Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Böyük alim, müəllim, şəxsiyyət

Böyük alim, müəllim, şəxsiyyət

Böyük alim, görkəmli ictimai-siyasi xadim Cəlal Əlirza oğlu Əliyevin haqq dünyasına qovuşması biologiya elmi üçün böyük itkidir. Onun heç kəsə bənzəməyən, heç kimi təkrarlamayan unikal elm və həyat yolu olmuşdur. Cəlal müəllim orijinal, fundamental tədqiqatların, dünya elminə yeniliklər gətirən qlobal nəticələrin müəllifidir. Ciddi prinsipiallıq, elmi istiqamətləri öncədən görmə qabiliyyəti, geniş erudisiyası, tükənməz enerjisi, gərgin axtarışları, gənc elmi kadrlara olan tələbkarlığı onun mehribanlığı və qayğıkeşliyi ilə harmonik tamamlanırdı.
Cəlal Əliyev çətinliklərlə, mübarizələrlə dolu, eyni zamanda şərəfli həyat yolu keçib. Həmişə “elm – həqiqətdir!” fikrini əsas tutub, həqiqəti dərk etməyi həyatının əsas amalı hesab edib. Böyük elmi məktəb yaradıb. Azərbaycan elminin dünyada tanınmasında, təbliğində və beynəlxalq elmi təşkilatlarla əlaqələr qurulmasında misilsiz xidmətləri olub. Cəlal Əliyev eyni zamanda daim öz prinsiplərini qoruyub saxlayan, xalqın və dövlətçiliyin naminə söz deməyi bacaran cəsarətli bir insan idi. Respublikamızın ictimai-siyasi həyatında onun fəaliyyəti əvəzedilməz olmuşdur. Cəlal Əliyev canlı tarix idi. İllər ötdükcə bu tarixin şanlı səhifələri vərəqlənəcək, onun şəxsiyyətinin böyüklüyü, elmin inkişafı, xalqının xoşbəxtliyi naminə gördüyü işlərin mahiyyəti və miqyası daha aydın və dolğun görünəcək. Bütün mənalı həyatı və fəaliyyəti elmə, doğma xalqına və vətəninə xidmətin parlaq nümunəsi olan akademik Cəlal Əliyev Azərbaycan elminin və dövlətçiliyinin tarixində daim yaşayacaqdır.
Akademik Cəlal Əliyev Azərbaycan cəmiyyətinə, elm və mədəniyyətinə böyük şəxsiyyətlər bəxş etmiş Əliyevlər ailəsinin üzvü idi. Nadir hallarda bir insan çox böyük işlər görə bilər. Məhz Cəlal Əliyev də belə insanlardan biri olub, çox böyük ənənələr yaratmış və elmi inkişaf etdirmişdir.
Cəlal müəllim gələcəyə inamla baxmış, yorulmaq bilmədən daim elmi axtarışlarını davam etdirmişdir.
Elmdə və elmə münasibətdə həmişə həqiqət axtaran alim bu yolda bəzən siyasi və mənəvi təzyiqlərlə üzləşmiş, lakin iradəli, cəsarətli və haqqa, ədalətə sadiq olması sayəsində bu çətinliklərdən üzüağ cıxmağa müvəffəq olmuşdur. Həyatının ən çətin anlarında belə elmi tədqiqatlarını dayandırmamışdır.
Akademikin qazandığı uğurların əsas səbəbi onun nadir istedadı və yüksək dərəcədə əməksevərliyi olmuşdur. Geniş diapazonlu elmi fəaliyyəti və zəngin irsi ilə müasir Azərbaycan biologiya elminin inkişafına dəyərli töhfələr bəxş etmişdir.
Cəlal müəllim deyirdi ki, elmlə məşğul olan insanın əsas məqsədi həmişə qabağa baxmaq, yeni sahələri inkişaf etdirmək, təzə ideyalar irəli sürməkdir. Özü bu niyyətini reallaşdırmaqla çoxlarına örnək olub.
Böyük alimin elmi fəaliyyətinin 65 ildən çoxu kənd təsərrüfatı bitkilərinin, əsasən buğdanın forosintetik məhsuldarlığının nəzəri əsaslarının öyrənilməsinə həsr olunmuşdur. Ardıcıl və məqsədyönlü fəaliyyəti ilə Cəlal Əliyev məhsuldarlıq proseslərinin əsası kimi fotosintezin kompleks şəkildə tədqiqini həyata keçirmişdir. Bu tədqiqatların dairəsi bitkilərin məhsuldarlığının fizioloji, biofiziki, biokimyəvi və molekulyar-genetik əsaslarını, eyni zamanda bitkilərin həyatının struktur-funksional təşkilinin molekulyar səviyyədən başlayaraq bütöv bitki və əkinə qədər olan mərhələ və formalarında məhsuldarlıq proseslərinin öyrənilməsini əhatə edir.
Akademik Cəlal Əliyev fotosintez prosesini kompleks tədqiq etməklə elmə böyük yeniliklər verdi. Dünya elmində bitkilərdə fototənəffüsün israfçılıq olması və məhsuldarlığı artırmaq üçün bu prosesi azaltmaq zərurəti ilə bağlı uzun illər mövcud təsəvvürlərin əksinə olaraq, tarla şəraitində yetişdirilən kontrast buğda və soya genotipləri ilə apardığı 40 illik təcrübələrlə sübut edilmişdir ki, fototənəffüs təkamülün gedişində formalaşmış həyati əhəmiyyətli metabolik proseslərdən biridir və bitkilərin məhsuldarlığını artırmaq məqsədilə müxtəlif yollarla fototənəffüsü azaltmaq cəhdləri əsassızdır. Fototənəffüs prosesi ilə bağlı əldə etdiyi qlobal nəticə isə dünya elminin tarixinə qızıl hərflərlə yazılacaq.
Akademikin diqqəti nəinki fundamental tədqiqatların geniş spektrinə, həm də tətbiqi elmə də yönəlmişdir. Cəlal müəllim fundamental elmi böyük praktika ilə birləşdirməyi bacaran nadir şəxsiyyətlərdən idi. Rəhbərlik etdiyi laboratoriyalarda alınan nəticələr bir çox beynəlxalq kənd təsərrüfatı mərkəzlərinin tədqiqat proqramlarında rəğbətlə qarşılanmışdır. Onun rəhbərliyi altında dünyada unikal hesab olunan bir neçə min genotipi əhatə edən buğda genofondu yaradılmışdır. Fundamental tədqiqatlarda aldığı elmi nəticələrin seleksiya işində məharətlə istifadəsi sayəsində çoxsaylı yüksək məhsuldar və ətraf mühit amillərinə davamlı buğda sortları yaradılmışdır.
Respublikada elmin bütün sahələrinin, o cümlədən biologiya elminin inkişafında Cəlal müəllimin misilsiz xidmətləri vardır. Onun elmi təşkilatçılığı sayəsində müxtəlif sahələrdən istedadlı tədqiqatçılar molekulyar biologiya və biotexnologiyanın aktual problemlərinin həllinə cəlb edilməklə elmin yeni istiqamətləri üzrə sanballı nəticələr əldə olunmuş və müasir kadr potensialı formalaşdırılmışdır. Keçən əsrin 70-ci illərindən başlayaraq müxtəlif ixtisaslar – biologiya, kimya, fizika, riyaziyyat, aqrokimya üzrə ali məktəblərin məzunlarından elmi kollektivin hazırlanmasına başlanılmışdır. Respublikamızda biologiya elminin yeni istiqamətlərinin, o cümlədən molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, riyazi biologiya, kompüter biologiyası və bioinformatikanın bünövrəsinin qoyulması və əsaslı surətdə inkişaf etdirilməsi məhz onun adı ilə baglıdır.
Hələ 1970-ci illərdə Cəlal Əliyev biologiya elminin digər elmlərlə, xüsusən riyaziyyat, kibernetika, kimya, fizika, kompüter və informasiya texnologiyaları və s. sahələrlə sintezinin inkişafının vacibliyini öncədən görən alimlərdən biri idi. Onun tövsiyəsi əsasında onlarca istedadlı gənc alim Rusiyanın Moskva, Sankt-Peterburq, Novosibirsk, Kiyev və başqa şəhərlərinin və dünyanın digər qabaqcıl elmi-tədqiqat mərkəzlərində təhsillərini davam etdirmişlər. Ondan ötrü əsas məsələ – istedad və elmi işlə məşğul olmaq üçün zəruri keyfiyyətlərin olması idi. Bu elmi ixtisasların bir-birinə qovuşması nəticəsində respublikamızda ilk dəfə biologiya və kənd təsərrüfatının bir çox nəzəri və praktik məsələlərin həllində riyazi metodlardan və kompüter texnologiyasından istifadə etmək mümkün olmuşdur. Xüsusi qeyd edilməlidir ki, biologiyada inteqrativ yanaşmaların dünyada ilk təşəbbüskarlarından biri Cəlal Əliyev olmuşdur.
Alimin uzaqgörənliyi onda idi ki, elmi məktəb də yarada bilmişdi. Elmə vurğunları həmişə qiymətləndirmiş, çətin anlarda onlara dayaq olmuş, irəli getmələri üçün zəmin yaratmışdır. Onun rəhbərliyi altında hazırlanmış və müasir elmin əsas potensial qüvvəsini təşkil edən “Cəlal Əliyev məktəbi” dediyimiz fikirlərin bariz nümunəsidir.
Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin fundamental və tətbiqi sahələrdə əldə etdiyi və dünyanın aparıcı alimləri tərəfindən qəbul edilmiş nailiyyətlərini, molekulyar biologiya və biotexnologiya elminin Azərbaycanda inkişafının aktuallığı və perspektivliyini nəzərə alaraq Azərbaycan Milli Elmlər Akademiyasının 30 iyun 2014-cü il tarixdə keçirilmiş yığıncağında AMEA Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin bazasında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması haqqında qərar qəbul edilmişdir.
Azərbaycan elminin dünyada tanınmasında, beynəlxalq elmi təşkilatlarla əlaqələr qurulmasında Cəlal Əliyevin misilsiz xidmətləri olmuşdur. 5-9 iyun 2013-cü ildə Beynəlxalq Fotosintez cəmiyyəti tərəfindən Bakı şəhərində dünyanın 32 ölkəsindən 350 nümayəndənin iştirakı ilə Cəlal Əliyevin yubileyinə həsr olunmuş konfransın keçirilməsi də bunun bariz nümunəsidir.
Akademik Cəlal Əliyevin elmi və ictimai mühitdə qazandığı böyük hörmət onun taleyüklü məsələlərdə nümayiş etdirdiyi yüksək prinsipallığı ilə bağlıdır. Azərbaycanda dövlətçiliyin qorunmasında və inkişafında Cəlal Əliyevin fəaliyyəti danılmazdır. Ölkəmizdə XX əsrin axırlarında cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdə Cəlal müəllim əsl vətəndaş mövqeyi nümayiş etdirdi. Bir şəxsiyyət kimi bütün təzyiqlərə mətanətlə sinə gərdi. Ən çətin anlarda xalqımızın ümummilli liderı Heydər Əliyevin yanında oldu. Eyni zamanda, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan dövlətini böyük inkişaf yoluna çıxaran və beynəlxalq miqyasda yüksək səviyyədə təmsil edən Prezident İlham Əliyevin hər bir uğuruna ürəkdən sevindi, onunla fəxr etdi.
Cəlal Əliyevin 1995-2015-ci illərdə ictimai xadim kimi fəaliyyəti Azərbaycan Respublikasının Milli Məclisi ilə bağlı olub.
Görkəmli alim, tanınmış ictimai xadim, akademik Cəlal Əliyev 2016-cı il fevralın 1-də haqq dünyasına qovuşdu. Onun ölümü elmimiz, dövlətimiz və xalqımız üçün böyük itki idi.
Cəlal müəllimin haqq dünyasına qovuşmağından keçən 40-cı gündə təşəkkül tapmasında misilsiz xidmətləri olduğu Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu Ədliyyə Nazirliyində qeydiyyatdan keçdi. Rəhbərliyi altında aparılan və müəllifi olduğu tədqiqatları əks etdirən məqalə nüfuzlu Photosyntesis Research jurnalında çapa qəbul olundu. Keçmiş SSRİ-də radionuklidləin tədqiqi istiqamətində ən sanballı hesab edilən və uzun illərin nəticələrini ümumiləşdirən monoqrafiya çapdan çıxdı.
P.S. “Bütün həyatım boyu biologiya elmi ilə məşğul olmuşam, fotosintez prosesini öyrənmişəm, yeni buğda sortları yaratmışam, elmi məqalələr və monoqrafiyalar yazmışam. Baxmayaraq ki, çətin və kəşməkeşli həyat yolu keçmişəm, amma hesab edirəm ki, mən çox xoşbəxtəm. Həmişə sevdiyim işlə məşğul olmuşam və kifayət qədər əhəmiyyətli nətıcələr əldə etmişəm. Həyatım boyu elə bir hərəkət etməmişəm ki, sonradan buna görə utanım. Mən çoxsaylı ağıllı, istedadlı, mərd insanlarla rastlaşmışam. Onlardan bəziləri mənə kömək edib, çoxlarına da mən kömək eləmişəm. İnsanın xoşbəxtliyi üçün ona çox şeymi lazımdır? Fikirləşirəm ki, sadaladıqlarım tamamilə kifayətdir”.
Bu sözlər bütün mənalı həyatı və fəaliyyəti elmə, doğma xalqına və vətəninə həqiqi xidmətin parlaq nümunəsi olan, Azərbaycan elminin və dövlətçiliyinin tarixində daim yaşayacaq akademik Cəlal Əliyevə məxsusdur.
İradə HÜSEYNOVA,
AMEA Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun direktoru, akademik

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın