Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Bakıda “Qorxulu ev”ə havayı girmək istəyənlər basabas yaratdı

Bakıda “Qorxulu ev”ə havayı girmək istəyənlər basabas yaratdı

Bu gün 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Dənizkənarı Milli Parkda attraksionlar uşaqlara pulsuz xidmət göstərib. Maddi vəziyyəti yaxşı olmayan ailələrin övladlarını sevindirmək məqsədilə təşkil olunan aksiyada yaşı 16-ya qədər uşaqlar saat 10:00-dan 13:00-dək iştirak edə biliblər.

Aksiyada həmçinin “Pirat”, “Möcüzələr dünyası”, “Qüllə” attraksionları ilə yanaşı, üç uşaq qatarı, iki avtodrom, iki karnaval, uşaq pavilyonu, “Qorxulu Ev” və “Mirvari” gəzinti gəmisində də azyaşlıların ödənişsiz istifadəsinə şərait yaradılıb.

Virtualaz.org səhər saatlarından təşkil olunan aksiyasının gedişini izləyib. Qiymətləri adi vaxtda əksər ailələrin büdcəsinə uyğun olmadığına görə, uşaqları ilə birgə bulvara gələn əksər valideynlər pulsuz aksiyadan maksimum yararlanmağa çalışırdılar. Elə ən böyük izdiham da bileti bir nəfər üçün 5 manat müəyyənləşdirilən “Qorxulu Ev”in qarşısında idi. Valideynlərin sözlərinə görə, aksiyaya nisbətən erkən saatlarda qoşulanlar daha rahat keçə biliblər. Getdikcə isə növbə və basabas böyüklərin əsəb gərginliyinə səbəb olmuşdu. İstidə növbə gözləmək uşaqların da hövsələsini daraldırdı.

Amma qələbəlik təkcə “Qorxulu ev”in qarşısında deyildi, 3 dəqiqəsi 2 manat olan “Pirat” attraksionunun da qarşısında səs-küydən qulaq tutulurdu. Növbə gözləmək istəməyən valideynlər digər azyaşlıları ayaqlayaraq öz uşaqlarını irəli itələməyə çalışırdılar. Nəzarətçilər tez-tez böyükləri növbəyə və sakitliyə riayət etməyə çağırsalar da, faydası olmurdu. Xüsusən, yaşı aksiyaya uyğun olmayan yeniyetmələrin çoxluğu da izdihamı gərginləşdirirdi.

Eyni vəziyyət “Mirvari” gəzinti gəmisinin qarşısında da müşahidə olunurdu. Hətta valideynlərin başı pulsuz gəzinti üçün bilet almağa elə qarışmışdı ki, uşaqlarını da yaddan çıxarmışdılar. Atasını itirdiyindən hönkürtü ilə ağlayan balaca qızı yaxınlıqdakı polis əməkdaşı çətinliklə ovutdu. Lakin çox keçmədən uşağın valideyni tapıldı. Gəmi gəzintisinə uşaqlar tək buraxılmadığına görə burada elə uşaqların sayı qədər valideyn də var idi.

Aksiyanın bitməsinə 40 dəqiqə qaldığından gəmi sonuncu – beşinci reysini yerinə yetirəcəkdi. Bulvar İdarəsi əməkdaşlarının sözlərinə görə, saat 10-dan başlayan aksiya müddətində gəmi 4 reys həyata keçirib ki, hər reysdə də 450 nəfər iştirak edib.

Aksiyaya Bakının müxtəlif məktəblərindən şagirdlər də qoşulmuşdular. Gəmi turundan qayıdan Qobu qəsəbəsi, 3 saylı məktəbin 5 və 6-cı sinif şagirdləri çox məmnun görünürdülər. Aysel adlı məktəbli gəmiyə ilk dəfə mindiyini və çox sevincli olduğunu dedi: “Bizə müəllim dedi ki, pulsuz aksiya var, iki sinif – 5 və 6-cı sinif şagirdləri müəllimlə bura gəlmişik. 19 nəfərik, hamımız gəmi gəzintisindən, “Pirat”dan istifadə elədik. Çox sevinirik, çoxumuz gəmiyə birinci dəfədi minmişik”.

Məktəbli ilə söhbətimiz yarımçıq qaldı. “Tez ol, vaxt qurtarır, hələ o birilərinə də minməliyik”, – deyə sinif yoldaşları onu növbəti attraksiona tələsdirdilər.

Bulvardan məmnun görünənlərlə yanaşı narazılar da gözə dəyirdi. 3 uşağı və yaxınları ilə bulvara gələn Aygün Əzizova uşaqlarının çox çətinliklə yalnız bir attraksiondan istifadə edə bildiklərini dedi: “Səhər tezdən gəlmişik, uşaqlar ancaq bir attraksiondan istifadə eləyiblər. Özünüz də görürsünüz də, növbə, basabas… Gördük heç gözləməyin mənası yoxdur, növbə qurtarmır, onsuz da bizə vaxt çatmayacaq”.

Vaxtın bitməsinə az qaldığı üşün növbə gözləməkdən bezib attarksionlardan pulsuz yararlanmaq niyyətindən daşınanlar da bir ucdan artırdı…

 

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …