Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / “Boşanmaların artması xoşuma gəlir…” – Məşhur rəssam+Video

“Boşanmaların artması xoşuma gəlir…” – Məşhur rəssam+Video

Adlarını ölkəmizdən daha çox beynəlxalq sferada eşitməyə öyrəşdiyimiz Rəşad Ələkbərov, Faiq Əhməd və Fərid Rəsulov. Onlar müasir incəsənətimizin ayrılmaz üçlüyü sayılır. Həm işləri, həm də fikirləri ilə daim fərqlənən bu şəxslərə kənardan baxanda görünən odur ki, eyni ölkədə yaşasaq da, tam başqa bir mühitləri, əhatələri və ya çevrələri var. Bu çevrəyə azacıq daxil olub iç dünyanları ilə soraqlaşanda aydın olur ki, yox, uzaq dediyimiz cəmiyyətə, sosial problemlərə onlar bizdən yaxın imişlər.

Hər 3 şəxsdən ard-arda müsahibə götürə bildim, müsahibələrimin son halqasını da bu gün tamamlayıram.

Söhbətlərimizdən gəldiyim qənaət odur ki, kölgə sənəti, müasir xalçaçılıq və tam individual meyvə-tərəvəz rəsmləri ilə tanıdığımız bu sənətkarların sadə bir amalı var: səs-küydən uzaq bir şəkildə yaratmaq.

Belə demək olarsa, bizim müsahibə istəyimiz onun üçün düşərli olub. Hər müraciətimizdən sonra Fərid Rəsulovun səsi ya Amerikadan, ya da Çindən gəlirdi. Axır ki, onu Bakıda, sevimli emalatxanasında tuta bildik…

Tanınmış rəssam Fərid Rəsulovun “Qafqazinfo”ya müsahibəsi:

– Haqqınızda oxuyarkən öyrəndim ki, Tibb Universitetini bitirmisiz, özü də oftomologiya fakültəsini. Bəs niyə həkim yox, rəssamlıq peşəsini seçdiz?

– Tibb Universitetinə qəbul olan zaman 15-16 yaşım olardı. O yaşda insan hələ tam formalaşmır. Bəzi istəkləri ürəyində qalır. Tərbiyə sistemimiz edədir ki, kənardan məsləhətlər çox olunur. Lap gənc yaşlarında öz sözünü, istəklərini tam deyə bilmirsən. “Olmaz” məsələsi mövcuddur.

– Elə başa düşdüm ki, ailənizin istəyi ilə tibb sahəsini seçmisiz.

– Yox, ailəmin istəyi ilə deməzdim. Sadəcə psixoloji seçim alqoritmi belə gətirdi. Qardaşım məndən bir il əvvəl Tibb Universitetinə daxil olmuşdu, atam kimyaçıdır və Tibb Universitetində dərs deyir. Evdə də bütün lazımi vəsaitlər var idi deyə tibb sahəsi üzrə təhsil almağı seçdim. Ancaq sonradan gördüm ki, hər gün 8-də dərsə gedib 4-də gəlmək, rejimli təhsil məni sıxır, xoşuma gəlmir. Ürəyim partlayırdı. Daha sonra aptekdə və təcili yardımda işləməyə başladım. Onda vəziyyət daha da qəlizləşdi. Gün ərzində işdə oturmalısan və çölə çıxa bilmirsən. O, mənim üçün dözülməz bir hala çevrildi.

Bir gün rəssam Faiq Əhmədin emalatxanasına getmişdim. Gördüm ki, orada vəziyyət tam fərqlidir. Deyirlər, gülürlər. Bir-iki ay heç nə etmirsən, oturursan, kinolara baxırsan, yeni ideyalar üzərində işləyirsən. Sərgi olanda hazırlaşırsan, digər vaxtları da özünü inkişafa sərf edirsən. Baxdım ki, arzuladığım təhsil sistemi, peşə məhz budur.

– Rəssamlıq qabilliyyət tələb edən sahələrdəndir. Əvvəlcədən şəkillər çəkirdiniz?

– Əslində, elə bir qabiliyyətim yox idi. Qabiliyyət sözünə də çox inanmıram. Fiziki bədən və beyin impulslarının statistikasını götürsək, kimdəsə 10% olur, kimdəsə 90%.  Mənə görə qabiliyyət budur. Elə adam var ki, ömür boyu işləyir və sahəsində uğur qazana bilmir.

– Onda belə çıxır ki, rəssam, heykəltəraş və bu kimi sahələr üçün sadəcə istək və əzm kifayətdir.

– Bəli, burda elə bir qəliz şey yoxdur. Əsas odur ki, klassik Rəssamlıq Akademiyasına getməyəsən. Orada heç nə öyrətmirlər. Bu sahə üçün vacib olan bir şey var-düşünmək. O da akademiyada öyrədilmir. Demirəm müəllimlər pisdir, yox. Tələbələr də bacarıqlıdır, müəllimlər də texnikanı çox gözəl öyrədir. Ancaq deyək ki, hə, çəkməyi yaxşı bacarır, bəs sonra? İdeyalar, yeni fikirlər hanı? Bax mən birinci onu öyrəndim.

– Bəs bu sahədə təhsil aldız?

– Bəli, təsviri incəsənət üzrə magistratura təhsili almaq üçün Amerikaya getdim. Bu sahədə bakalavr təhsilim olmasa da, portfoylomu göndərdim, iştirak etdiyim sərgilərə baxdılar və birbaşa qəbul olundum. Bir az təvazökarlıqdan uzaq olacaq, sonradan gördüm ki, bizim iştirak etdiyimiz sərgilərdə onların müəllimləri belə çətinliklə iştirak edir. Onlar üçün bu, əlçatmaz zirvə idi. Amerikada da təhsil sistemi axsayır. Düzü, orada da ürəyim partladı, çox sıxıldım. Ona görə də bir il oxudum, yarımçıq gəldim. Çünki yenidən məcburilik gördüm. Ancaq mənim üçün maraqlı və çox yaxşı təcrübə oldu.

– Hər iki mühiti qarşılaşdırdıqda sizin üçün harada yaşamaq daha rahatdır?

– Adam enerjisini ətraf mühitlə bölə biləndə və qarşılıq alanda rahat olur. O mühiti yaratmaq da insanın özündən asılıdır. Bu, İndonaziyanın balaca şəhəri də ola bilər, ABŞ-da böyük bir ştat da. Ancaq sosial cəhətdən nəzərdə tutursunuzsa, insan qaçmaq, yaşıllıqda daha çox nəfəs almaq, sakitlik istəyir. Orada mərkəzi park var idi, ağacların altında yatırdım. ŞƏhərin mərkəzində sakit kitabını oxuyursan və ya yeni ideyalar düşünürsən. Heç kim sənə mane olmayacaq, orada bir gün boyunca otur. Ancaq bizdə onları edə bilmirəm. Həm vaxtım azdır, həm də park sistemi heç xoşuma gəlmir. Hər yer mərmər döşəmədir, bunu da sevmirəm.

– Elə bil insanlarımızda sosial problemlərdən qaynaqlanan yorğun bir aura var və çox vaxt gileylənirik ki, küçədə gülən, sevinən sima görmək çox çətindir. Hamı sanki harasa tələsir, çoxu fikirlidir. Bir rəssam üçün bu mühit nə dərəcədə ilhamvericidir?

– Siz Amerikadan danışırsınız, ya Bakıdan?

– Bakıdan.

– Ancaq bayaqdan sanki mənə Amerika mühitini təsvir edirdiz. Orada da insanlar səhər qaçır işə, axşam da yorğun bir ab-havada qayıdır evə. Sən də o hərəkət maşınının içində olursan. Nyu-York individual insanların toplusudur. Hamı bir-birindən ağıllı olduğu üçün tam bir stress balonudur. Deyərdim ki, Bakıda müşahidə aparanda insanların daha rahat olduğunu görürəm. Orada gəzən insan görməzsən, hamı qaçır. Bir də pizza yeyirlər. Bütün gün yeyirlər, qaçırlar.

– Yeməkdən söz düşmüşkən, sizin də işlərinizin əksəriyyəti meyvə-tərəvəz və yeməklərdir. Bəs, bu maraq hardandır?

– İlk dəfə dolma şəkli çəkmişəm. Dolma yaralı yerimizdiz axı. Evdə Qarabağ dolması bişirilir və bilən bilir ki, ona qatılan inqridientlərə görə dadı tam fərqli və ləzzətli olur. Çox yağlı, dadlı dolma idi. Çəkdikcə özümə lap xoş gəlirdi. Ondan sonra istəklər gəldi və bu işi yaxşı bacardığımı dedilər. Biz yeyən millətik, ona görə də işlər hamının xoşuna gəlir.

Rəssam özü də bilmədən real faktları, hadisələri çəkirlər. Hər bir rəsm əsəri tarixi sənəddir. Bunların hamısı gündəlik həyatımızda, küçə və bazarlarda görməyə alışdığımız, beynimizdə böyük yer tutan vizuallardır. Mən bu rəsmlərlə unikal bir sərgi etmək istəyirəm. Salonda divarlarda rəsmlərim asılacaq, qarşısında isə mini-bazar qurulacaq. Məsələn, rəsmdə alçalar yer alıbsa, qarşısında bazardakı kimi piştaxta qoyulacaq və satıcı alça satacaq. İstəyən kiloyla alça alacaq, istəyən də kvadrat metr ölçüsünə görə hissələrlə tablo. Qiyməti hələ dəqiqləşdirməmişəm. Amma incəsənət əsəri qiymətinə qalxacaq.

– Hazırda ölkəmizdə rəsm əsəri alanların əksəriyyəti elitadır. Bəs, onlar salonlarında soğan, sarımsaq şəkli asmaqda nə dərəcədə maraqlıdırlar?

– Bəli, var. Biz stolun üstünə meyvə qoymağa maraqlıyıq. Meyvələrimiz də daha çox mövsümə uyğun olur. Bir də var ki, hər zaman divarda asılı olsun. O alçalara hər baxanda yaz yadına düşəcək, onu duzla necə yediyi, o vaxt olan xatirələr…

– Biz daha çox rəssamları qana, heyvanların kəsilməsinə qarşı görmüşük. Amma sizin instaqram səhifəniz, bir çox əsəriniz qıpqırmızı qana boyanıb.

– Mən bir şey başa düşə bilmirəm ki, insanlar ət yeyir, ancaq heç kim fikirləşmir ki, bunu bayaq kəsiblər. Bazardan bir kilo ət alırsan, vəssalam. Elə Qurban bayramının özü. Uşaqlıqda gözümüzün qabağında kəsib qanını da alnımıza vururdular. Mən sadəcə onu tablo şəklində göstərmişəm.

– 2012-ci ildə “Zeynalabidin Tağıyevin papağı” layihəniz olub. Papaq da ki, ölkəmizdə vacib atributlardandır. Kişi papağı, kişi sözünün bir ucu da mentalitet anlayışına gedir. Bəs ölkəmizdə novatorluğa münasibət necədir?

– Bizim ölkəmizdə işlədilən mentalitet anlayışını mən dərk edə bilmirəm. Bu sözün daha dərindən öyrənilməsi lazımdır. Camaat mentalitet dedikdə bilməlidir ki, bu, nədir. Dostlardan, kütlədən eşitdiyin mentalitet sözünü kor-koranə qəbul etməməlisən. Bilməlisən ki, o sözün altında nələr yatır. Mən istəyərəm ki, bizim cəmiyyət daha effektiv işlərlə məşğul olsun.

– Dünyanın bir çox ölkəsini gəzmiş, hətta yaşamış bir rəssam kimi cəmiyyətimizdə dəyişməyini istədiyiniz nələr var?

– Əslində hər şey dəyişir. Mütləq inkişaf var. Bir müddət sonra heç mentalitet də olmayacaq. Kompüter tərəfindən idarə olunan sistem olacaq. Artıq dünyanın bir çox ölkəsində bu sistemə keçilib. Əsas odur ki, biz həmin proseslərdə geridə qalmayaq. Hər hansısa bir yenilik olanda və yaxud yeni fikir bildirəndə onu mentaliletə zidd hesab edib bloklamaq olmaz. Bu, bizim inkişafımızı dayandırır. İnsanımız anlamalıdır ki, zaman dəyişib. O vaxtkı dəyərlərlə indiki dəyərlər bir deyil. Həmin düşüncəylə internet erasında qalmaq effektiv deyil.

– Faiq Əhməd kompozisiyalarında ölkəmizdə hər zaman birmənalı qarşılanmayan bakirəlik, sünnət və bir çox məqamlara toxunmuşdu. Hazırda da istər qadına qarşı rəftar, istərsə də bakirəlik məsələsinə görə xeyli ölüm halları olur. Bəs siz bu kimi sosial məsələlərlə bağlı nə etmisiz və ya edəcəksiniz?

– Ən böyük arzularımdan biri onlayn təhsil saytı açmaqdır. Artıq interfeysini az-çox düşünmüşəm. Bu fikirlər bizə uşaqlıqdan yeridilir. Daha sonra məktəb və universitetdə də davam edir. Qəti şəkildə iki söz deyilir: bu olar, bu olmaz. Fərd olaraq bizim bəxtimiz onda gətirib ki, XXI əsdə yaşayırıq. Əlimizin altında internet var və istədiyimiz qədər özümüzü inkişaf elətdirə bilərik. Sadəcə olaraq açıb baxmaq, öyrənmək lazımdır. Qadına hörmət məsələsi mənim üçün çox böyük dərddir. Əgər qadını işləməyə, oxumağa qoymursansa, fikirləşməlisən ki, onun böyüdüb boya-başa çatdırdığı uşaq da cəmiyyət üçün yararlı olmayacaq. Bizdə oturub seriala baxmaqla gün bitirirlər. Çox az adam əlinə kitab alıb oxuyar. Demirəm ki, kvant nəzəriyyəsini oxusunlar. Evdar qadın aşpazlıqla bağlı, yeməkləri daha vitaminli etməklə bağlı nələrsə oxuya, öyrənə bilər. Bu vaxt qadına hörmət də, yanaşma da dəyişəcək.

– Yəni, hazırki problemlərin çoxunu təhsildə görürsüz, hə?

– Bəli, məhz təhsil. Biz anlamalıyıq ki, hamı insandır və heç kimin digər şəxslər üstündə ağalıq etmək haqqı yoxdur. Nəinki ailədə, işdə belə heç bir fərq qoyulmamalıdır. Hətta müdirlə işçinin arasında belə heç bir fərq olmalı deyil. Hamı bir-birindən asılıdır. Əgər mənim işim pis getsə, müdirin də işi pis gedəcək. İnsanlar öz fikirlərini başqalarına sırımağa çalışmamalıdır. Azadlıq olan yerdə, əmək qabiliyyəti də yüksək olacaq.

– Bəs sizin üçün ailə dəyərləri və yaxud ideal qadın necədir?

– “Qızmar günəş altında” filmindəki Gülpəri. Ümumiyyətlə, işləyən, yararlı olan insanları sevirəm. Ailədən də belə görmüşəm. Qadın işləyəndə enerjisini də müxtəlif sahələrə bölə bilir. Daha rahat və azad olur. Bax bu, mənə xoşdur. Son vaxtlar ölkəmizdə boşanma sayı artıb. Düzü, bu rəqəmin artması mənə xoş gəlir. Əvvəllər belə şey yox idi, istəsə də, istəməsə də ömrünün sonuna kimi bu halda yaşamalı idi. İndi isə yaşamaq, nələrəsə dözmək istəmir, ayrılır yeni bir həyat qurur. Hazırda boşanmış qadınlara münasibət bir qədər fərqlidir, ancaq zaman ötdükcə o da dəyişəcək. Yenə də deyirəm: təhsil və qadınlarımızın iş mühitində olması öz sözünü deyəcək.

– Sizi və dostlarınızı çox vaxt elit və qlamur cəmiyyətin rəssamları adlandırırlar. Həm dünyaya baxış prizması olsun, həm də maraq, istəkləriniz tam fərqlidir. Elə bil, ölkədə özünüz üçün balaca bir ölkə qurmusuz.

– Biz qlamur deyilik. Heç ətrafımızdakı insanları da elə adlandırmazdım. Qlamurluqda bir pafos, güclü PR var. Pis bir şey deyil, sadəcə biz elə deyilik. Ekranda çox görünmürük, sakit bir şəkildə işlərimizi görməyə çalışırıq. Əlçatanıq, hamı ilə birlikdə bazara gedirik, eyni paltarı geyib, eyni dili danışırıq. Emalatxanalarımızın qapıları isə hər kəsin üzünə açıqdır. Camaatdan qaçmaq fikrimiz yoxdur, sadəcə işlərimiz bir qədər çox, vaxtımız isə az olur.

– “Chelebi” brendinin yaradıcısısız. Daha çox milli ornamentlərlə işləyirsiz. Bəs Əhmədlidə, Bakıxanov qəsəbəsində niyə “Chelebi” mağazası yoxdur?

– Tutaq ki, imkanı elə də yüksək olmayan insanlar Sədərək ticarət mərkəzinə gedir. Orada da məhsulların 99.9 faizi Çin istehsalıdır. Keyfiyyət olur çox aşağı. O sferada çalışmaq, nəyisə satmaq çox çətindir. Həm maliyyə tərəfdən məqsədəuyğun deyil, həm də ki, bizim gördüyümüz iş qiymət baxımından digər məhsullarla yarışa bilməz. Soruşursunuz ki, nəyə görə məhz “Port Baku”? Mən oraya gedəndə çox xoşbəxt oluram. İçəri girirsən, çox ağıllı insanlar var. Özümü xarici şirkətdə işləyən insanlar kimi hiss edirəm. Xaricilər çoxdur, düşüncələr müxtəlifdir. Və hər zaman informasiya mübadiləsi aparılır. Ancaq bu yaxınlarda bulvarda da balaca bir butikimiz olacaq. Onda xalqla tam iç-içə olacağıq. Onu da deyim ki, Babək prospektində də mağazalar var. Orada satışa qoyulan divan bizim divanlardan bahadır. Hamı elə bilir, brend olarsa, “Port Baku”da yerləşərsə, kosmik qiymətlər olur, yox, bu, belə deyil. Bir dəfə pəncərəyə yazdıq ki, bizdə ən baha divan 1999 manatdır. Ondan sonra insanlar gəlməyə, maraqlanmağa başladı. Şayiələr gəzir ki, bizdə 20-25 minə mebel var. Elə şey yoxdur, biz çalışırıq hamının cibinə uyğun olsun. Hazırda rəssamlar tərəfindən işlənmiş, individual məstan, dovşan suvenirlərimiz var. Cəmi 13 manata. Heç o qiymətə gündəlik yemək düşmür.

– Ümumiyyətlə, rəssamlar bir az əhlikef olur. Nəsə brend yaratmaqdan, təşkilatı işlərdən çəkinirlər. Bəs, sizin bu ideyanız necə yarandı və gerçəkləşdi?

– 2013-cü ildə bir instalyasiya etmişdim, xalçalardan ibarət bir otaq idi. Orada da Çələbi xalçası istifadə etmişdim. Bütün mebellər Qərb istehsalı idi və Şərq xalçaları, ornamentləri ilə örtülmüşdülər. Orada belə bir mətn var idi ki, bu iki yarımkürə daima bir-birinə əks mövqedə olur. Ancaq  fikirlər birləşən zaman ortaya maraqlı nələrsə çıxa bilər. Hazırda çox maraqlı qrupumuz var və yeni ideyalar üzərində işləyirik. Hər zaman da azad düşüncəli insanların axtarışındayıq. Bu yaxınlarda yeni brendlər yaratmaq fikrim də var. “Kəklik” adlanan çay brendi yaradacağam. Heç də baha başa gəlmir. Gedirsən rayonlardan çayları yığıb qarışdırırsan, “Ebay”dən də hazır qabları alırsan, brendini düşünürsən, qabın üstünə yapışdırdın, vəssalam. Olur yeni brend. Bu prosesdən qorxmaq lazım deyil.

Bunların hamısı bir incəsənət işidir. Köhnə düşüncəyə görə, gərək rəssam pul qazanmasın, hər zaman emalatxanasında olsun, sonda da alkoqolizimdən ölsün. Öləndən sonra da işləri dəyər qazansın. Xeyr, bu, belə olmamalıdır.

Xarici səfərlərimdə ideyalarımdan danışıram, qəribə baxırlar. Orada mebel və ya çay şirkəti açmaq dəhşət bir şeydir. Bazar tam doludur, yüzlərlə çay şirkəti, onların da hər birinin öz rəqabəti var.

– Belə başa düşdüm ki, bazarda kifayət qədər boşluqlar var. Ancaq gənclərimiz hər zaman gileylənir ki, ideyalar var, ancaq həyata keçirə bilmirlər. Onda ya onlar bir az tənbəldir, ya da büdcə kifayət etmir.

– Bəli, kifayət qədər boşluqlar var və adam bilmir hansı birinə baxsın. Düşünürsən ki, bunu da etmək olar. “Qabiliyyət var, şəait yoxdur” məsələsinə mən inanmıram. Mən 3 il aptekdə, ondan əvvəl də təcili tibbi yardımda işləmişəm. 50 manat birində, 90 manat da birində alırdım. Heç nəyə bəs etmirdi. Pulun yarısı da yeməyə gedirdi. Ordan çıxdım, qazanc sıfır. Evdə cibə pul basdı məsələsi də yoxdur. Başladım interyer dizaynla məşğul olmağa. Beləliklə ordan 100 gəldi, burdan 200. Məsələn, əlimə gələn 100 manatı həmin axşam aparıb diskotekada xərcləsəm, hə, sabah heç bir iş görə bilmərəm. Amma işinə investisiya qoyub, sabah 10 manatı 200-300 manat edəndə nəsə bir iş görmək olar. Dünyadakı böyük şirkətlərin əksəriyyəti elə sıfırdan başlayıb.

– 2016-cı ildə çox rəssamın arzusu olan “Art Laguna Prize 2016” beynəlxalq mükafatına layiq görülmüsüz.

– Mən mükafat sisteminə çox pis baxıram. Biz necə toyuqlara, inəklərə sertifikat qoyuruqsa ki, bu, yaxşı inəkdir və yaxud atdır, mükafat da insanın üzərinə qoyulmuş bir damğalama metodudur. Mənə elə gəlir ki, gələcəkdə bu sistem də tam başqa olacaq.

– Bəs hazırda əsərlərinizə olan dəyər necədir? Qiymətlər dünya rəssamları ilə yarışırmı? İlk rəsm əsərinizin qiyməti ilə indikiləri müqayisə etsək, fərq nə dərəcədə böyükdür?

– Satdığım ilk rəsm 300 manata olub. Çox yaxşı xatırlayıram, xeyli sevinmişdim. 2008-ci ildə işdən çıxmış bir adam üçün bu, böyük məbləğ idi. Həmin məbləğdən özümə sadəcə yol pulu saxlayıb qalanına yeni material aldım. Və beləliklə öz işimə investisiya qoydum. İndi qiymətlərimiz fərqlidir. Valyutanın kursuna görə dəyişir. Sadəcə onu deyim ki, dördrəqəmli məbləğlər olur. Ancaq “hansısa işi 5 minə satıb elə 5 min qazandım” demək olmaz. Çünki onun bir hissəsini yenidən yatırım üçün xərcləyirsən və beləliklə gəlir arxasınca gəlir gətirir.

Günel Hacı

Video: Nərminə Vəliyeva, Nuran Məmmədov

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …