Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəmiyyət / “Bir çoxları deyir ki, o oğlundan sonra yaşamaq istəmirdi, amma mən bunu deyə bilmərəm…”

“Bir çoxları deyir ki, o oğlundan sonra yaşamaq istəmirdi, amma mən bunu deyə bilmərəm…”

“Artıq 2 həftədir ki, Zöhrə xanım bizim aramızda yoxdur. Onun ölümünə hələ də inanmıram, elə bilirəm ki, bu dəqiqə qapı açılacaq və oynaya-oynaya içəri daxil olacaq. Yas mərasimlərində evinə yığışırıq, onu yada salırıq, zarafatlarını, xoş sözlərini xatırlayırıq, amma inanın Allaha o qədər çətindir ki, mənə o olmayan evə ayaq basmaq. O, mənim 25 illik dostum, sirdaşım, sənətkarım olub. Təbii ki, bundan öncə də onu mən bir müğənni, sevilən sənətkar kimi tanıyırdım. Amma onunla ilk tanışlığım  Zöhrə xanım üçün Nüsrət Kəsəmənlinin yazdığı sözlərə bəstələdiyim “Sənsiz” mahnısı ilə oldu. Ona zəng edib, özümü təqdim etdim və beləcə bizim yaradıcılığımız başladı. Bundan sonra bir neçə mahnını birlikdə işlədik. Söhbət əsnasında Zöhrə xanım mənə dedi ki, səni tanıyıram, hətta bizim atalarımız dost olub. Həqiqətən də onun atası Şuşada mədəniyyət mərkəzinin direktoru idi, mənim atam da o vaxtlar yaxşı səsi olduğu üçün oxuyurdu. Daha sonra bir az da yaxın olduq, əvvəl o Həsən bəy Zərdabi küçəsində ev aldı, daha sonra isə mən. Binalarımız yaxın idi, hətta bir-birimizə əl də edirdik”

Bunu Moderator.az-a açıqlamasında tanınmış bəstəkar Sədaqət Arifqızı deyib. O daha sonra əlavə edib. “Zöhrə xanıma zəng edəndə ki, sənin üçün mahnı yazmışam, mənə deyirdi ki, göndər gəlsin oxuyacam. Deyirdim ki, bir qulaq as da, bəlkə heç bəyənməyəcəksən? Deyirdi ki, sən yazmısansa bəyənməməyim mümkün deyil. Həqiqətən də Zöhrə xanıma neçə mahnı vermişəmsə hamısını oxuyub, geri çevirməyib. Təkcə Kənan M M-in sözlərinə bəstələdiyim mahnını oxumadı, o digər mahnılara nisbətən lirik deyildi, Zöhrə xanımın isə artıq övladı dünyasını dəyişmişdi, dedi ki, indi yox, sonra oxuyaram. Mənim onun üçün bəstələdiyim “Ata sənə ehtiyacım var”, “Qəbul eylə”, “Mən səni göylərdən seyr edəcəyəm” və s. mahnılar onun ifasında çox sevildi. Mahnını alıb, evə atan müğənnilərdən deyildi, qiymət verirdi, harada olurdursa dəyərləndirib, müəllif və bəstəkarın adını çəkirdi. Deyirdi ki, lirik mahnıların kraliçası-Sədaqət Arifqızı! Deyirdim ki, ay Zöhrə, elə deyib məni digərləri ilə düşmən etmə (gülür). Ona görə də Zöhrənin itkisi mənim üçün çox ağırdır, hələ də ondan danışanda gözlərim dolur, təsəlli tapa bilmirəm. Son bir aya qədər ümidim var idi ki, sağalacaq. Məndə səs yazısı da var idi, deyirdi ki, həkimlər də artıq mənə kömək edə bilmir, ümid Allahındır. Çox təəssüf ki, son 2 ay mən onunla görüşə bilmədim, istəmirdi ki, onu elə ağır vəziyyətdə görüm. O sanki məni qoruyurdu, bilirdi ki, bu cür hallara həssasam. Amma bir ara yaxşı olmuşdu, dedi ki, Sədaqət, ürəyim səni istəyir, hazırlaşırdım ki, gedim qəfildən səhhəti pisləşdi. Bir çoxları deyir ki, o oğlundan sonra yaşamaq istəmirdi, amma mən bunu deyə bilmərəm. Təbii ki, övlad itkisi ana üçün çox ağırdır, amma Zöhrə xanım ölmək də istəmirdi. Sənətini, mahnılarını çox sevirdi, son ana qədər ölüm üçün çaba göstərdi. Oğlunun ölümündən sonra mən ona təkid etdim ki, sənətə qayıtsın, onsuz da toy mahnıları oxumayacaqdı.

Uzun fasilədən sonra qayıdanda elə “Ata, sənə ehtiyacım var” mahısını oxudu, özü də dedi ki, bu mahnı sanki mənim uşaqlarıma, nəvələrimə yazılıb. Mənim o qədər xəstə vaxtlarım olub, ailəmdə itki olub, Zöhrə xanım həmişə mənim yanımda olub. İndikindən uzaq, mən bir müddət əvvəl xəstələnmişdim. Zöhrə xanım toyda olanda bu xəbəri eşidib, bir də gördüm ki, gecə saat 1-də ağlaya-ağlaya bizə gəldi. Çox mərd qadın idi, istədiyi adama canını verərdi, bəyənmədiyi adamı yalandan tərifləməzdi. Mən özümü gücsüz saymıram, amma Zöhrə xanım hər zaman zəifin, gücsüzün yanında olardı. O sağ olanda elə bilirdim ki, arxamda bir dağ dayanıb. Bir də məni çox yandıran bəstələdiyim “Mən səni göylərdən seyr edəcəyəm” mahnım idi. 5-6 il olardı ki, Qəbələdə yaşayan şairə Nəzakət Neyman mənə bir şeir göndərdi. Bu şeirə mən həmin mahnının musiqisini yazdım. Mahnını oxuması üçün ürəyimdə başqa bir müğənnini tutmuşdum, həmin mahnını ona göndərdim, amma bəyənsə də oxumadı. Dedi ki, yaxşı mahnıdır, amma çox ağırdır, qorxuram. Mahnını Zöhrə xanıma qulaq asdırdım, dedi ki, nə yaxşı mahnıdır, mən bunu oxuyacam. Hətta zarafat da etdi ki, mahnı ilə adam ölər?! Bu mahnının sözləri mənə də xoş gəlmişdi, çünki ağır xəstə idim, fikirləşirdim ki, tez dünyamı dəyişərəm. Bir növ özümə aid edirdim. Zöhrə deyirdi ki, oğlumun ölümündən sonra mən yaşamıram, nəfəs alıram. Deyirdi ki, yaşaya bilmirəm, hər yerdə onu görürəm. Oğlu da çox yaxşı övlad idi, anası ilə nəfəs alırdı. Onu istirahət üçün göndərmədiyi ölkə, səfər qalmamışdı. Oğlunun xəstə olduğunu biləndə mənə zəng etdi, təsəlli verirdim ona, deyirdim ki, fikir etmə, yaxşı olacaq. Oğlu xəstə olanda Zöhrəyə deyib ki, gəl sənin ad gününü keçirim. Zöhrə də etiraz edib ki, sən xəstəsən, bizə ad günü yaraşır?! Oğlu ona deyib ki, bu sənin sonuncu ad günündür, mən olmayandan sonra sən daha çətin ad günü keçirərsən. Bu sözdən sonra Zöhrə həqiqətən də pis olmuşdu. Sən demə ürəyinə danmışdı. Ad günündə oğlu ilə elə oynadı ki.. İndi də yadıma düşür, kövrəlirəm.  Elə bil ki, müğənni yox, ailəmin bir üzvünü itirmişəm” deyə bəstəkar bildirib.

Həmçinin oxuyun

Hacı Şahin Həsənlinin xatirəsinə həsr olunmuş film çəkilib -VİDEO

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin həyat və fəaliyyətindən bəhs edən sənədli film çəkilib. Filmin müəllifi …