Ana səhifə / Cəmiyyət / “Bu, mənə və Azərbaycan dövlətinə qarşı çirkin kampaniyadır” – Ukraynadakı diaspor rəhbəri Rövşən Tağıyev

“Bu, mənə və Azərbaycan dövlətinə qarşı çirkin kampaniyadır” – Ukraynadakı diaspor rəhbəri Rövşən Tağıyev

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev barəsində yayılan qərəzli məlumatlara cavab verib

Azinforum.az saytına açıqlamasında Rövşən Tağıyev bəzi saytlarda barəsində yayılan məlumatları sifarişli adlandırıb və bunun arxasında anti-Azərbaycan meylli qüvvələrin dayandığını qeyd edib. Rövşən Tağıyev əlavə edib ki, Ukrayna Millətlər Assambleyasının təşkil etdiyi Yeni İl şənliyində Ukraynada yaşayan bütün millətlərin nümayəndələri, o cümlədən Azərbaycan diaspor nümayəndələri də iştirak ediblər. Həmin tədbirə erməni nümayəndəsi Aşot Avanesyan da dəvət olunub: “İlk növbədə qeyd edim ki, Aşot Avanesyan Azərbaycanda doğulub, Bakı ermənisidir. Onunla dəfələrlə görüşümdə hər dəfə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və Serj Sarkisyan rejimini tənqid etdiyini görmüşəm. Azərbaycana və azərbaycanlılara hörmətini gizlətmir və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu, əslində bizim milli maraqlarımıza xidmət edən məqamdır və bu cür insanlarla ünsiyyətdə olmaq bizim xeyrimizədir. Bundan başqa, həmin tədbiri Ukrayna Millətlər Assambleyası təşkil edib və orada Ukraynada yaşayan bütün millətlərin nümayəndələri – Azərbaycanlı, rus, gürcü, bolqar, polyak, alman, yunan, eston, latış, belorus, qazax, qırğız, özbək, erməni və digər millətlərin nümayəndələri iştirak edirlər. Həmin tədbirdə çəkilmiş fotoda da bunu görmək mümkündür. Bu, multikuturalizm örnəyidir. Vətənimiz Azərbaycan da bu örnəyin bariz nümunələrindən sayılır. Mən hansısa bir erməniyə görə, dövlət tədbirində iştirakdən imtina edə bilmərəm. Bütün platformalarda Azərbaycanı təmsil etməli və milli maraqlarımızı müdafiə etməliyəm. Mənim düşüncəm belədir.”

Daha sonra özünün biznes fəaliyyəti barədə danışan diaspor rəhbəri heç bir məmurla bu və ya digər formada şərik olmadığını və bu məlumatların Azərbaycan dövlətinə ləkə yaxmağa çalışan qüvvələr tərəfindən yayıldığını bildirib: “Mən 1991-ci ildən bəri Ukraynada biznes fəaliyyəti ilə məşğulam və burada iri layihələrə imza atmışam. Ukraynanın hakimiyyət nümayəndələri ilə yaxın münasibətlərim var və bu əlaqələrimdən istifadə edərək, hər zaman Azərbaycanımızı təbliğ etmişəm, milli maraqlarımıza xidmət edən bütün təşəbbüslərə açıq dəstəyimi ifadə etmişəm. Bugün də Ukrayna Radasında Azərbaycan əleyhinə səslənən fikirlərin susdurulmasında öz şəxsi əlaqələrimdən istifadə edirəm. Bu, mənim borcumdur. Ukrayna mətbuatına açıqlamasında hər zaman Ermənistanın işğalçı siyasətini tənqid etmişəm, Sarkisyan, Köçəryan və digər erməni cəlladlarını ifşa etmişəm. Bu fəaliyyətimə görə dəfələrlə erməni diasporunun hücumlarına məruz qalmışam. Amma yenə öz əqidəmdən geri çəkilməmişəm.

Yayılan məlumatların qərəzli olduğunu bir daha vurğulayan Rövşən Tağıyev bu çirkin kampaniyanın təkcə özünə qarşı deyil, habelə Azərbaycan dövlətinə qarşı yönəldiyini də vurğulayıb: “Mənim Ukraynadakı fəaliyyətim Azərbaycan rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilib və hər zaman rəsmi Bakının dəstəyini hiss eləmişəm. Düşünürəm ki, bu qərəzli məlumatları yayanlar bir daha düşünsünlər və mənimlə olan şəxsi qərəzlərini anti-Azərbaycan fəaliyyətinə çevirməsinlər.”

Qeyd edək ki, bəzi saytlar yalan məlumatlar yayaraq, həmin tədbirin Ukraynadakı erməni diasporu tərəfindən təşkil olunduğunu yazıblar. Halbuki, Kiyevdəki “Bakı” restoranında keçirilən həmin tədbir Ukrayna Millətlər Assambleyası və Ukrayna Millətlər Radası tərəfindən təşkil olunub və tədbirdə Ukraynadakı bütün millətlərin nümayəndələri iştirak ediblər. Bir nəfər erməni Aşot Avanesyanın da qatıldığı tədbirdə iki nəfər azərbaycanlı – Ukraynadakı diaspor rəhbəri Rövşən Tağıyev və xalq artisti Qurban Abbasov iştirak ediblər. Bundan başqa, tədbirdə Ukrayna rəsmiləri və dövlət qurumlarının nümayəndələri də iştirak ediblər.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın