Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / “Bir xalanın sirri”, “Təhmin və Zaur” – Köhnə filmlərin adları dəyişdirilsinmi?

“Bir xalanın sirri”, “Təhmin və Zaur” – Köhnə filmlərin adları dəyişdirilsinmi?

Yerli filmlərin sayı günü-gündən artır. Onların bir qismi bəyənilsə də, əksəriyyəti ssenariyə, keyfiyyətsiz çəkilişə, aktyor oyununa görə tənqid olunur.

Son günlər isə köhnə filmlərin adının dəyişdirilərək, yeni filmə qoyulması ənənə halını alıb. Belə ki, “Bir qalanın sirri” dəyişirilərək, “Bir xalanın sirri”, “Təhminə və Zaur” dəyişirilərək, “Təhmin və Zaur” formasına salınıb.

ATV-də də “Ögey ana” adlı serial yayımlanır. Filmlərin adının bu cür dəyişdirilməsi isə birmənalı qarşılanmır. Həm sosial şəbəkə istifadəçiləri, həm də sənət adamları sözügedən ekran işinin çəkiliş qrupuna öz etirazlarını bildirirlər.

Əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov musavat.com saytına açıqlamasında yeni çəkilən filmləri sərt tənqid edib: “Son vaxtlar “Təhmin və Zaur” filmi, “Ögey ana” serialı peyda olub. Birincisi, axı “Ögey ana” filmimiz var və özü də klassik filmdir. İndi yeni çəkilən filmi ya gərək “Ögey ana-2 “, ya da başqa cür adlandırardılar. Və yaxud “Təhmin və Zaur” filminə gələk… Bilmək olmur ki, Təhmin qadın, yoxsa kişi adıdır? Axı bu, nədir? Bildiyiniz kimi, zamanında Rasim Ocaqov xalq yazıçısı Anarın məşhur “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsərinin motivləri əsasında çox gözəl “Təhminə və Zaur” filmini çəkib. Həmin filmdə çox istedadlı aktyorlarımız oynayıb. Bütün dünya həm əsəri, həm də filmi qəbul edib. İndi özlərindən nə yaradıblar, anlaya bilmirəm. Ümumiyyətlə, bu gədələr Azərbaycandan nə istəyirlər?”

Məsələ ilə bağlı musavat.com kinoşünas Aygün Aslanlı ilə əlaqə saxlayıb. O, bildirib ki, yeni filmlərə köhnələrin adının verilməsi normal haldır: “Burada qeyri-adi heç nə yoxdur. Normal bir prosesdir. Bütün dünyada yaşanan hadisədir. Postmodernizmin kommersiyalaşmış formasıdır. Buna görə narahat olmağa dəyməz. Həmin filmlərin, əsərlərin yaşadılması, xatırlanması deməkdir. Bunun nəyi pisdir ki? “Ögey ana” serialına baxanlar filmi xatırlayıb, yenidən baxacaqlar. Və yaxud da “Təhmin və Zaur”un başqa filmin adından götürüldüyünü bilənlər oxumayıblarsa, “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsərini oxuyacaqlar, baxmayıblarsa, “Təhminə və Zaur” filminə baxacaqlar. Bu cür nüansları böyütmək “qaşınmayan yerdən qan çıxarmaq”dır. Mən alqışlayıram, belə də davam eləsinlər”.

“Bozbaş” komandansının üzvü İlkin Həsəni isə “Bir xalanın sirri” filminin adı barədə səsləndirilən tənqidlərə münasibət bildirib: “Filmlərin arasında heç bir oxşarlıq yoxdur.  “Bir xalanın  sirri” adı iki ilə yaxındır ki, beynimdə fırlanır. Filmimizdə də qəhrəmanlardan biri xaladır. Bu cür tənqidləri normal qəbul edirik. Amma biz filmin adına xələl gətirəcək bir addım atmamışıq. O ad beynimdə olan ideya idi, filmimizə verdik”.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …