Ana səhifə / Cəmiyyət / Bakının 20 ildir ortaya çıxmayan BAŞ PLANI – ŞƏRH

Bakının 20 ildir ortaya çıxmayan BAŞ PLANI – ŞƏRH

Uzun illər kortəbii şəkildə çoxmərtəbəli bina və obyektlərin tikintisi aparılan Bakının nəhayət ki, Baş planı olacaq.  

Məlumata görə, “Böyük Bakının Regional İnkişaf Planı”  hazırlanır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov bildirib ki, Bakının Baş planı ilə bağlı neçə ildir ki, təhlil aparılır. Ötən il Planın hazırlanması üzrə I mərhələ başa çatdırılıb. Hazırda Planın hazırlanmasının II mərhələsidir: 

“Bununla bağlı ötən il dekabrın 14-də beynəlxalq tender elan etmişik.10-dan artıq təşkilat tenderdə iştirak etmək üçün sənədlərini verib.Fevralın sonunda tender başa çatacaq. Qalib təşkilat seçildikdən sonra Baş planın əsas cizgiləri üzərində iş başa çatdırılacaq. Planımızda var ki, bu ilin sonuna əsas cizgilər hazır olsun”.

Dövlətxan Dövlətxanov bildirib ki, Komitə Bakının inkişafını özündə ehtiva edilən konsepsiya da hazırlayıb.Baş planda 2035-ci ilədək inkişaf nəzərə alınıb.Prosesə beynəlxalq ekspertlər də qoşulub.Xatırladaq ki, Bakının sonuncu Baş planı 2005-ci ilə qədər olan dövrü əhatə edib. İlk Baş plan 1898-ci ildə hazırlanıb. 1932-ci ildə paytaxtın ikinci Baş planı işlənib.Azərbaycan SSR Nazirlər Soveti şəhərin üçüncü baş planını 1964-cü, sonuncu planı isə 1986-cı ildə təsdiqləyib.Bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib.

2015-2016-cı illər ərzində isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında paytaxtın bütün inzibati ərazisini əhatə edən “Bakı şəhərinin ərazidən İstifadə və Zonalaşdırma Planı” layihəsi hazırlanıb və bir çox dövlət təşkilatları ilə razılaşdırılıb.

Qeyd edək ki, mütəxəssislər hesab edir ki, paytaxtda binaların qaydasız tikilməsi, nəqliyyat, kommunikasiya sistemində olan bir sıra problemlər bu vaxtadək Baş planının olmamasının nəticəsidir. Hesab olunur ki, Baş planın hazırlanması və təsdiqlənməsi  qəsdən gecikdirilir. Bu torpaqların alınıb-satılması üçün əlverişli məqamdır.Eləcə də, paytaxtın relyefinə zidd olan tikililərə razılıq verilməsinə şərait yaradır. İndi beşinci Baş plan hazırlanan zaman ortaya çıxan ən başlıca məqamlardan biri də illərdir inşa edilən göydələnlərin taleyi ilə bağlıdır. Bir sıra mütəxəssislər hesab edirlər ki, yüksək mərtəbəli binalar sökülməli və paytaxtın relyefinə uyğun tikililər inşa edilməlidir. Bakı Şəhər İcra Hakimiyyətindən isə bu məsələnin qurumun  səlahiyyətində olmadığı bildirilir. Yüksəkmərtəbəli binaların taleyi və digər məqamlarla bağlı Dövlət şəhərsalma və Arxitektura Komitəsi ilə əlaqə saxlamaq cəhdlərimiz isə baş tutmayıb.Bir məqamı da əlavə edək ki, Baş planın olmaması təkcə paytaxtın problemi deyil.Azərbaycanın digər böyük şəhərlərinin də Baş planı yoxdur.Bu şəhərlərdə də tikililər plansız inşa edilib.Bu plansızlıq bir sıra fəsadlara, o cümlədən tarixi abidələrin məhvinə yol açır.

Memar Zemfira Budaqova “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, ümumiyyətlə Baş planlar gizli saxlanılır: 

“Onlar yalnız yüksək rütbəli qurumların rəhbərliyi, deputatlar üçün açıqlanır. Baş planın hazırlanmasında mütəxəssislərdən istifadə olunarsa, onlar düzgün mülahizə irəli sürə bilərlər.Mütəxəssislər yoxdursa, xaos davam edəcək. Bakıdan başqa  keçmiş SSRİ-ni bütün şəhərlərində müvafiq normalara uyğun olaraq tikintilər aparılır. Azərbaycanda yalnız Sumqayıt şəhərində bu normalara  əməl olunur. Evlər, küçələr arasındakı məsafələr, küçələrin eni nəzərə alınır.Bakıda nadir küçələrdə normalara əməl edilərək tikintilərin aparıldığını müşahidə edə bilərik”.

Yeni plandan gözləntilər

Zemfira Budaqova deyir ki, yeni Baş plandan gözləntilər odur ki, binaların arasındakı məsafələr daha da azaldılsın: 

“SSRİ vaxtında binaların arasındakı məsafə 2H – yəni, həmin binaların hündürlüyünün cəmi kimi götürülürdü. Sonradan bunun yarısı götürülməyə başlanıldı.İndi yəqin ki, məsafə bir qarış qoyarlar ki, “sərfəli” olsun.Bakıda dənizə yaxın torpaqların altı gildir.Şəhəri bir qədər də yükləsələr, Abşeron yarımadası sınıb, dənizin ortasına gedəcək.Bayıl qayalıq olsa da, onun da altı gildir və bu ərazi də hündürmərtəbəli evlərin tikilməsi üçün təhlükəlidir”.

Memarın sözlərinə görə, Bakı Beynəlxalq Avtovağzalının tikintisi də yanlış aparılıb:

“Bataqlığı qurutmaq olmaz. Çünki onun suyu mütləq haradansa çıxmalıdır.Tikinti aparılan zaman buranın suyu kanallar vasitəsilə kənara axıdılmalı idi.Dünyanın hər yerində avtovağzallar şəhərin kənarına salınır.Bakıda isə Avtovağzalı gətirib şəhərə yaxın yerdə tikdilər.Çünki bu yeri Ziya Məmmədov istəyirdi. İndi də bina çat verir. Eləcə də, başqa binalar.Metronun “Sahil” stansiyasının üzərində hündürmərtəbəli binanın tikintisinin də təhlükəli olduğunu bildirmişdim.Bakıda indi ən təhlükəli ərazi “Sahil” metrosunun, “Alov” qüllələrinin ətrafıdır.Eləcə də dənizkənarındakı hündürmərtəbəli binalar təhlükə mənbəyidir.Əlbəttə ki, Baş planda bunlar Bakının ən gözəl əraziləri kimi qeyd olunacaq”.

Bakının amfiteatr formasında (dənizə yaxınlaşdıqca hündürlük azalır) olduğunu deyən memar bildirib ki, dəniz ətrafının yüklənməsi şəhəri fəlakətə aparır.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …