Azərbaycan Yazıçılar Birliyindən (AYB) Azinforum.az-a verilən məlumata görə, Natəvan klubunda Güney Azərbaycan şairlərinin şeirlərindən ibarət antologiyanın təqdimat mərasimi keçirilib. AYB və Avrasiya Sənət Kültür Elm və Ədəbiyyat Federasiyasının (ASKEF) birgə layihəsi olan “Adın azadlıqdır” adlı antologiya tanınmış söz adamı, şairə-publisist Nurəngiz Günün xatirəsinə həsr edilib.

Tədbirdə Milli Məclisin deputatları Qənirə Paşayeva, Əflatun Amaşov, Jalə Əliyeva, elm və mədəniyyət xadimləri və mətbuat nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə AYB-nin Güney Azərbaycan şöbəsinin müdiri Sayman Aruz açıb. Sonra millət vəkili Qənirə Paşayeva Güney Azərbaycan şeir antologiyasının əhəmiyyətindən danışıb, bu kitabın daha geniş şəkildə cəmiyyətə çatdırılmasının, təhsil ocaqlarında təbliğatının, gənclərin o taydakı ədəbiyyatımızı, nəsrimizi tanımalarının vacibliyini vurğulayıb.

Mərhum şairənin qızı, Milli Məclisin deputatı Jalə Əliyeva çıxış edərək, antologiyanın Nurəngiz Günə həsr olunması ilə bağlı minnətdarlığını bildirib. Xüsusilə, layihənin rəhbəri və tədbirin təşkilatçısı Sayman Aruza təşəkkür edib.

Mərasimdə N. Gün haqda çoxlu fikirlər səsləndirilib, əsərlərindən, eləcə də yüksək insani keyfiyyətlərindən danışılıb.

Məlumat üçün deyək ki, antologiyaya Güney Azərbaycanda yazıb-yaradan gənc və orta ədəbi nəslin istedadlı nümayəndələrinin şeir örnəklərindən xüsusi seçmələr daxil edilib. 197 səhifədən ibarət nəfis tərtibatlı antologiyada Alma Muğanlı, Aydın Araz, Bulud Muradi, Duman Ərdəm, Elşən Böyükvənd, Elyad Musəvi, Əli İqdam, İrəc İmami, Nadir Ocaği, Nəsim Cəfəri, Pınar Salmaslı, Ramin Cahangirzadə, Rəhim Əsgərzadə Təkin, Rəna Zare, Saman Nuri, Səhər Barani, Solmaz Məmmədrzayi, Vahab Hacızadə, Vəhid Məlek və digər gənc simalarla yanaşı, orta nəsli təmsil edən yazarların da yaradıcılığından nümunələr yer alıb.

Antologiyaya daxil edilən şeirlər mövzu və məzmun baxımından rəngarəngdir. Burada hər bir müəllifin əsəri ilə yanaşı, fotoları və haqqında qısa məlumat da verilib.

Qeyd edək ki, bu kitab Güney Azerbaycan ədəbiyyatı seriyasından çap olan sayca 20-ci kitabdır.