Ana səhifə / Cəmiyyət / Birinci xanım iftar süfrəsi açdı – Foto

Birinci xanım iftar süfrəsi açdı – Foto

Azərbaycanın birinci xanımı, Heydər Əliyev fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistan Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən “Pakistan Sweet Home” (Beyt-ul-Mal) təşkilatının Talassemiya Mərkəzində, habelə Abbotabad və Lahor şəhərlərində kimsəsiz uşaqlar evlərində iftar süfrələri təşkil edilib.

 

Azərbaycanın Pakistandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Talassemiya Mərkəzində təşkil olunmuş təntənəli mərasimdə Pakistanın neft və təbii sərvətlər naziri Şahid Xaqan Abbasi, hakim Pakistan Müsəlman Liqası partiyasının şimal bölgəsi üzrə rəhbəri, Milli Assambleyanın komitə sədri Raca Məhəmməd Faruq, “Beyt-ul-Mal”ın direktoru Abid Vahid Şeyx, senatorlar, Pakistanın nüfuzlu ictimai-siyasi xadimləri, ölkənin aparıcı televiziya kanalları, jurnalistlər və Talassemiya Mərkəzində müalicə alan uşaqlar iştirak ediblər.

Tədbir iştirakçılarını qarşıda gələn Ramazan bayramı münasibətilə təbrik edən Azərbaycanın səfiri Daşqın Şikarov dövlətlərimiz arasında olan yüksək səviyyəli münasibətlərdən, iki qardaş xalqları biri-birinə bağlayan  ümumi dini, mədəni dəyərlər barəsində  danışıb. Səfir prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda gedən iqtisadi inkişaf prosesi, habelə M. Əliyevanın Azərbaycanda və xarici ölkələrdə, o cümlədən Pakistanın bütün əyalətlərində həyata keçirdiyi humanitar layihələr barədə  ətraflı məlumat verib.

Mərasim iştirakçılarına müraciətində Abid Vahid Şeyx Ramazan sevincini pakistanlı uşaqlarla bölüşdüyünə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirib.  Heydər Əliyev Fondunun “Beyt-ul-Mal”la əməkdaşlığının 2012-ci ildən başladığını bildirən təşkilat rəhbəri Azərbaycanın birinci xanımının kimsəsiz uşaqlara dəfələrlə humanitar yardımlar etdiyini, Heydər Əliyev Fondunun Talassemiya Mərkəzinin tikilməsinə yardım etmiş ilk donor olduğunu xüsusi vurğulayıb. O bildirib ki, M. Əliyevanın Pakistanın bütün bölgələrində həyata keçirdiyi layihələr pakistanlıların qəlbində Azərbaycan xalqına qarşı böyük məhəbbət yaradıb, iki qardaş ölkə arasındakı münasibətləri ən yüksək səviyyəyə çatdırıb. Abid Vahid Şeyx Pakistana xidmətlərinə görə baş nazir Nəvaz Şərifin təqdimatı və Pakistan prezidenti Məmnun Hüseynin sərəncamı ilə M. Əliyevanın bu ilin fevral ayında Pakistanın ali – “Hilal-e-Pakistan” ordeni ilə təltif olunduğunu qeyd edərək, M. Əliyevanın  Pakistanın alı ordeni ilə təltif olunan ilk birinci xanım olduğunu bildirib.

Tədbirdə cıxış edən hakim Pakistan Müsəlman Liqası Partiyasının şimal bölgəsi üzrə rəhbəri R. Faruq Talassemiya Mərkəzinin tikintisinə göstərdiyi maliyyə yardımına görə Azərbaycanın birinci xanımına dərin minnətdarlığını bildirib, iftar süfrələrinin təkcə İslamabadda deyil, Pakistanın digər şəhərlərində də təşkil edilməsini yüksək qiymətləndirib. O, bu yardımların iki qardaş ölkə arasındakı münasibətlərin inkişafına böyük töhfə verdiyini qeyd edərək, bu kimi tədbirlərin kimsəsiz uşaqlar üçün həm maddi, həm də mənəvi dəstək olduğunu vurğulayıb.

Tədbirdə iştirak edən Pakistanın neft və təbii sərvətlər naziri Ş. Abbasi Pakistanın aparıcı televiziya kanalları – Vəqt News, Cang News, Royal News, Express News, Dawn, APP, Dunya News, DRY News, PTV və digər kanallara müsahibə verərək, Heydər Əliyev Fondunun son 4 ildə Pakistanın bütün əyalətlərində həyata keçirdiyi layihələri, xüsusilə, Talassemiya Mərkəzi, Göz Xəstəlikləri korpusu və Su Təchizatı sisteminin tikintisi və bu kimi digər əhəmiyyətli layihələrin icrasına göstərdiyi maliyyə yardımlarına görə dərin təşəkkürünü bildirib. O, M. Əliyevanın pakistanlılar üçün müqəddəs olan Ramazan ayında İslamabadda, Lahorda, Abbotabadda və digər şəhərlərdə kimsəsiz uşaqlar üçün iftar süfrələrinin təşkil edilməsini, Talassemiya Mərkəzinin vaxtaşırı qanla təmin edilməsi, Pakistanın müxtəlif bölgələrdə əhalinin imkansız təbəqəsi üçün pulsuz müayinələrin təşkil edilməsi faktını yüksək qiymətləndirərək, Azərbaycanın birinci xanımına və Azərbaycan xalqına dərin təşşəkürünü bildirib.

Mərasim iştirakçıları üçün təşkil olunmuş iftar süfrəsindən sonra səfir D. Şikarov Heydər Əliyev Fondu adından Talassemiya Mərkəzinə 500 ədəd qan paketi təqdim edib. Sonra D. Şikarovun təşəbbüsü ilə Talassemiya Mərkəzində qanvermə aksiyası keçirilib. Səfir, səfirliyin əməkdaşları və tədbirdə iştirak edən  digər könüllü donorlar qan veriblər.

Tədbir konsert proqramı ilə davam etdirilib.

Tədbir zamanı səfir D. Şikarov Pakistanın aparıcı “PTV”, “ARY TV”,“Navai Vakt”, “Express News” televiziya kanallarına müsahibələr verib. Müsahibədə diplomat Azərbaycan-Pakistan əlaqələrindən, mart ayında Pakistan prezidentinin Azərbaycana səfəri, Bakıda keçirilmiş I Avropa Oyunları, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin əldə etdiyi nailiyyətlər, habelə Heydər Əliyev Fondunun fəaliyyəti barəsində geniş məlumat verib. Səfir həmçinin Pakistanda 1 milyon insanın talassemiya xəstəliyindən əziyyət çəkdiyini, hazırda ölkədə ciddi qan çatışmazlığının olduğunu qeyd edərək, pakistanlıları qanvermə aksiyasında fəal iştiraka dəvət edib.

– See more at: http://axar.az/news/57694#ad-image-0

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın