əl ataraq həyat şəraitini radikal şəkildə dəyişmək istəyir, oğurluq, quldurluq edir. Belələrinin çoxunun həyatı daha da pisləşir, yolları bağlı qapılar arxasına düşür.

Elə adamlar da var ki, əvvəlcə ölkəni, dünyanı düzəltmək fikrinə düşür, birliklərə qoşulur, mübarizə aparır, “hamıya yaxşı olsun, içində də biz” devizi ilə hərəkət edir. Bəlli olduğu kimi, Azərbaycan tipli ölkələrdə birliklərə qoşulmaq da perspektiv vəd etmir, üstəlik, adamın mövcud durumunu ağırlaşdırır.

Nəhayət, “bir dəfə verilmiş ömrü adam balası kimi yaşamaq” istəyən şəxs ölkəni, dünyanı düzəltmək eşqindən, qohum-əqrəbaya gün ağlamaq düşüncəsindən əl çəkir, girdabdan təkbaşına çıxmağa çalışır və başını götürüb “yaxşı ölkələr”ə gedir.

Bunun adı mühacirətdir. Dünyanın ən dəhşətli kəlmələrindən biridir. Bundan daha dəhşətli bir kəlmə də var. Onu da bu yazıda yeri gələndə yazarıq.
Mühacirət doğma olmayan ölkəyə, yad adamlara pənah aparmaq, onlara sığınmaq deməkdir. Tərs kimi, dünyadakı 200 ölkənin cəmi 50-sini “yaxşı ölkələr” kateqoriyasına aid etmək olar, qalanı mühacir ixrac edən ölkələrdir.

İndi təsəvvür edin ki, yerdə qalan 150 ölkənin milyonlarla işsiz-gücsüzü, kasıbı, yaxşı yaşamaq istəyəni bu 50 ölkəyə axışsa, nə olar? Dünya əyilər.

Ona görə də son illərdə humanist və yüksək rifahlı ölkələr yalnız müharibədən, labüd ölümdən, işgəncədən qaçanlara sığınacaq verirlər. Artıq “ölkəmizdə diktatura rejimi hökm sürür, demokratiya yoxdur, insan haqları pozulur” kimi ifadələrə qulaq verən yoxdur.

Firavan ölkələri də qınamalı deyil. Nə etsinlər? “Açıq qapı” rejimi tətbiq etsələr, 10 milyonluq ölkə bir ilin içində 100 milyonluq ölkəyə çevrilər və onun artıq Banqladeşdən fərqi olmaz.

Hətta pis-yaxşı dünyanın ən yaxşı ölkələrində yaşayan insanlar da bəzən daha yaxşı yaşamaq üçün Norveç, Kanada kimi ölkələrə getmək istəyirlər. Məsələn, bu günlərdə dələduzlar qrupu Türkiyədə işi-gücü olan sürücülərə Norveçdə aylıq 4 min avroluq maaş vəd edərək, hərəsindən 5 min lirə pul alıb, sonra da aradan çıxıblar.

Ümumiyyətlə, “yaxşı ölkələr”də yaşamayan insanlarda belə bir yanlış qənaət var ki, oralarda pul xəzəl kimi küçələrə səpilib, sadəcə, ərinməyib xəkəndazla yığmaq lazımdır (yerli adamlar ərinirmiş). “Çatan kimi adama ev, iş, müavinət verirlər”; “Aylıq yardımla bəy kefində dolanmaq olur”; “Filankəs burdan bir çamadanla getmişdi, amma indi ev-eşiyi, maşını-filanı var” və s.

Həqiqət isə belədir ki, Avropada özünə güzəran düzəltmiş mühacirlərin ilk illərdə nə qədər əzab-əziyyət, iztirab-məşəqqət çəkdiklərini real boyalarla yazan olsa, ağlamalı bir roman alınar və onu oxuyan adam mühacirət etmək fikrinə düşməz.

İndilikdə siyasi mühacirlərin durumu dəyişib, onlara çox çətindir. Yoxsa ki, Rusiyaya, Ukraynaya, Qazaxıstana gedən milyonlarla həmvətənimiz konkret adamların, qohum-əqrəbalarının, dost-tanışlarının yanına gedir, bir işin qulpundan yapışır, bir müddətdən sonra özlərinə yer-yurd edirlər.

Avropada isə belə alınmır. Avropalılara qasterbayter (iş mühacirləri) lazım deyil. Onlar yalnız ölüm və işgəncə təhlükəsindən qaçanlara qucaq açırlar.
Beləliklə, indiyədək taybatay açıq olan qapının bir layı bağlanıb və adamları içəriyə bir-bir buraxırlar. Bununla da qalmır, içəri buraxılanları araşdırır, onları vətəndə ölüm, işgəncə, həbs təhlükəsi gözləmədiyini aşkar edən kimi çıxarıb qapı dalında qoyurlar.

Bu aktı ifadə edən dəhşətli kəlmə də elə budur: “Deportasiya”.

Deportasiya cənnətdən qovulmaq, vurulmuş ümidlər, qəhr olmuş gələcək, tərk etdiyin yerə boynubükük qayıtmaq, hər şeyi sıfırdan başlamaq deməkdir.
Ancaq hər necə olsa da, vətən vətəndir, onun üzü qürbətinki kimi soyuq və boz deyil, vətəndə hər şeyi yenidən başlamaq həmişə mümkündür.

Əsas məsələ isə budur: vətəni “yaxşı ölkə”yə çevirmək lazımdır ki, onun sakinləri bir dəfə verilmiş ömrü yaxşı yaşamaq üçün dağa-daşa düşməsinlər.

P.S. Vaxtilə ölkənin gülünü dərən, əli milyonlarla oynayan, bir dəfə “vətən” deyəndə beşi də ağzından düşən imkanlı adamlar da var ki, bu gün mühacirdirlər, amma onların işi başqadır, nə kimdənsə sığınacaq istəyirlər, nə də müavinət-filan. Onlar hər şeyi vətəndə oğurladıqları pullarla təmin ediblər.

Xalid KAZIMLI

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …