Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Bakıdan köçmüş yəhudilərin kütləvi əks köçü başlaya bilər

Bakıdan köçmüş yəhudilərin kütləvi əks köçü başlaya bilər

Aleksander Şapiro Suliman: “Təbiidir ki, belə ölkəyə hamı qayıtmaq istəyər”

“Bu baxımdan da, buranı tərk etmiş yəhudilərin ölkəyə dönüşü tam mümkündür”

Azərbaycanda səfərdə olan Amerika Yəhudi Komitəsinin (AYK) nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirib. Komitədən verilən məlumata görə, görüşdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, Azərbaycan-İsrail münasibətlərinin inkişafında təşkilatın rolu, eləcə də Dövlət Komitəsi ilə AYK arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev qonaqları salamlayaraq, onlara Komitənin fəaliyyəti və dünyadakı yəhudi diasporu ilə sıx əlaqələri haqqında məlumat verib. Daha sonra Azərbaycandakı tolerantlıqdan danışan V.Hacıyev tarixən bu torpaqlarda müxtəlif xalqların və dinlərin nümayəndələrinin, eləcə də yəhudilərin qarşılıqlı anlaşma, hörmət şəraitində yaşadığını qonaqların diqqətinə çatdırıb.
Valeh Hacıyev Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ münaqişəsi barədə AYK üzvlərinə geniş məlumat verərək, münaqişənin həlli istiqamətində bəzi dövlətlər tərəfindən Azərbaycana qarşı ikili standartlar siyasətinin davam etdiyini təəssüflə qeyd edib. Bundan başqa, Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı informasiya müharibəsinin aparılmasının, qərəzli bəyanatların verilməsinin, ümumiyyətlə təzyiqlərin gücləndirilməsinin qəbuledilməz olduğunu deyib.
AYK nümayəndə heyətinin rəhbəri, “ACCESS” şirkətinin direktoru Aleksis Hillari Frankel isə, öz növbəsində, Azərbaycandakı qonaqpərvərlikdən və tolerantlıqdan məmnunluğunu ifadə edib. O bildirib: “Hazırda bütün dünyada, hətta Avropa və Amerikada yəhudilərə qarşı ikili standartlar siyasətinin davam etdiyi bir vaxtda müsəlman ölkəsi olan Azərbaycanda yəhudilərə göstərilən xoş münasibət təqdirəlayiqdir”.
A.H.Frankel azərbaycanlılarla yəhudilər arasında dostluq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu deyib: “Yəhudi icması ilə görüşdə bizə dedilər ki, Azərbaycandan İsrailə köçən bəzi yəhudilər geri qayıdır. Bu o deməkdir ki, onlar burda özlərini çox rahat hiss edir.”

Azərbaycandan köçən yəhudilərin ölkəyə qayıtması nəyin göstəricisi sayıla bilər?
Azərbaycan-İsrail Ticarət Evinin rəhbəri, xoşmərəmli səfir Aleksander Şapiro Suliman açıqlamasında Aleksis Hillarinin fikirlərinə hörmətlə yanaşdığını dedi.

Onun sözlərinə görə, Azərbaycanda yəhudilərə qarşı heç vaxt ayrıseçkilik olmayıb:

“Biz Azərbaycanda fəaliyyət göstərən iş adamları olaraq bu ölkədən tam razıyıq. Bu ölkədə yəhudilərlə azərbaycanlılar arasında daimi dostluq olub. Azərbaycanın heç bir kəndində, qəsəbəsində və ya şəhərində yəhudilərə qarşı ayrıseçkilik olmayıb. Çox tolerant olan bu ölkədə antisemitizmə misal çəkilə biləcək bir hal belə yoxdur. Yəhudilərin Azərbaycanı tərk etməsi ümumi proseslərin fonunda baş verib. Bu, daha çox, SSRİ-nin dağılması ilə bağlı idi. Həmin vaxt bütün respublikalarda iqtisadi böhran yaşanırdı.
Yəhudilər yalnız Azərbaycanı tərk etmədi. Belə yerdəyişmələr başqa sovet respublikalarında da oldu. Azərbaycandan İsrailə kütləvi yəhudi köçü də olmadı. Bu gün biz fərqli bir Azərbaycan görürük: yüksək inkişaf etmiş, modern, biznes üçün əlverişli bir ölkə. Təbiidir ki, belə ölkəyə hamı qayıtmaq istəyər. Bu baxımdan da buranı tərk etmiş yəhudilərin ölkəyə dönüşü tam mümkündür”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın