Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / “Bilirsiniz, neçə dəfə özümə qəsd etmək istəmişəm?”

“Bilirsiniz, neçə dəfə özümə qəsd etmək istəmişəm?”

“Heç bilirsiniz neçə dəfə intihar eləmək istəmişəm? Neçə dəfə illərlə həsrətini çəkdiyim övladımı uşaq evinə verməyi düşünmüşəm? Təxminən bir yaşı olardı, parkda qoyub arxaya baxmadan qaçdım, yola çatanda hiss elədim ki, nəfəs ala bilmirəm, geri qayıdıb qucağıma aldım…”

Təəccüblə baxdığımızı hiss edib duruxur. Uşağı köksünə sıxıb əlavə edir ki, 9 il davamsız müalicədən sonra övlada sahib olmaq, amma onun yeriməsini, danışmasını görməmək, səni tanıyıb-tanımadığını hiss etməmək ağırdır. Bunu ancaq yaşayanlar bilər…

Tibb bacısının uşağı qucağından alması ilə söhbəti yarımçıq kəsir, körpə əllərini anasına uzadıb anlaşılmaz səslər çıxarır. Çarpayıya uzadırlar, baş həkim alnına, başına iynələr sancır, sakitləşir…

…Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Səhiyyə Nazirliyinin Tibbi Reabilitasiya Xəstəxanasındayıq. 4 yaşlı Həsən (azyaşlı olduğundan adı dəyişdirilib – red.) kimi nevroloji, eyni zamanda kardioloji, endokrinoloji, hərəkət-dayaq profilli xəstələrin müalicə aldığı tibb müəssisəsində. Hansı ki, məhz həmin xəstəxanada müalicə almaq üçün aylar əvvəl növbəyə yazılanlar var. Bu xəstəxananı təsadüfən seçməmişik, ömür boyu baxıma möhtac xəstələrin ən azı özünü idarəedəcək vəziyyətə gəlməsi üçün çıxış yolları olduğunu bildirmək istəyirik.

2011-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmirdən sonra istifadəyə verilmiş xəstəxananın fəaliyyəti ilə bağlı haqqin.az-a baş həkim Cavahir Mütəllimova məlumat verir.

Sakitliyə riayət edin!

Şam, meyvə, eyni zamanda dekorativ ağac və çiçəklərlə əhatələnmiş həyətdə sakitlikdir. Uşaqlar üçün yelləncəklər, oturacaqlar quraşdırılıb. Öyrənəcəyik ki, sakitlik də müalicə üsullarından biri imiş. Buna görə də sakitliyə həssaslıqla riayət edirlər, hətta tibb işçiləri elə ayaqqabı seçirlər ki, yeriyərkən səs salmasınlar.

C.Mütəllimova deyir ki, müalicə alanların 80 faizi nevroloji problemi olan uşaqlardır. Məsələn, ötən il müalicə alan 1169 xəstənin 629-u nevroloji xəstə olub. Belə xəstələrlə işləmək isə peşəkarlıq, çeviklik, həm də səbir tələb edir. Xəstəxanada uşaqları ilə birgə qalan analar da tibbi göstəriş olduqda müalicə alırlar.

Xəstələrə özəl müalicə proqramı

Xəstəxananın stasionar şöbəsində müasir cihazlarla təmin olunmuş laboratoriya, USM, EKQ, plazmafarez, zərbədalğalıterapiya və digər müayinə otaqları ilə yanaşı, psixoloq, loqoped, MBT, kineziterapiya zalı, oyun otağı, yeməkxana, palatalar da bu şöbədə yerləşir.

Baş həkim məlumat verir ki, xəstə ərazi tibb müəssisəsinin göndərişi əsasında qəbul edilir, müayinələrdən keçirilir. Müayinələrdən sonra xəstənin vəziyyətinə uyğun fərdi müalicə-reabilitasiya proqramı hazırlanır. Elə xəstə var ki, bir neçə kursdan sonra effektiv nəticə alınır, bəziləri illərlə hər 3 aydan bir müalicə kursunu davam etdirməlidir.

Masanın üstündə qovluqlar var. Mütəllimova əlavə edir ki, xəstəxana 40 çarpayılıq olduğundan xəstələri növbə əsasında götürmək məcburiyyətindədilər.

4 yaşlı Həsən…

Həsənin vəziyyəti ilə maraqlanırıq, baş həkim söyləyir ki, xəstə “Uşaq sereblal iflic tetraparetik forma, Dendi-Uoker sindromu (beyin mayesinin yerləşdiyi boşluqlardan beyinin birinin doğuşdan anormal genişlənməsi, beyincikdə 2 beyincik yarımkürəsinin arasında yer alan və Vermis deyilən bölümün yoxluğu başa düşülür) ilə doğulub. 2 yaşınadək otura, gəzə, danışa, hətta qidanı çeynəyib uda bilmirmiş, üstəlik əqli inkişaf geriliyi də var. Ana əlavə edir ki, həkimlər övladının ömür boyu müalicəyə ehtiyacı olduğunu söyləyəndən sonra Səhiyyə Nazirliyinə müraciət ediblər, nazirlikdən bu xəstəxanaya ünvanlayıblar: “Qohumlarım deyirdi ki, bu uşaq deyil, ət parçasıdır, vaxt sərf etməyə dəyməz. İndi ümidliyəm, hər gün bir az daha yaxşılaşır, məni anlayır”.

Baş həkim müalicənin gedişi ilə bağlı məlumat verir. Bildirir ki, 6 kurs müalicədən sonra Həsən oturub, indi hətta qaçır, gülür, tək-tək olsa da, sözlər söyləyir, qidanı çeynəyir, udur. Ona halvanik vanna, fototerapiya, masaj, ağız boşluğunun masajı, loqoped, ipplikator,fonofarez, MBT, kineziterapiya, dik duruş, refleksoterapiya kursları, vitaminoterapiya və dərman müalicəsi təyin edilib:“Xəstəxanada qədim Çin metodikası refleksoterapiyadan da istifadə olunur.Başın kraniosakral nöqtələrinə, bədəndə olan müəyyən bioloji aktiv nöqtələrə iynə batırılır və bu müalicə Həsənin müalicəsində effektli nəticə verir”.

Daş üstündə gəzinti

Şöbədə ayrıca kineziterapiya, dartınma, daş üstündə gəzinti prosedurları da var. Məsələn, daş üstündə gəzinti zamanı ayaqdakı xüsusi refleksogen nöqtələrə təsir göstərməklə qan dövranı yaxşılaşır, arterial və venoz durğunluq aradan qaldırılır,əzələ tonusu normallaşır, spazm aradan qaldırılır.

Ağcabədidən gələn 15 yaşlı qız dartınma hərəkətləri edir. Deyir ki, 10 yaşından belində ağrılar və əyrilik olub, valideynləri onu sahə həkiminin yanına aparıb. “Həkim dedi ki, “qozbeldir”, gecikmisiniz.Sonra Bakıya həkimə gəldik, bizə buranı məsləhət gördülər. 3 ildir müalicə alıram,ağrılarım tam gedib, əyrilik də azalıb”.

Onunla məşğul olan həkim- pediatr Əşrəfova Zöhrə əlavə edir ki,xəstəxanada təkcə onurğa əyrilikləri üçün deyil, həmçinin serebral iflic, miopatiya, yastıpəncəlik, əyripəncəlik, skolioz, raxit, revmatoid artrit, diabet kimi xəstəliklərin müalicəsi üçün hər cür şərait yaradılıb.

Qeyd edək ki, prosedurların təyinindən əvvəl xəstə digər analizlərlə birgə mütləq UZİ müayinəsindən keçirilir. Həkim Cahan Bağırova-Hacızadənin sözlərinə görə,xəstələrin daxili orqanları müayinə edilərək daxili orqanlarda baş verə biləcək müxtəlif dəyişiklikləri və yenitörəmə olub-olmadığını yoxlayır. Çünki fizioterapevtik müalicələrin əksəriyyəti yenitörəmələr olduğu halda əks göstərişdir.

Yapon icadı – İnfraqırmızı kabina

Fizioterapiya şöbəsi isə stasionar şöbədən bir qədər aralıdadır, iki şöbənin arasında qonaq evi və açıq hovuz yerləşir. 4 otaqlı, 4 çarpayılıq qonaq evinin ayrıca mətbəxi, sanitar qovşağı var. C.Mütəllimova deyir ki, qonaq evi əslində palatalardan fərqli deyil. Sadəcə növbədənkənar, yəni təcili müdaxiləyə ehtiyacı olan xəstələr palatalarda yer boşalanadək bura yerləşdirilir.

Fizioterapiya şöbəsində quraşdırılmış aparatlar rəngli sensor ekranla, ensiklopedik lüğətlə, proqramlaşmış diaqnoz proqramları yaddaşda 500 xəstənin müalicə protokolunu saxlamaq sistemi ilə təchiz olunub.

Baş həkim kabinetlərin birinin qapısını döyür. Öyrənirik ki, buradakı çoxfunksiyalı SPA-kapsula eyni zamanda bir neçə funksiyanı yerinə yetirə bilir. Hər xəstəyə fərdi olaraq temperatur rejimi, suyun təzyiqi tənzimlənir, rəngli terapiya, nəğməterapiya, oksigenterapiya prosedurları ilə birləşdirilmiş rejimdə tətbiq olunur. Çoxfunksiyalı balneoloji vanna mirvari-iynəyarpaq ekstraktı ilə okean duzu, pişikotu, nanəcövhəri, yod-brom məhlulları ilə həyata keçirilir. Bu prosedur daha çox xəstələrin immunitetini artırmaq, stressi, baş ağrılarını, xroniki yorğunluğu aradan qaldırmağa effektlidir. Həmçinin sinir-damar xəstəlikləri, mübadilə pozğunluqları, serebral iflicləri, hərəkət-dayaq sistemi xəstəliklərinin müalicəsində müsbət nəticə verir.

Digər kabinetdəki çoxfunksiyalı “Ocean de luxe” sualtı masaj vannası da bir çox xəstəliklərin müalicəsində tətbiq edilir.

Yapon həkimi Tadaşi İşikava tərəfindən icad olunan İQŞ kabinası da bərpa-müalicə prosedurlarında tətbiq edilir. C.Mütəllimova əlavə edir ki, İQŞ günəş şüalarına yaxın şüalardır, qan təzyiqini tənzimləyir, beyin hüceyrələrini aktivləşdirir, toksinləri – zərərli maddələri təmizləyir, xroniki yorğunluğu aradan qaldırır, immuniteti gücləndirir. Bu prosedurun üstünlüyü həm də ondadır ki, saunalardan fərqli olaraq insan bədənini 80 faiz isidir, hava isə sadəcə 20 faiz isinir. “Musiqiterapiya bir çox xəstəliklərin müalicəsində müsbət nəciə verir. Musiqi dinləyən uşaqlar yaxşı qidalanır, xəstəliklərə az tutulur, əsəbləri və tənəffüsü sakitləşir,qan dövranı stimullaşır, diqqəti artır.Hər bir uşağa vəziyyətinə uyğun musiqi seçilir, həddən artıq aqressiv olanlara dənizin dalğalarının, quşların səsini xatırladan, həzin klassik musiqi seçilir, ruh düşkünlüyü olanlara ritmik mahnılar dinlədilir”

Valideynlər bilməlidirlər…

Xəstələr reabilitasiya müddətində müəyyən prosedurlardan keçirlər, dərmanlar qəbul edirlər. Amma effektiv nəticə üçün ildə bir neçə dəfə kurs müalicə götürmək yetərli deyil. Bu xəstələr ev şəraitində müalicələrini davam etdirməlidirlər. “Elə buna görə də, valideynlərə xəstə uşağa evdə qulluq, psixoloji təsir qaydaları öyrədilir. Əmək və su iqlim terapiyasından, pəhriz masalarından və bərpaedici üsullardan istifadə başa salınır”,-Mütəllimova danışır.

…Müalicə kursunu tamamlayanlar həyətdədir, baş həkim anası ilə gəzintiyə çıxan uşaqlardan birini göstərir, deyir ki, bir il bundan əvvəl əlil arabasında gəlib, indi çətinliklə də olsa yeriyir. Bu mənzərəni görmək üçün gecə-gündüz əziyyət çəkməyə dəyər.Virtualaz.org

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …