Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəbhə Xəbərləri / “Çəkməli” dərdim, çəkilməyəcək dərdim… –  Könül QULİYEVA

“Çəkməli” dərdim, çəkilməyəcək dərdim… –  Könül QULİYEVA

Həyat mənə çox şeyi çəkməyi öyrətdi – çəkməli, yaxud da çəkməsiz. Amma mənim dərdim çəkməli dərd deyil. Çəkə bilmədiyim dərdi də çəkməyi öyrətdiyi üçün bu dəfə həyat məni çəkməsiz qoydu. Ötən yazıda siçanın çəkmələrimi yeməsindən yazıb gileylənmişdim. Düzdür bütün dost-tanışlar mövzuya həssas yanaşsalar da deyəsən, çəkilməyən dərdimi “çəkmə”li dərd kimi başa düşdülər. Kimisi təskinlik verdi, kimisi öz həyatında baş vermiş oxşar hadisəni nümunə kimi yazdı, kimisi isə daha irəli gedərək mənə çəkmə almaq sevdasına düşdü. Amma təəssüf edirəm ki, çoxluq dərdimin çəkmə olduğunu anladı.
Etiraf edim ki, dostların bu cür həssaslığı məni

çox sevindirdi. Ayaqyalın halımla belə, yenə də yanımdadırlar təsəllisi ilə ümidləndim. Ancaq bir tərəfdən də çox üzüldüm. Ona görə üzülmədim ki, verilən sözlər vəd olaraq qaldı. Ona görə üzüldüm ki, hələ də dərdimi anlada bilməmişəm.
Əksər insanlar elə başa düşüb ki, dərdim siçanın yediyi bir cüt çəkmədir. Kaş ki, sizin fikirləşdiyiniz kimi, dərdim elə bir cüt çəkmə olaydı. Mən onu çəkməyi yaxşı bilərdim. Elə çözərdim ki, heç kəs də nəyi çəkdiyimi bilməzdi.
Yox əzizlərim, mənim dərdim çəkmə deyil, heç çəkməli də deyil.
Sual edərsiniz ki, bəs sənin dərdin nədir?
Onda cavabım belə olacaq. Mənim dərdim çəkə bilməyəcəyim yükdür. Elə bir yük ki, sizin aldığınız o çəkmələr mənim yükümü əsla çəkə bilməz.
Bəlkə də siçanlar bu yükümü duyub deyə çəkmələrimi mənim əzabımdan qurtarmağa çalışıblar? Belə bir missal var: “Hər gün ölüb-dirilməkdənsə, bir yol ölmək daha yaxşıdır”. Mənim çəkmələrim də qış uzunu beləcə mənimlə bərabər min yol ölüb-dirilirdilər. Onları öldürən təbiətin sərt qışı, qarı-boranı deyil, mənim həyat yolumdakı burulğan idi. Çox şükür ki, siçanların hesabına bu ilki çovğundan beləcə qurtuldular. Bəlkə mən siçanlara ona görə belə rəhimli davrandım ki, tələnin nə olduğunu bilirdim? Halal ruzi arxasınca qaçarkən dəfələrlə mənə tələ quruldu, dəfələrlə tələyə düşdüm. Lakin şükür Xudaya ki, bütün tələlərdən üzü ağ, alnıaçıq qurtuldum. Tələnin nə olduğunu yaxşı bilən, başqasına tələ qurarmı heç?
Yazımı oxuyub mənə ayaqqabı almaq istəyənləri isə heç zaman unutmaycam. Amma onlara bir təklifim var:
 “Siz o ayaqqabıları mənə yox, harada heç bir gəliri, dolanışığı olmayan ailələrin uşaqlarına və ya yetim, kimsəsiz uşaqlara alın. Şərt deyil ki, o uşaq hansısa körpələr evində olsun. Öz valideynlərinin yanında olub yeni ayaqqabıya həsrət qalan uşaqlarımız da var. Hardasa ayaqyalın bir körpə varsa, onların ayağı üşüdüyü kimi mənim də ürəyim üşüyəcək. Hardasa övladına ayaqqabı ala bilmədiyi üçün ayaqyalın qalan uşaqların valideynlərinin qəlbi titrəyəcəksə, mənim dərdim çəkilməyəcək. Onları ayaqyalın buraxmasaq mən də özümü xoşbəxt, çəkməli hiss edəcəm.
İndi bilin ki, mənim dərdim “çəkmə”li dərd deyil, çəkilməyəcək dərddi”.

Azinforum.az

Həmçinin oxuyun

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldıldı

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb.Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və …

Bir cavab yazın