Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Bakılı erməninin oğlu Qarabağda nə vaxt şəhid olub?

Bakılı erməninin oğlu Qarabağda nə vaxt şəhid olub?

Rusiyanın “RİA Novosti” xəbər agentliyi bu günlərdə öz əməkdaşının Hadrut bölgəsinə səyahəti haqqında “Qarabağın Cənub qapısı” başlıqlı geniş məqalə yayımlayıb.

Agentliyin müxbiri Qaliyə İbrahimova Hadrut səfərindən əvvəl Maştağa kənd sakini, birinci Qarabağ müharibəsi zamanı oğlunu itirən etnik erməni Mariya Əliyeva-Karapetyanı ziyarət edib.

“Böyük oğlum Samir birinci Qarabağ münaqişəsində, Füzuli, Xocavənd və Hadrut uğrunda döyüşlərdə şəhid olub. On doqquz yaşındaydı. Əgər o yerlərdə olsanız, mənə heç olmasa oğlumun xatirəsinə kiçik bir daş parçası gətirərsiz” , – deyə Karapetyan müxbirə bildirib.

70 yaşlı erməni qadın şəhid oğlu barədə danışarkən onun Naxçıvanski adına hərbi liseyin məzunu olduğunu da xatırladıb.

Hazırda Maştağada yaşayan Mariya Yeqorovna ərinin azərbaycanlı olduğunu qeyd edib. O, erməni milliyətindən olduğuna görə heç vaxt azərbaycanlı qonşuları tərəfindən təpki görmədiyini də vurğulayıb.

“RİA Novosti” Mariya Əliyeva-Karapetyanın açıqlamalarını dərc edəndən sonra sosial şəbəkələrdə onun yalan danışdığı iddia olunub. Hətta bəzi KİV-lər Birinci Qarabağ Müharibəsində Samir Əliyev adlı şəhidin həlak olmadığı barədə yazılar da dərc edib.

Modern.az  mövzunun maraqlı ola biləcəyini nəzərə alaraq, araşdırma aparıb. Sabunçu rayon İcra Hakimiyyətindən bildirilib ki, Birinci Qarabağ Müharibəsi dövründə Mariya Əliyeva-Karapetyanın ailəsi indiki kimi Maştağada deyil, Suraxanı rayonunun Bülbülə qəsəbəsində yaşayıb.

Suraxanı rayon İcra Hakimiyyətindən isə bildirildi ki, doğrudan da Mariya Əliyeva-Karapetyanın oğlu Samir Əliyev hazırda da şəhidlər siyahısında yer alır.

Şəhid Əliyev Samir Yaftum oğlu 7 iyul 1975-ci il təvəllüdlü olub. O, 12 yanvar 1994-cü ildə şəhid olub. Şəhidin atası Əliyev Yaftum Gülmurad oğlu, anası isə Əliyeva Mariya Yeqorovnadır.

Ailə vaxtilə Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, ev 30 ünvanında qeydiyyatda olub.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …