Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Biləsuvarın  icra başçısı prezidentə və ictimaiyyətə yalan məlumat verib

Biləsuvarın  icra başçısı prezidentə və ictimaiyyətə yalan məlumat verib

VİZUAL.az-ın araşdırması zamanı Mahir Quliyevin 2015-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş hesabat tədbirində saxta və təhrif olunmuş statistika açıqladığı ifşa edilib. İcra başçısı ayrı-ayrı qurumların gördüyü işləri Biləsuvar rayon İcra Hakimiyyətinin adına çıxarıb. Araşdırmanın nəticələrini təqdim edirik: Müəssisələri kim açıb? 1: Fevralın 23-də keçirilən hesabat konfransında M.Quliyev sənaye məhəllələrində ayrı-ayrı sahələr üzrə emal sexlərinin, zavod və fabriklərin yaradılması qarşıya başlıca məqsəd kimi qoyulduğunu bəyan edib. 2011-ci ildən rayona rəhbərlik edən icra başçısı nə ötən dövrdə, nə bu günlərdə sadaladığı obyektlərin açılışına nail olub. Onun sözlərinə görə, son illərdə rayonda kənd təsərrüfatı təyinatlı bir neçə istehsal və emal müəsissələri yaradılıb.

Bunlar – “Azərsun” holdinqin “Natural Green Land” konserv zavodu, “Biləsuvar Aqro” MMC süd zavodu, “Aqromaster” MMC kənd təsərrüfatı məhsulları istehsalı, “MNK” narçılıq təsərrüfatı və s. göstərmək olar. İcra başçısının yüksək templi inkişafın göstəricisi kimi təqdim etdiyi həmin müəssisələrin açılışında isə Biləsuvar RİH-nin heç bir rolu yoxdur və M.Quliyevin bunu hesabata salması anlaşılmazdır. Kompleks heyvandarlıq yoxsa başçının təsərrüfatı? 2. M.Quliyevin növbəti bəh-bəhlə dilə gətirdiyi məqam – sahibkarlar tərəfindən 50 hektar sahədə kompleks heyvandarlıq təsərrüfatının yaradılmasıdır. VİZUAL.az-ın araşdırması zamanı aydın olub ki, icra başçısı biznesini ölkə rəhbərliyindən gizlətmək üçün rayonun mərkəzinə gedən köhnə yolu bağladıb, ərazidəki fermer təsərrüfatını gözdən uzaq saxlamağa nail olub. Hazırda o yoldan yalnız kəndarası gediş-gəliş var. M.Quliyevin bu fəndi onun fermer təsərrüfatını diqqətdən kənarda saxlamağa xidmət edir. Bundan başqa, icra başçısının Xırmandalı ərazisində hektarlarla torpaq sahəsi var. Orada taxıl, qarpız və sarımsaq əkdirir. Onunla yanaşı müavinlər və şöbə müdirləri də böyük torpaq sahələrini ələ keçiriblər. Şoran torpaqlarda əkinçiliklə məşğul olmağın heç də asan olmadığını bildirən biləsuvarlılar dövlət proqramlarından yararlanmaq istəyirlər. Amma kimsə onların müraciətlərinə əhəmiyyət vermir.

Hətta onun rayondakı əkin sahəsi bir müddət əvvəl məhv olub. Məmur olana qədər kafe müdirinin müavini, restoran müdiri kimi çalışmış M.Quliyev 2011-ci ildə Biləsuvara icra başçısı təyin olunandan az sonra iaşə, qida sektoruna öz “töhfəsini” verməyə çalışıb. Bu məqsədlə rayonda özünə böyük təsərrüfat qurmağa başlayıb. Xırmandalı kəndi ərazisindəki münbit torpaqlarda 4 hektar əkin sahəsinə yiyələnərək orada istilikxana tikdirməyə başladı. Tikinti işləri bütün 2012-ci il boyunca davam etdi. İstilikxana ən müasir texnologiyalardan istifadə edilməklə tikilirdi. İnşaat işlərində Türkiyədən və Bakıdan gəlmiş mühəndislər çalışırdı. Avadanlıqlar isə Türkiyədən gətirilirdi. İcra başçısının məqsədi həmin istilikxanada pomidor, xiyar, bibər, badımcan, kələm və s. bu kimi tərəvəzlər əkib bölgəni il uzunu, xüsusən də qışda təzə tərəvəzlə təmin etmək idi. Şitillər də Türkiyədən gətirilib əkilirdi. Onlara qulluq, ümumiyyətlə, təsərrüfatın idarə olunması üçün Türkiyədən aqronomlar da dəvət olunmuşdu.

Amma Mahir Quliyevin yüz min manatlarla xərc çəkdiyi sahələrin yanması onu ziyana saldı. Amma yenə də bərpa etməyə imkanı çatdı. Və bu da dövlət başçısına və ictimaiyyətə çatan növbəti yalanın de-şifrə olunmasıdır. Başçının yeni təklifləri və təzə villası 3. M.Quliyev 100 nəfərlik 3 ulduzlu otel tikintisini, çörəkbişirmə sexlərinin genişləndirilməsini, kollektiv təsərrüfatlarının yaradılması, yerüstü drenaj sisteminin qurulması, 1000 başlıq qoyunçuluq fermasının yaradılması, bəzi kənd təsərrüfatı texnikalarının alınmasına köməklik olunması, güzəştli şərtlərlə satılan gübrə və dərman preparatlarının normasının artırılması, rayonda çəltikçilik sahəsinin yaradılması kimi təkliflər veriblər. Araşdırmaların növbəti bəndi zamanı belə qənaətə gəlinib ki, icra başçısı hotel tikintisinə qədər artıq özünə villa tikdirib. Hətta bu villanın fotosu da yayımlanıb. Prezidentin konfransda məmurları sadə həyat yaşamağa və özlərini təvazökar aparmağa yönəlik çağırışı M.Quliyev üçün ciddi əhəmiyyətli bəyanat olmayıb. Halbuki, bir rayon rəhbərinin maaşı villa tikməyə imkan vermir. Ancaq büdcədən iqtisadi inkişaf üçün ayrılan pulların M.Quliyevin yuxarıda təklif etdiyi işləri görməyə potensialı çatır. Biləsuvara ayrılan vəsaitlərə şəxsi malı kimi baxan başçı isə villa tikdirəndən sonra hotel inşasını düşünməyə başlayıb. 7,8 milyon manat hara gedib? 4. İcra başçısı hesabatında növbəti yalanı uşaq bağçaları ilə əlaqədardır.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir tələblərə cavab verən hər biri 100 və 200 yerlik 2 uşaq bağçasının tikintiləri başa çatdırılaraq istifadəyə verilib. İcra başçısı rayonda görülən bu işi hesabatda dilə gətirsə də, faktiki bağçaların tikintisi Fondun xidməti hesabına başa gəlib. 5. Nəhayət, hesabatın diqqət çəkən sonuncu məsələsi – prezident sərəncamı ilə 13 min nəfər əhalinin yaşadığı, 6 yaşayış məntəqəsini birləşdirən 16 km uzunluğunda Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yolunun tikintisi başa çatdırılması, 10,0 min nəfər əhalinin yaşadığı, 4 yaşayış məntəqəsini birləşdirən uzunluğu 6,0 km olan Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun tikintisi isə davam etdirilərək yolun 2,5 km-də asfalt örtük tikilməsidir. Hazırda yolun asfaltlaşdırılması işləri aparılır. Bundan əlavə şəhərinn Nizami Gəncəvi və Səməd Vurğun küçələrində yol təmiri işləri aparılıb və yollara 2 km uzunluğunda asfalt örtük qoyulub. Bu sərəncam 2013-cü ildə verilib və təqribən, 3 il keçir. Biləsuvar Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb. Tikinti layihəsi ilə bağlı ayrılan büdcə vəsaitlərinin böyük hissəsi başçının şəxsi maraqlarına qurban verilib.

Bundan başqa, ölkə başçısı Biləsuvar rayonunun Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Bu sərəncamla isə 2,8 milyon manat Biləsuvar Rayon İcra Hakimiyyətinə ayrılıb. Daha sonra isə Biləsuvar rayonunun Əsgərabad-Muğan avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalanıb. Və 3 milyon manat ayrılıb. İddialara görə, bu pulların əksəriyyəti icra hakimi tərəfindən göyə sovrulub. Hətta onun Gürcüstandakı biznesinə də pulları yönəltdiyi iddia edilir. Bu haqda detallı araşdırmalarımız davam edir. Cəbrayılın qovulan başçısıyla biznes Xatırladaq ki, digər fakt onun Cəbrayılın istefaya göndərilən icra başçısı Mahmud Quliyevlə iş ortaqlığıdır. Məlumdur ki, Biləsuvarda məcburi köçkünlər üçün fərdi yaşayış evlərindən ibarət 11 qəsəbə inşa edilib. Bu qəsəbələrdə 10 min ailə yerləşdirilib. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bir müddət əvvəl hər ay üçün hər ailəyə 40 litr pulsuz yanacaq ayırsa da, Cəbrayıl rayon İcra Hakimiyyəti həmin yanacağın 10 litrini kəsərək hər ailəyə 30 litrini verib. Mahmud Quliyevin tapşırığı ilə həyata keçirilən bu maxinasiya nəticəsində həm ailələr dövlətin ayırdığı yanacağı tam şəkildə almaqdan məhrum olublar, həm də hər ay dövlətin 100 ton yanacağının aqibətinin necə olması müəyyənləşməmiş qalıb. Məlumatlara görə, Biləsuvar icra başçısının da sabiq həmkarının əməliyyatlarına göz yumduğu deyilir. İki Quliyevin bu rayondakı əməllərinn araşdırılması istisna deyil. İaşə idarəsində vəzifə?

Mahir Quliyev 28 noyabr 1958-ci ildə Kəlbəcər rayonunda anadan olub. Ali təhsillidir. “Naxçıvan” universitetini bitirib.1977-1979-cu illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olub. Əmək fəaliyyətinə 1975-1977-ci illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə olaraq başlayıb. Hərbi xidmətdən qayıtdıqdan sonra 1980-1981-ci illərdə “Azərnəqliyyat” tikinti trestində usta, 1981-2005-ci illərdə isə o zamankı “26 Bakı Komissarı” adına rayonun ictimai iaşə idarəsi nəzdində müxtəlif vəzifələrdə çalışıb. 2005-ci ildə keçirilən bələdiyyə seçkilərində Səbail bələdiyyəsinin üzvü seçilib və 08.09.2006-cı il tarixədək bələdiyyə sədrinin müavini postunu tutub.08.09.2006-26.04.2011-ci illərdə isə Astara Rayon İcra Hakimiyyətinin Başçısı vəzifələrində işləyib. 2011-ci ildən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısıdır. Ailəlidir, 3 övladı var. Bütün bu məqamlarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.(vizual)

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın