İsmayıllıda olan uzunömürlü ailələlər xoşbəxtlik sirlərini paylaşıblar.

Beynəlxalq Ailə günü ilə əlaqədar olaraq İsmayıllı rayon İcra hakimiyyəti başçısı Mirdamət Sadıqovun təşəbbüsü ilə rayon rəsmiləri bir neçə nümunəvi ailəyə baş çəkiblər. 103 yaşlı Səkinə Çələbiyevanın qayğıları ilə maraqlanıblar. 1935-ci ildə Əlabbas Çələbiyevlə evlənən 48 il xoşbəxt ailə həyatı sürən Səkinə nənə ərini itiridikdən sonra uşaqlarını tək böyüdüb.

Səkinə Çələbiyeva – Ailə başçısı: “Çox zəhmətkeş olmuşam, çox işləmişəm”.

Lətifə Əliyeva – İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin sədri: “32 nəticəsi var bu nənənin. Bütün nəslin sevimlisidir. Yaxındakı kənd sakinlərinə, qonşulara örnək olan qadındır”.

Sevil Əhmədova – İsmayıllı RİH başçısının müavini: “Həmişəkindən fərqli olaraq bu il nəzərə aldıq ki, bütün ailələri bir yerə toplamayaq. Yaşlı nəslin nümayəndələrini gedib evlərində təbrik edək”.

Sonra nümayəndələr Xəlilli kəndində nümunəvi ailələrdən olan, 10 qız övladı böyüdüb-başa çatdıran Qədirovlar ailəsinə baş çəkiblər. 51 ildir evlilik sürdürən Əlmösüm Qədirov və həyat yoldaşı Kimyə Qədirova indiki ailələrə uzunömürlü və xoşbəxt olmağın sirlərini də açıblar.

Əlmösüm Qədirov – Ailə başçısı: “Mehribançılıq və bir-birinin dediyini qəbul etmək. Bir ailədə mehribançılıq varsa, o ailə həmişə xoşbəxt, yaxşı olacaq”.

Kimyə Qədirova – 10 qız anası: “İndi gəlin olmaq asandır. Elə asandır ki.. İşlər əl əməyi ilə deyil. Elektriklədi. Ona görə bir-birlərinin qədirini bilsinlər ki, boşanmaların sayı az olsun”.

Arzu Müslümova – Böyük qızı: “Heç kim bilmir ki, bir evdə 10 qızıq. Səsimiz çıxmır. Ay qonaq gəlir biz çıxaq – elə şey yoxdur”.