Azinforum.az-ın Novosti.az-a istinadən xəbərinə görə, əməliyyat zamanı “Royal”, “Tramadol”, “Tramal”, “Paden” və “Lirika” adlı güclü təsirə malik dərmanların reseptsiz satıldığı aşkarlanıb. Ən dəhşətlisi odur ki, bu preparatlar əsasən yeniyetmələrə satılıb.

Yasamal rayonu, Şərifzadə, 148-də yerləşən “Best Pharma” aptekinin əczaçısı həbs olunub, direktoru isə qaçıb, hazırda o, axtarışa verilib. Digər bu kimi apteklər isə öz qanunsuz funksiyalarını dayandırmağa məcbur olub. Saytın apardığı müşahidələr əsasında Zığ prospektində “Nargilə” dairəsi adlanan yerdə yerləşən aptekin təmirə bağlandığı məlum olub. Şahidlərin sözlərinə görə, həmin aptekdə uzun müddət psixotrop maddələr qanunsuz şəkildə satılırmış.

Hüquq-mühafizə orqanlarının apardığı tədbirlər nəticəsində aptek mafiyası çöküb, problem öz həllini tapıb. Amma…Hazırda Yeni Yasamal yaşayış massivində binaların keçidində bu cür dərmanların istifadə olunmuş kağızlarına rast gəlinir. Qeyd edək ki, sözügedən biznes aptek mafiyasına maddi cəhətdən fayda gətirirmiş. Tədqiqatlar zamanı məlum olub ki, bu dərmanların gətirilməsi, aptekdə toplanması və satışa verilməsi, o cümlədən onlardan gələn gəlir ayrıca toplanırmış. Bu dərmanlar aptek rəhbərliyi tərəfindən ayrıca yerdə qorunurmuş. Araşdırmalar zamanı məlum olub ki, bu cür dərman vasitələrinin satışı 40 min manatdan artıq gəlir gətirirmiş. Gündəlik gəlirə gəldikdə isə.. Məlum olub ki, belə maddələrin bir qutusu 20 azn-ə satılırmış. 40 min manat gəlir də məhz gətirilən 2 minə yaxın qutunun qanunsuz şəkildə satışından əldə edilib.

Əgər hər yeniyetmə günə iki qutu alırsa, gün ərzində minlərlə oğlan və qızın psixotrop maddələrdən asılılığını söyləmək olar.

Hazırda bu istiqamətdə əməliyyat tədbirləri davam etdirilir. Bu apteklərin arxasında dayanan digər şəxslərin istintaqa cəlb edilməsi istiqamətində iş aparılır. Ümid edirik ki, bu problem birdəfəlik öz həllini tapacaq.