Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Bankomatların qarşısında uzun növbələr yaranıb

Bankomatların qarşısında uzun növbələr yaranıb

Xəbər verildiyi kimi, mayın 1-dən etibarən kompensasiyası 500 manatdan yuxarı olan vətəndaşlara kartların verilməsi prosesi başlayıb. 

Problemli kreditlərin həlli ilə bağlı Prezident İlham Əliyevin 28 fevral tarixli fərmanı üzrə Bank olmayan kredit təşkilatları və bağlanan bankların müştəriləri aprel ayının 22-dən Azərpoçt MMC-nin respublika üzrə 1497 şöbəsindən kompensasiyalarını ala bilirlər. Qeyd edək ki, yalnız Bank Olmayan Kredit Təşkilatları və bağlanan bankların problemli kredit sahibləri “Azərpoçt” MMC-yə müraciət etməlidirlər. Bank olmayan kredit təşkilatları və bağlanan bankların problemli kredit sahibləri məbləğı nağd və nağdsız formalarda olmaqla “Azərpoçt” MMC-dən ala biləcəklər.

Təkcə ilk 8 gün ərzində 43 min 350 nəfər 500 manatdan aşağı kompensasiyası olan vətəndaş ona düşən məbləği nağd olaraq alıb. Bank olmayan kredit təşkilatları və bağlanan bankların müştəriləri 8 gün ərzində “Azərpoçt” MMC-dən 11 milyon 347 min 668 manat vəsaiti nağd formada alıb.

Paytaxt Bakı istisna olmaqla, respublika ərazisində Sumqayıt, Gəncə, Tovuz, Qazax, Yevlax, Ağdam, Masallı, Cəlilabad, Şəmkir ərazisinə düşən kart sayı 1000-dən yuxarı, digər bölgələrdə isə 1000-dən aşağıdır. 

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təqdim olunan siyahıya əsasən, “Azərpoçt” MMC-nin icra edəcəyi əməliyyat 121 minə yaxın nəfərə şamil olunacaq. 45 minə yaxın vətəndaşın kompensasiyası 500 manatdan yuxarı olduğuna görə “Azərpoçt”un kartları vasitəsilə, 77 minə yaxın vətəndaş isə məbləği 500 manatdan aşağı olduğu üçün nağd şəkildə əldə edəcəklər. Problemli kreditli vətəndaşlar və onlara ödəniləcək kompensasiya barədə bütün məlumatlar “Azərpoçt” MMC-yə işin əsas icraçısı olan Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ötürülüb. “Azərpoçt” MMC-nin rəsmi internet səhifəsində azerpost.az-da “Problemli kreditinzə düşən kompensasiya haqqında məlumat” bölməsindən də kompensasiyasını nağd və kart vasitəsilə alacaq vətəndaşlarla bağlı bütün məlumatlar yerləşdirilib.

Müştərilər nəinki “Azərpoçt”un bankomatlarında və post terminallarla təhciz olunan şöbələrində plastik kart vasitəsilə, eyni zamanda Millikart MMC tərəfindən şəbəkəyə daxil olan bütün ATM-lər vasitəsilə rüsum tutulmadan, yəni komissiyasız nağdlaşdırma əməliyyatı həyata keçirə biləcəklər. Millikart MMC-nin şəbəkəsində daxil olan ATM-lər ASB (Azərbaycan Sənaye Bankı), AccessBank, Bank Melli İran, Bank of Baku, ExpressBank,Gunay Bank, NaxçıvanBank, Unibank daxildir.

Cebhe.info əməkdaşı bankomatların qarşısında uzun növbələrin olduğunu müşahidə edib. Kompensasiya sahiblərinin bildirdiyinə görə, səhər saatlarından etibarən pulu götürmək üçün  ATM-in qarşısına gəliblər.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …