Ana səhifə / Cəmiyyət / “Belə kişiciklərə nə deyəsən!?” – Sosioloq

“Belə kişiciklərə nə deyəsən!?” – Sosioloq

Son zamanlarda cəmiyyətdə qadınlarla yanaşı, kişilərdə estetik gözəllik vasitələrindən, manikür və pedikürdən, üz üçün xüsusi vasitələrdən aktiv istifadə edir. Bu tendensiya müasirlikdir, yoxsa zamanın tələbi?

“İndi belə hallar çoxdur. Hamı özün xaricilərə oxşatmağa çalışır. Hansısa bir cinsi  məlum olmayan fransıza, ingilisə özünü niyə oxşadırsan ki? Elə öz qəhrəman kişilərimizə oxşat da”.

Bu emosional açıqlamanı məsələyə münasibət bildirən sosioloq Əhməd Qəşəmoğlu “Modern.az”a söyləyib. Onun fikrincə, həyəcan təbili çalmağın vaxtıdır.

“Mən bir sosioloq olaraq bu məsələlərə çox həssas yanaşıram. Həyəcan təbili çalmaq lazımdır ki, ölkədə kişilik simvoluna zərər vuran gənclərimizin sayı artır. Hər bir xalqın inkişafında əsas yerlərdən biri onun mədəniyyəti təşkil edir. Bizim indiyə qədər topla, tüfənglə çıxış etdiyimiz müharibələr, indiki vəziyyətdə köhnəlib. Hətta bu məsələ ilə bağlı mənim bir şeirim də var. Düşmənlər qabaq top-tüfənglə gəlirdilər, indi isə nərmə-nazik oğlanla, qızla gəlirlər. Bir ölkəni məhv etmək istəyirsənsə, onun mədəniyyətini dağıtmaq kifayətdir”.

Sosioloq kişilərin lazer epilyasiyasından istifadə etməsini, saç boyamasını və qaş aldırmasını faciə adlandırıb:

“Bu məsələlərdə mən susa bilmirəm. Hətta çalışıram ki, ən müasir tələblərlə bu məsələlərə diqqət edim. Bizim xalqın mədəniyyət sistemi kişilik kompleksi üzərində qurulub. İndiki kişilər isə lazer epilyasiyasına, qadın kimi qaş aldırmağa, saç boyamağa daha çox maraq göstərirlər. Onlara maraqlı deyil müharibə nədi, qəhrəman nədi, təki baxımlı görsənim qızların diqqətin cəlb edim. Bunların hamısı xalqımızın qazandığı o kişilik kompleksinə zərbə vurur. Bu kişilik kompleksi dağılandan sonra, Azərbaycan mədəniyyəti də dağılıb məhv olacaq. Bu məsələlərlə mübarizə aparmaq lazımdır. Ancaq təəssüf ki, məsələyə dırnaq arası baxırlar. İstər nazirlik olsun, istərsə də millət vəkilləri heç biri belə məsələlərə ciddi baxmırlar. İndi efirləri qadınlara oxşar kişilər bəzəyir. Qadın paltarı geyib, hətta qadına xas hərəkətlər edən gəncliyimizdən nə gözləyək? Ona baxan uşaq  nə örnək götürsün? Təbii ki, özün belələrinə oxşatmağa çalışacaq. Şit-şit hərəkətlər edib gah arxasını, gah da qabağını göstərirlər. Belə kişiciklərə nə deyəsən? Düşmənlər də görüb sevinir ki, Azərbaycan kişisinin xarakterinə baxın. Hətta tələbələrimə dərsdə bu kimi məsələləri danışanda ki, kişi qadın kimi hərəkət edir, paltar geyir deyirlər nolacaq ki, müasirlikdi. İndi heç əvvəlki o zəhimli Cahandar  ağa obrazını yaradan  filmlərə də da rast gəlmirik. Hamısı klon kimi düşür ortalığa guya obraz yaradır. İnandırım sizi mən əsəbimdən baxa bilmirəm, kanalı dəyişirəm. Hər şey keçmişdə qaldı , indiki ağılla biz ancaq irəliyə yox, uçuruma gedə bilərik”.

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …