Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / “Bu bəlaya tutulanlara münasibət dəyişməlidir…” – Professor

“Bu bəlaya tutulanlara münasibət dəyişməlidir…” – Professor

Narkomanların sayı ilə bağlı qeyri-rəsmi statistika son açıqlanan rəsmi statistikadan ən azı 2 dəfə çoxdur.

Bu sözləri Teleqraf.com-a professor Adil Qeybulla deyib.

Onun sözlərinə görə, real vəziyyəti son statistika ilə təsvir etmək olmaz:

“Çünki qeydiyyata düşməyən nə qədər insan var. Bu istiqamətdə tədbirlər görülsə də, narkomaniya ilə bağlı bəzi mübarizə üsulları da tətbiq edilməldir. Narkomanlara yanaşma düzgün olmadığından, cəmiyyətdə həmin insanlara xəstə kimi yox, cinayətkar kimi baxırlar. Onların istər tibbi , istər sosial reabilitasiyası istiqamətində ciddi tədbirlər görülmür. Əslində, cəmiyyətin və dövlət orqanlarının narkomanlara yanaşması xaricdəki kimi olmalıdır. Hesab edirəm ki, belə olduğu təqdirdə narkomanların bəzilərinin real həyata qayıtması, bəzilərinin reabilitasiyası mümkündür. İnsanlar şüurlu sürətdə bu işdən çəkinərlər”.

Professor bildirib ki, bəzi məktəblərdə təəssüflər olsun ki, nəzarət sistemi zəifdir:

“Məktəblər az qala narkotiklərin yuvasına çevrilib. Bu istər Bakı, istərsə də rayon məktəblərinə aiddir. Yəni müəllimlər, valideynlər çox diqqətli olmalıdır. Cəmiyyət bütövlükdə narkotik maddələrin insan orqanizminə zərəri ilə bağlı iş aparmalı və uşaqları bu işlərdən çəkindirməlidirlər. Bu əmələ zəif iradədən qurşanan uşaq sonradan narkotiklərə mübtəla olur. Bu da böyük problemlərə gətirib çıxarır”.

Professor qeyd edib ki, müalicə almaq bu bəladan qurtarmaq üçün yetərli deyil:

“Əslində, bizdə dünya standartları səviyyəsində müalicə də aparılmır. Hətta aparılsa belə, onların tibbi reabilitasiyadan sonra real həyata qayıtması üçün digər tədbirlər lazımdır. Təsəvvür edin, müalicə almış hansısa şəxs narkomanlara xas ağır durumda olanda yenə eyni evə gəlir, eyni insanlar, ətraf, onu bu işə cəlb edənlər, narkoman dostları və s. olur və o mühitdən çıxmır deyə, yenidən o həyata qayıtma ehtimalı böyükdür. Narkotikə qurşanan şəxsin mühitdən çıxarılması işi bütün dünyada sistemli şəkildə aparılır. Bizdə də bu sahədə sistemli iş görülməlidir. Əgər xəstə müalicəyə başlayırsa, əvvəlki mühitdən, həyat tərzindən tamamilə uzaqlaşmalıdır. Sosial reabilitasiya zamanı həmin şəxslər müəyyən əmək vərdişləri öyrədilir. Psixoloq yardımı həyata keçirilir. Narkomana itirilmiş adam, cinayətkar kimi baxanda həmin insanlar daim təzyiq altında olurlar. Amma cəmiyyət və insanlar o bəlaya tutulanların qolundan yapışıb müalicə almasına yardım etməli, həyat eşqi aşılamalı, ayağa qaldırmalıdır” .

Qeyd edək ki, Azərbaycan üzrə 30 dekabr 2017-ci il tarixinə qeydiyyatda olan narkomanların ümumi sayı 30 min 131 nəfərdir. Bu narkomanlardan 25 min 139 nəfər dispanserdə, 4 min 992 nəfər profilaktik qeydiyyatdadır. Narkomanlar arasında 595 qadın var. Toksikomanların ümumi sayı isə 212 nəfərdir. İnyeksion narkotik istifadəçilərinin sayı 21 min 38 nəfər təşkil edir. Onlardan 470 nəfəri qadındır.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …