Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / BP ictimai fəal Abid Qafarovu işdən çıxarıb

BP ictimai fəal Abid Qafarovu işdən çıxarıb

İctimai fəal Abid Qafarov həbsdən azad edildikdən sonra bilib ki, BP neft şirkətində işdən çıxarılıb.
O, “Turan”a bildirib ki, barəsində qüvvəyə minmiş məhkəmə qərarı olduğuna görə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci bəndinin Ç hissəsinə əsasən ötən il dekabrın 6-da onunla əmək müqaviləsinə xitam veriblər. Qafarov həbsdən azad edildikdən sonra yenidən BP şirkətinə iş üçün müraciət etməsinə baxmayaraq, yenidən işə qəbul etməyiblər.
O bunu yaşamaq, qidalanma, sağlamlıq hüquqlarının pozulması kimi qiymətləndirib.
“Bir nəfərin istehlak zənbili 200 manatdır. 6 nəfərlik ailəmin minimum dolanışığını təmin etmək üçün 1200 manat lazımdır. Ancaq indi işimdən məhrum edildikdən sonra yaşamaq üçün vəsaitimiz qalmadı”, – Qafarov deyib.
O hesab edir ki, işdən çıxarılmasının və işə bərpa olunmaqdan imtina edilməsinin arxasında Azərbaycan hakimiyyəti dayanır.
Qafarov iş tapmaq və ailəsini dolandırmaq üçün Azərbaycandan getməyi düşünür.
“Hazırda ailəmlə məsləhətləşirəm. Yəqin ki, biz vəziyyətdən çıxış yolunu ölkəni tərk etməkdə görəcəyik”, – Qafarov deyib.
O, neft sahəsində istehsal – texnoloji proseslərin avtomatlaşdırılması üzrə mütəxəssisdir. 30 ilə yaxın Azərbaycanın neft-qaz və energetika sahəsində çalışıb.
Xatırladaq ki, Abid Qafarov ötən il iyulun 13-də həbs edilib. Onu bir qrup Qarabağ müharibəsi veteranı məhkəməyə verib. Onlar bildiriblər ki, Qafarov onları təhqir edib və böhtan atıb.
Məhkəmənin qərarı ilə Qafarov Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrilə bir il müddətinə azadlıqdan məhrum edilib. Hər ittiham üzrə 6 ay həbs cəzası alıb.
Xəbərdə bildirilir ki, Abid Qafarovun təqib edilməsinin əsl səbəbi 2017-ci ildə qalmaqallı “Tərtər işi” üzrə guya Ermənistanın xeyrinə casusluqda ittiham olunan bir qrup hərbçiyə qarşı cinayətləri ifşa edən videoreportajlardır.
O, öz araşdırmalarını KİM.TV Youtube kanalında yayımlayıb.
İyunun 1-də Apellyasiya Məhkəməsi onun cəzasını yüngülləşdirərək vaxtından əvvəl azad edib.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …