Ana səhifə / Cəmiyyət / Bakı Slavyan Universitetinin yeni rektorundan əcaib qərar –  46 illik mozaikanı sökdürdü

Bakı Slavyan Universitetinin yeni rektorundan əcaib qərar –  46 illik mozaikanı sökdürdü

Bakı Slavyan Universitetinin fasadındakı mozaikanın sökülməsi ilə bağlı məsələyə aydınlıq gətirilib.

Universitetin rektor əvəzi Əbülfəz Nağıyevin AzNews.az-a verdiyi açıqlamaya görə, mozaika, daşların tökülməsinə görə sökülür. O, sözügedən mozaikanın heç bir tarixi əsasının olmadığını və daşların keyfiyyətini itirdiyini deyib: “Əvvəla o mozaikanın heç bir tarixi əsası yoxdur. Mozaikanın daşları tökülürdü, buna görə də sakinlər də bizə şikayət edirdi, tələbələr də. Elə hallar olub ki, mozaikadan qopan daş tələbələrdən kiminsə başına düşüb və o, xəstəxanaya yerləşdirilib. Sakinlər tələb edirdilər ki, məsələyə bir əncam çəkin. Buna görə də tökülə-tökülə gedən bu daşların tamamilə sökülməsi barədə qərar qəbul edildi”.

“Mozaika restavrasiya oluna bilməzdimi?” sualına isə Əbülfəz Nağıyevin cavabı belə olub: “Restavrasiya etmək mümkün deyildi. Çünki aşağı hissəsi çox dağılmışdı. Amma mozaikanın bir hissəsi – yuxarı hissəsi saxlanılacaq. 46 il idi o mozaika orada quraşdırılmışdı. Sovet ideologiyasından qalma bir şey idi. Məlumatı bilməyənlər şişirdirlər ki, guya tarixi mozaika idi. Tarixi abidəni sökərlər? Ondan Nizami muzeyində də var idi, bağçalarda da, hamısını sökdülər. Sökürlərsə deməli, sökülməli idi. Qərar elə-belə verilməyib”.

Rektor əvəzi bildirib ki, sökülən mozaikanın yerində yeni layihə işlənəcək: “İndi həmin hissə üçün Azərbaycanın özünün şərq ornamentlərinə uyğun yeni bir arxitektura proyekt işlənir. Hətta proyektdə Şirvanşahlar sarayının şəbəkələrindən də istifadə olunacaq. Mozaika olmayacaq, lakin aqlay daşından yeni bir kompozisiya salınacaq”.

Qeyd edək ki, BSU-ya yeni təyin edilmiş rektor Nurlana Əliyeva universitetin giriş hissəsinin fasadında olan mozaikanın sökülməsiylə bağlı göstəriş verib. Bu söküntü tələbələr və vətəndaşlar tərəfindən ciddi etirazla qarşılanıb.

Onu da bildirək ki, BSU üzərində həkk edilmiş həmin mozaikada Azərbaycanın tanınmış şair və yazıçıları təsvir edilmişdi.

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …

Bir cavab yazın