Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Bakıda işbazlar mənzil bazarını belə silkələyir… – XƏBƏRDARLIQ

Bakıda işbazlar mənzil bazarını belə silkələyir… – XƏBƏRDARLIQ

Azərbaycanın mənzil bazarındakı mövcud durumu və bu bazarla bağlı gözləntiləri Musavat.com-a daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadə şərh edib.

Ekspert bildirib ki, ötən ilin 3-cü rübündən etibarən mənzil bazarında 15-20 faizə qədər artım müşahidə olunurdu:

“Hətta bəzi seqmentlər üzrə, xüsusilə də köhnə mənzil bazarında qiymətlər qalxmışdı. Dekabrdan etibarən stabillik hökm sürür. Bu hal Azərbaycanda ənənəvi xarakter daşıyır. Real qiymətlə təklif bazarda azlıq təşkil edir. Amma şişirdilmiş qiymətlərlə təklif olunan mənzillər daha çoxdur. Qiymətlər daha çox maklerlər, rieltorlar vasitəsilə bazara ötürülür. Bu dövrdə spekulyativ yanaşma ilə bazara təkliflər artır. Çünki bir ajiotaj yaranır ki, qiymətlər qalxır, bundan istifadə edənlər də mənzilləri real olmayan qiymətlərlə bazara daxil edirlər. Amma faktiki olaraq həmin mənzillər satılmır. Burada məqsəd satış olmur. Bazara real qiymətlə təklif olunan mənzillər isə demək olar ki, alınır.

b26ba30b-0057-481c-87ba-d4718188c674_850.jpg (141 KB)

Təkliflər tədricən azalandan sonra qiymətlərdə bir qədər də artım ola bilər. Bu artıma təsir edən amillərdən biri odur ki, 2014-2015-ci illərdən fərqli olaraq hazırda yeni çoxmənzilli binaların tikintisi bir qədər azalıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tələblərinin sərtləşməsi ilə əlaqədar qiymətlər bir qədər artıb. Amma bunu kompensasiya edən digər məsələlər də var. Son dövrlər bəzi iş adamları çoxmərtəbəli binalar deyil, 4-5 mərtəbəyə qədər olan, fərdi yaşayış evi altında apartman tipli binalar tikirlər və bazara bir qədər ucuz qiymətə daxil edirlər. Mənzillərin real bazar dəyəri 1500-1800 manat aralığındadırsa, bazara 1200 manata apartman tipli mənzillər də çıxarılır. Həmin mənzillər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi vasitəsilə deyil, rayon icra hakimiyyətində fərdi yaşayış evi adı altında sərəncamlar alıb. Əslində, çoxmənzilli binada 25-30 mənzil olur. Ucuz mənzillər bazara təsirsiz ötüşmür. Qiymətlərin bahalaşmasını fürsət hesab edən bəzi sahibkarlar bu vəziyyətdən istifadə edirlər. Çoxmərtəbəli binalarda qiymətlər Bakıda 1200 manatdan başlayır, bir qədər kənarlarda isə 1000 manatdır (məsələn, Qaradağ rayonu). Şəhərin mərkəzində (birinci zonada) – Səbail, Nəsimi, Nərimanov rayonlarında bu qiymətlər 2500-5000 manat arasında dəyişir. Xüsusi elit binalar var ki, orada 5000 manatdan da yuxarıdır. Amma çoxmənzilli binalar üçün orta qiymət 1500-2500 manat arasındadır.

ev.PNG (1.85 MB)

Ramil Qasımzadənin sözlərinə görə, qiymətlər daha çox təkrar mənzil bazarında artıb:

“Çünki xüsusilə “Leninqrad”, “Kiyev” layihəli binalar ipotekaya yararlı mənzillərdir. Hazırda 1 otaqlı “Kiyev”, “Leninqrad” layihəli binalarda qiymətlər 85 min manat, 2 otaqlılar 100 min manat, 3 otaqlılar isə 110 min manat üzərindədir. Metroya yaxınlığı ilə seçilən mənzillərin qiyməti isə 10-15% artır. “Xruşov” layihəli binalarda 1 otaqlı mənzillərin qiyməti təxminən 55 min manatdan, 2 otaqlılar 75 min manatdan, 3 otaqlılar isə 90 min manatdan başlayır.

Qiymətlərin sabit qalması arzuolunandır. Amma müşahidələr bunu deməyə əsas verir ki, əmək haqlarının artımı, iş və xidmətlərin qiymətinin artımı, məhsulların bahalaşması mənzil bazarına bir müddət sonra təsir göstərən amillərdəndir. Qiymətlərin tədricən artacağı gözlənilir”.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …